Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:06

Sentyabrın 27-də mediaya açıqlamalar verən maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının (AMB-nin) sədri Elman Rüstəmov manatın məzənnəsindən, dollar kreditlərindən danışıblar. Bank məsələləri eksperti Əkrəm Həsənov AzadlıqRadiosuna həmin fikirləri şərh edib. Ə.Həsənovun E.Rüstəmovun «Bu gün başlıca məsələ məzənnə deyil» açıqlamasına münasibəti belədir:

– İllər boyu ekspertlər deyirdi ki, məzənnəni süni saxlamaq lazım deyil, qoy bazar tənzimləsin. Əsas inflyasiyadır, onunla mübarizədir. AMB haqqında qanuna görə, qiymətlərin sabitliyi onun əsas məqsədidir. Bunun əvəzinə yapışmışdı məzənnədən. İndi isə deyir ki, məzənnə əsas deyil. Gecikmiş etirafdır.

– Maliyyə naziri Samir Şərifov deyir ki, xarici valyutada krediti olanlara yardım etmək dövlətə çətindir. Sual yaranır: Beynəlxalq Banka yardım edilən milyardlara niyə çətinlik yaratmadı?

– Maliyyə naziri əvvəllər də deyirdi ki, dövlət borclulara kömək etməməlidir. Banklar ötən illər ərzində xeyli gəlir əldə edib, indi də buyurub zərərin bir qismini üzərilərinə götürsünlər. Əslində, maliyyə naziri, sadəcə, banklara kömək etmək istəmir. Çünki problemli kreditlərin əksəriyyəti, onsuz da, artıq batıb və heç vaxt qayıtmayacaq. Düzdür, banklar hədə, məhkəmə və sair yollarla qaytarmağa cəhd edir, amma əksəriyyəti qayıtmayacaq. Nəticədə bir sıra bank çökəcək. Maliyyə naziri də onlara kömək etmir. Nəticədə bir sıra borclu da əziyyət çəkəcək. Beynəlxalq Banka isə ona görə kömək edir ki, dövlət bankıdır və iri bankdır, çöksə, bütün sistem çökəcək.

– AMB sədri deyir ki, valyuta hərracına kifayət qədər valyuta çıxarılır. Düzdür, son 2-3 hərracda, rəsmi məlumata görə, təklif tələbi üstələyib. Bu vəziyyətdə dollar ehtiyacının ödəndiyini demək olarmı?

– Avqust-sentyabr aylarındakı «Qara bazar» əməliyyatından sonra əhalidə və sahibkarlarda manat həcmi azalıb. Yüksək məzənnə ilə dollar aldılar, indi də aşağı məzənnə ilə manat almağa məcburdurlar. Əməliyyatın məramı da elə bu idi. Bununla da dollara tələbat nisbətən azalıb, amma aradan qalxmayıb. Banklar yenə də xeyli dollar alır və yüksək məzənnə ilə satır. Deməli, sadəcə, fasilə yaranıb. İlin sonuna manat kütləsi yenə artacaq, ödənişlər anı gələcək, dollara tələbat yenə xeyli artacaq.

– Elman müəllim həmçinin deyir, manatı kəskin devalvasiya gözləmir. Ancaq manatın məzənnəsini müəyyən etməyin çətin olduğunu da söyləyib...

– Elman müəllimə inanmaq olmaz. Təcrübə də bunu göstərir. Hər bir halda, bu sözlərini belə başa düşmək olar ki, devalvasiya olacaq, amma tədricən. Yəqin ki, elə belə də olacaq. Amma kəskin devalvasiya ssenarisi də həmişə gündəmdədir.

Buna da bax-İlin ən qorxunc sözü - devalvasiya...

Günün bütün mövzuları

XS
SM
MD
LG