Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:43

Qarabağ əlili: "Heç olmasa, şəhidlərin "qan pulunu" ödəsinlər"


Firidun Məmmədov

Firidun Məmmədov

►“Bizim sığorta haqlarımız elə bil Bermud üçbucağına düşüb”

"Bu problemi neft 150 dollara olanda da həll etmədilər"

Atəşkəs müqaviləsi bağlanana qədər, Qarabağ döyüşlərində yaralanan və həlak olanların ailə üzvlərinin bəziləri hələ də suğorta pullarını ala bilməyiblər.

Azərbaycanla Ermənistan arasında bağlanan atəşkəs müqaviləsindən isə düz 21 il 8 ay keçir. Bu məsələni Qarabağ əlilləri, həlak olanların ailə üzvləri dəfələrlə gündəliyə gətirsələr də, problem həll edilməmiş qalır.

Bugünlər yenidən bu məsələ ilə bağlı narazılıqlar eşidilməkdədir.

Elə “Vətən Müharibəsi Əlilləri” ictimai birliyinin sədri Firidun Məmmədov da bununa bağlı Azadlıq Radiosunun suallarını cavablandırır:

- Firidun bəy, bu məsələ niyə indiyə qədər həll edilməmiş qalır?

- Bizə də aydın deyil. Bu məsələni heç neftin bir bareli 149 dollara olanda da həll etmədilər. Dəfələrlə bu məsələni hakimiyyət orqanlarının qarşısında qaldırmışıq. Hətta bununla bağlı Konstitusiya Məhkəməsi qərar da verib. Qərarda bizim haqlı olduğumuz göstərilirdi və Milli Məclisə tapşırılırdi ki, bunula bağlı təlimat hazırlasın. Ancaq yenə sığorta pullarını vermədilər. Biz bundan sonar dəfələrlə Milli Məclisdə olmuşuq. Şəxsən mən Milli Məclisin sədr müavini Ziyafət Əsgərovla görüşmüşəm.Ancaq məsələ hələ də açıq qalır… (Ardı aşağıda)

- Bəs sizə nə deyirlər?

- Qalmışıq 3 qurumun arasında.Konstitusiya Məhkəməsinin, Milli Məclisin və “Azərsığorta”nın arasında. Elə bil Bermud üçbuğağına düşmüşük. Konstitusiya Məhkəməsi deyir ki, mən qərarımı vermişəm, Milli Məclisdən də ya deyirlər ki, gözləyin məsələ həll olunacaq, ya da bildirirlər ki, bu məsələnin necə həll olunacağı hələ tam aydınlaşmayıb. “Azərsığorta” dan da deyirlər ki, məsələ bizlik deyil…

- Firidun bəy, bu məsələ təqribən nə qədər insanı əhatə edir və sığortanın məbləği nə qədərdir?

- Hardasa 3-4 min Qarabağ əlilinin və bundan bir qədər çox şəhidin sığorta pulundan söhbət gedir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla Qarabağ müharibəsində şəhid olanın ailəsinə 11 min manat pul düşür. Birinci qrup Qarabağ əlillərinə 8 min 800, ikinci qrup Qarabağ əlillərinə 6 min 600, üçüncü qrup Qarabağ əlillərinə də 4 min 400 manat sığorta pulu verilməlidir. Bu nə qədər puldur ki, bunu bu qədər uzadırlar?

- Firidun bəy, bundan sonra bu məsələnin müsbət həll olunacağına inanırsınızmı? Dediyiniz kimi neftin bir bareli 149 dollara olanda bu məsələ həll olunmadı?

- Əslində, biz də hökümətimizin indiki vəziyyətini nəzərə alırıq. Ona görə də kütləvi aksiyalar keçirmək niyyətində deyilik. Ancaq öz haqlarımızdan da keçmək niyyətində deyilik. Heç olmasa ilk növbədə şəhid ailərərinə sığorta pulları verilsin, biz əlillər bir qədər də gözləməyə hazırıq. Ancaq nəzərə alın ki, biz öz aramızda bu sığorta puluna “qan pulu ” deyirik. Söhbət o adamlardan gedir ki, onlar artıq bu torpağa qarışıblar. Azərbaycan müstəqil dövlət kimi bu torpaq üstündə qərar tutub. Kim bu “qan pul”nu batıracaqsa o bu torpaq, bu müstəqillik qarşısında xəyanət edir. Ona görə də təklif edirik ki, bu məsələdə bütün məsul olan tərəflər bir yerə yığılsınlar. Bizim iştirakımızla müzakirə edək, görək ki, bu məsələ kimdən asılıdır?

Azərbaycan əsgərləri Şuşa yaxınlığında, 1992

Azərbaycan əsgərləri Şuşa yaxınlığında, 1992

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG