Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:05

Bir neçə ölkənin alimlərindən ibarət tədqiqat qrupu ilk dəfə olaraq cazibə dalğalarının qeydə alındığını elan edib

LİGO Scientific Collaboration adlı beynəlxalq layihəyə daxil alimlərin qrupu iki rəsədxana-detektorun vasitəsilə laboratoriya şəraitində qravitasiya-cazibə dalğalarını ilk dəfə müşahidə ediblər.

Alimlər ABŞ-da Luiziana və Vaşinqtonda yerləşən iki lazer-interferometrik qravitasiya-dalğa rəsədxanasında (Laser Interferometer Gravitational-Wave Observatory - LIGO) qeydə alınan məlumatların təhlili ilə məşğuldurlar.

LİGO layihəsinin keçirdiyi mətbuat konfransında deyilib ki, 2015-ci il sentyabrın 14-də qravitasiya dalğaları əvvəlcə bir, 7 millisaniyədən sonra isə ikinci rəsədxanada qeydə alınıb.

Bu hadisə 1, 3 milyard il əvvəl baş verib

Əldə edilmiş informasiyanın təhlili göstərib ki, cazibə dalğaları kütlələri Günəşin kütləsindən 29 və 36 dəfə çox olan iki qara dəliyin toqquşması nəticəsində yaranıb.

Luiziana və Vaşinqtondakı rəsədxanalar

Luiziana və Vaşinqtondakı rəsədxanalar

Bu hadisənin ehtimalən 1, 3 milyard il bundan əvvəl baş verdiyi düşünülür. Siqnal Yer planetinə Magellan buludları tərəfindən gəlib.

Bir çox alimlər kəşfin böyüklüyünü daha çox insana başa salmaq üçün ən sadə bənzətmələrdən istifadə etməyə çalışırlar.

Onlar zaman və kainat içindəki “gözəgörünməz ləpələrdən” danışırlar və deyirlər ki, bəşəriyyət bu vaxta qədər kainatın “səsini” eşidə bilmədiyi üçün “kar” idi.

Hadisə ilə bağlı keçirilən mətbuat konfransında Luiziana Dövlət Universitetinin fiziki Gabriela Gonzales deyib ki, bu “astronomiyada yeni eranın başlanğıcıdır”.

“Civiltiyə bənzər uğultu”

Başqa bir fizik – Kip Thorne isə daha sadə dildə danışmağa çalışıb: “İki dəliyin toqquşmasandan yaranan bu dalğalar kainatın və vaxtın toxumasında güclü qasırğaya səbəb olub. Bu qasırğanın içində vaxt gah sürətlənib, gah da yavaşıyıb, sonra yenidən sürətlənib. Bu qasırğa, kainatı gah elə, gah da belə əyib”.

Cazibə dalğalarını qoşa neytron ulduzları da yaradır

Cazibə dalğalarını qoşa neytron ulduzları da yaradır

Mətbuat konfransında iki rəsədxanada alınmış dalğaların və ya ləpələrin “səsi”, eşidilən audiosəsə çevrilib və nümayiş etdirilib. Səsi “civiltiyə bənzəyən uğultu/xışıltı” kimi təsvir edirlər.

"Biz bu kəşflə astronomiyada istifadə ediləcək yeni alətin şahidi oluruq” – deyib Massaçussets Texnoloji İnstitutunun astrofiziki Nergis Mavalvala.

O deyib ki, insan oğlu bu vaxtadək kainatı görürdü, indi isə onun səsini də eşidir.

Alimlər deyirlər ki, qravitasiya dalğarının və ya cazibə ləpələrinin kəşfi qara dəliklər və neytron ulduzları kimi mübhəm fəza obyektlərinin daha yaxşı qavranması imkanını verib.

Kainatdan gələn dalğalar üçün maneə yoxdur

Tədqiqatçılar deyirlər ki, kainatın dalğaları elektromaqnit dalğalarından o qədər fərqlidir ki, onların kəşfi insanlara kosmosun sirlərini açmaqda kömək edəcək.

Alimlər deyirlər ki, indiyədək insanın kosmos barədə bütün bilikləri elektromaqnit dalğalarına – radio dalğalarına, gözlə görünən işığa, infraqırmızı işığa, rentgen şüalarına və qamma şüalara əsaslanırdı.

Bu dalğaların hamısı interferensiyaya uğrayır, yəni maneələrlə toqquşurlar.

Lakin qravitasiya dalğaları üçün belə maneə yoxdur. Bu isə bəşər oğlu üçün tamamilə yeni bir bilikdir.

Sadə dildə bu o deməkdir ki, işıqdan qaranlıq otaqda, səsdən hermetik kamerada “gizlənmək” mümkün olduğu halda, cazibə dalğalarından gizlənmək mümkün deyil.

Zamanı əyən qüvvə

Einstein hələ 1916-cı ildə özünün nisbilik nəzəriyyəsi əsasında cazibə dalğalarının mövcud olduğu barədə fərziyyə irəli sürmüşdü.

Bu, materiyanın mövcudluğuna görə kainatın və zamanın “təhrif” olunması kimi izah edilmişdi.

1970-ci illərdən başlayaraq alimlər belə bir halın mövcud olduğunun dolayısı ilə subutlarını aşkar etmişdilər.

Yerdə qeydə alınmış dalğaların son dərəcə zəif olmasına baxmayaraq onların gəldiyi qara dəliklərdə materiya o qədər böyük və sıxdır ki, hətta işıq fotonları da bu cazibədən qaça bilmir.

Bu o qədər böyük kəşfdir ki, alimlər onu hələ ötən ilin sentyabrında etsələr də, yalnız bu gün elan ediblər.

ABŞ hökumət qurumu olan Milli Elm Fondu bu kəşfə 40 ildə 1, 1 milyard dollar xərcləyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG