Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:04

Dünya azərbaycanlılarının IV qurultayında prezident İlham Əliyevin zəngin azərbaycanlıları ölkəyə sərmayə qoymağa çağırması müxalif düşərgə də reaksiya doğurub. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bu çağırışa öz Facebook səhifəsində münasibət bildirib.

Əli Kərimli statistik göstəricilərə istinadən yazır ki, ölkədə investisiya mühiti yaxşılaşmayıb. Bu istiqamətdə görülən dövlət tədbirləri imitasiya xarakteri daşıyır: “İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları ölkəmizə sərmayə qoymağa çağırarkən deyib: “Xüsusilə, bu ilin əvvəlindən imzaladığım fərman və sərəncamlarla bütün bürokratik əngəllər aradan götürülür. Şəffaflıq tam təmin olunur və bütün bunların nəticələrini biz gündəlik həyatda görürük…Ona görə də sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir”. İndi isə baxırıq rəsmi statistikaya və gündəlik həyatda nə görürük? Qeyd olunan fərman və sərəncamlar nəyi dəyişib? Ölkəyə sərmayə qoyuluşunun artmasını stimullaşdırıbmı? Təəssüf ki, yox”

Əli Kərimli qeyd edib ki, bu ilin ilk 4 ayında ötən ilin analoji dövrü ilə müqayisədə qeyri-neft sektoruna sərmayə qoyuluşu 73 faiz, kənd təsərrüfatına isə təqribən 4 dəfə azalıb: “Bütövlükdə ölkədaxili mənbələrdən iqtisadiyyata sərmayə qoyuluşu 51 faiz, xarici sərmayələr isə 14 faiz azalıb”.

Ə. Kərimlinin fikrincə, çox vaxt bir-birini təkzib edən, bəzən də ömrü bir həftə olan çoxsaylı sərəncamlar sahibkarları aldada bilməyib.

“Onlar biliblər ki, ölkədə heç bir real islahat aparılmır, hakimiyyət islahatın imitasiyası ilə məşğuldur. Ona görə də ölkəyə sərmayə qoyuluşu dəhşətli dərəcədə azalıb. “Siz “böhrandan şərəflə çıxmışıq” söhbətinə fikir verməyin. Böhranın daha çətin hissəsi qabaqdadır”, - Ə. Kərimli yazır.

İyunun 3-ü və 4-də Bakıda Dünya Azərbaycanlılarının IV qurultayı keçirilib.

Qurultayın açılışında çıxış edən prezident İlham Əliyev həm zəngin azərbaycanlıları ölkəyə sərmayə qoymağa çağırıb, həm də diaspor təşkilatlarını birliyə, bərabərliyə səsləyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG