Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:18

Heydər Əliyevin doğum günündə qolsındırma?


Astara gömrük keçid məntəqəsi
Astara gömrük keçid məntəqəsi

Cəlilabad sakini Əlniyaz Əliyev bu il mayın 10-da Biləsuvar gömrüyündə qolunun sındırıldığını deyir

Cəlilabad sakini Əlniyaz Əliyev AzadlıqRadiosuna danışır ki, bu il mayın 10-da - İrandan qayıdarkən, Biləsuvar gömrüyündə qolu sındırılıb. Özü də qolunu sındıran gömrük işçiləri olub:

“Gömrük işçiləri vətəndaşlarla olduqca kobud davranır, adamları çox incidirlər. Nə qadın bilirlər, nə uşaq... Bu il mayın 10-da - İrandan qayıdarkən, yenə Biləsuvar gömrüyü qarışmışdı. İrandan ölkəyə keçənlərin gətirdiyi əşyaları əllərindən alıb kənara atır, özlərini təhqir edirdilər. Mən də etirazımı bildirdim. Dedim, bu gün Heydər Əliyevin ad günüdür, heç olmasa bu gün o kişinin ruhuna xatır, adamları incitməyin. Gömrüyün sonradan adlarını bildiyim Namiq və Famil adlı iki işçisi üstümə cumdu. Dedilər, nə var burda siyasi söhbətlər aparırsan, camaatı qızışdırırsan, Heydərin də, sənin də...”

“Sağ qolumu 2 yerdən qırıblar”

Ancaq qovğa bununla bitməyib. Əlniyaz Əliyevin dediyinə görə, gömrük işçiləri onun sağ qolunu iki yerdən sındırıblar:

Foto: arxiv
Foto: arxiv

“Qolumu buraraq sındırdılar. Əynimdəki köynəyimi cırıq-cırıq elədilər. Küçə söyüşünün biri də 1 qəpik... İş o yerə çatdı ki, gömrük postunun rəisi özünü yetirdi. İşçilərinə acıqlandı ki, “bu adamı niyə bu günə qoymuşunuz?”. Namiq adlı işçi rəisi aldatdı ki, “bu adam bizim üstümüzə “lezva” çıxarıb”. Düzü, rəis tanış adamdır və hörmətim var deyə, əvvəl şikayət etməkdən vaz keçdim. Ancaq bu yaxınlarda – yenə İrandan qayıdanda həmin işçilərdən biri məni adamların yanında aşağılamağa çalışdı. Məni adamlara göstərib, gülərək dedi, “qəhrəman gəlir”. Sonra da “gəl, gəl keç, nə qədər istəsən yük keçir, sənə olar”. Mən bunu özümə təhqir saydım”.

Yarım ildən sonra şikayətin səbəbi

Qısası, Əlniyaz Əliyev qərara gəlib ki, yarım ildən sonra həmin gömrük işçilərindən şikayət etsin. Çünki 6 ay əvvəl sındırılmış qolu ona gecə və gündüz əziyyət verir:

“Gömrüyün işçiləri məni konkret şikəst qoyublar. Gecələri yata bilmirəm. Bir dəfə maraqlanmadılar ki, a kişi, sən şikayətçi olmadın, heç olmasa, qolunun vəziyyəti necədir, bəlkə bir kömək lazımdır. Kaş, elə vaxtında müraciət edəydim. Orda kamera var, baş verənlər də kameraya düşüb".

Hüquqşünas Vaqif Əliyev
Hüquqşünas Vaqif Əliyev

​Əlniyaz Əliyev sınmış qolunun tam müalicəsinə və əvvəlki vəziyyətə qaytarılmasına yardımçı olmasalar, hər iki gömrük işçisindən rəsmi qurumlara şikayət edəcəyini deyir.

Gömrük təkzib edir

Biləsuvar gömrük-keçid məntəqəsindən “Qaynar xətt”ə hadisəni təkzib ediblər.

Çıxış yolu

Hüquqşünas Vaqif Alıyev deyir, xəsarət qalıbsa, hadisəni təsdiqləyəcək şahidlər, hadisəni aydın göstərən hər hansı foto-videogörüntü varsa, Əlniyaz Əliyev istənilən vaxt hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

XS
SM
MD
LG