Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:26

Rəis: 'Bu dəfə 30 sutkayla qurtardınız, gələn dəfə başqa şeylər olar'


Elmir Məmmədov (Təhmin)
Elmir Məmmədov (Təhmin)

“Anama, bacıma işdə, universitetdə təzyiq göstəriblər, özümü işdən çıxarıblar”

Divarlara şüar yazdığına görə noyabrın 6-da 30 sutka inzibatı həbs cəzası alan “NİDA” Vətəndaş Hərəkatının üzvü Elmir Məmmədov (Təhmin) dekabrın 6-da azadlığa çıxıb. Onunla bərabər gənc fəal Tapdıq Məmmədov da saxlanmış və eyni inzibatı cəzanı almışdı.

Elmir Məmmədov AzadlıqRadiosu-na başına gələnləri danışır:

- Mən və Tapdıq Məmmədov şəhərin bəzi küçələrinə şüar yazmışdıq: “NİDA”-çılara azadlıq!”, “Free Bayram”, “Free Qiyas”, “Əliyev, rədd ol”. Şüarları yazıb qayıdarkən, 3 nəfər mülkigeyimli şəxs bizi saxladı. Onlar bizi Gəncənin Nizami rayon Polis Şöbəsinə apardılar. Əvvəlcə mülayim davrandılar, sonra ayrı-ayrı otaqlarda izahat aldılar. Ancaq bundan sonra təzyiq göstərməyə başladılar.

Buna da bax:​ Gəncədə saxlanan gənclərdən xəbər var

- Təzyiq deyərkən, nəyi nəzərdə tutursunuz?

- Şillə, təpik vururdular. Döyür və arada sual verirdilər: “Sizi kim maliyyələşdirir? Nə qədər pul almısan? Sənə bu göstərişi kim verib?”. Mən dəfələrlə bildirdim ki, heç kimdən nə pul, nə də göstəriş almışam. Onlar buna inanmadılar. Yenə təzyiq göstərdilər, təxminən yarım saat, 40 dəqiqə döydülər. İzahatı verdik və sonda “Peşman deyilik” yazdıq. Səhərəcən polis şöbəsində qaldıq. Səhər rəis gəldi, bizi onun yanına apardılar. O da bizə təzyiq göstərdi.

- Təzyiq deyərkən...

- Döydü. Tapdıq aldığı şillədən sonra yerə yıxıldı və rəis onu yerdə təpikləməyə başladı. Tapdığın başı divara dəydi, alnında şiş yarandı. Məni də döydü... Arada sual verirdi. Maliyyə ilə bağlı sualda cavabıma inanmadı, saçımdan tutub masaya çırpdı. Axşamacan orda qaldıq. Axşam Nizami rayon Məhkəməsinə aparıldıq, orda da Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları üzümüzə durdular. Bizi şərlədilər ki, guya onların əmrlərinə tabe olmamışıq. Hakim də bizi 30 sutka azadlıqdan məhrum etdi.

Buna da bax: Gənc fəallar polisə tabe olmamaqda günahlandırılıb

- Şüarları hara yazmışdınız?

- İki qəsəbədə divarlara, bir də parkda yazmışdıq.

- Niyə bu şüarları yazmışdınız? Məqsədiniz nəydi?

- Tam vicdan məsələsiydi. Bizim Bakıda dostlarımızı şərləyib tutdular. Tapdıqla oturub fikirləşdik ki, biz nəsə etməliyik.

- Sizə polis idarəsində fiziki təzyiq göstərildiyini söylədiniz. 30 gün cəza alandan sonra da təzyiqlər davam edirdi?

- Müvəqqəti saxlama yerində psixoloji basqılar oldu. Rəis bizi yanına çağırıb deyirdi: “Sizi məhv edəcəklər, özünüzə yazığınız gəlsin”. Ən çox verilən sual da bu idi: “Sizə kim pul verir? Nə qədər pul alırsan?”.

Buna da bax:​ 'Bizə dedilər ki, dövlət əleyhinə şüarlar yazdıqları üçün tutublar'

- Azadlığa buraxılanda necə, nəsə xəbərdarlıq edildi?

- Biz çıxanda Nizami rayon Polis Şöbəsinə apardılar. Bu dəfə rəis təzyiq-filan göstərmədən dedi ki, ağlınızı başınıza yığın, dövlətlə dövlətçilik etməyin, bu dəfə 30 sutkayla qurtardınız, gələn dəfə başqa şeylər olar.

- Etdiklərinizə görə peşmansınız?

- Peşman deyiləm. Ola bilsin, bir müddət siyasi fəaliyyətimə ara verim. Amma NİDA-da qalacağam, buranın üzvüyəm.

- Zavodda işləyirsiniz, deyəsən?

- İşləyirdim, artıq çıxarıblar. Anama iş yerində, bacıma ali təhsil aldığı universitetdə təzyiq göstərilib. Anama deyiblər: “Oğlunuz vətən xainidir”. Klassik təzyiq formaları...

Buna da bax: Müsavat: 'Gənclərin həbsi repressiya aktıdır'

- Həbsdən yeni çıxmısınız, söhbəti yekunlaşdıraq. Bir sözünüz var?

- Bizə dəstək göstərən hər kəsə dərin təşəkkürümü bildirirəm.

XATIRLATMA

Elmir Təhmin 23 yaşındadır, Gəncə Texniki Kollecini bitirib. Həbs edilənədək zavodda fəhləlik edirmiş. İki ildir “NİDA”-nın üzvüdür.

Rəsmi məlumatda deyilir ki, Gəncə şəhərində saxlanan gənc siyasi fəallar - Tapdıq Məmmədov və Elmir Məmmədov (Təhmin) polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirləndirilərək inzibati həbs cəzası alıblar. Məhkəmənin qərarına görə, polis əməkdaşları onları noyabrın 6-da boya ilə divarları yazarkən saxlayıblar. Gəncləri Nizami rayon Polis Şöbəsinə dəvət ediblər. Ancaq bundan imtina edərək polisin qanuni tələblərinə əməl etməyiblər. Məhkəmə onlara 30 gün inzibati həbs cəzası kəsib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG