Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Ekspertlər: «Kölgə iqtisadiyyatı ölkəni yeyir»


İlham Əliyev
İlham Əliyev

-

Vyanada Qarabağ münaqişəsi ilə bağlı gözlənilən müzakirə, Beynəlxalq biznes dairələrinin Azərbaycana səfərləri, korrupsiya və gizli iqtisadiyyat medianın aparıcı mövzusudur.

İLHAM ƏLİYEVİN İSLAHATLARI

«Azərbaycan» qəzetində «İlham Əliyevin iqtisadi islahatlar kursu qlobal biznes mühitinin tam dəstəyini qazanıb» sərlövhəli məqalə dərc edilib.

Yazıda ABŞ və Fransanın biznes dairələrinin Azərbaycana səfərlərindən bəhs edilir. Müəllifin düşüncəsinə görə, bu, birbaşa dövlət başçısı İlham Əliyevin ölkədə başladığı islahatlar kursunu dəstəkləməkdir. Yazıda islahatlarla bağlı prezidentin özündən də sitat gətirilir: «Prezident İlham Əliyev Azərbaycanı xarici investorlara daha cəlbedici etmək üçün fəal və dərin iqtisadi islahatların məqsədlərini belə anlatdı: Ölkəmizə sərmayə qoymağı arzulayan xarici şirkətlərin qarşısında, həmçinin biznes mühitində olan maneələr nədir? Gömrük qaydaları, vergilər necədir? Bununla bağlı qəbul edilən qərarların effektiv nəticələri var. Məsələn, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamaların məhdudlaşdırılması nəticəsində bu göstərici bir il ərzində 20 mindən cəmi 30-a düşüb».

Nemət Əliyev
Nemət Əliyev

KORRUPSİYA VƏ RÜŞVƏT

«Azadlıq» qəzeti isə əksinə, iqtisadçı Nemət Əliyevlə ölkədə kölgə iqtisadiyyatı, rüşvət və korrupsiyanın səviyyəsini araşdırır.

Yazıda Beynəlxalq Valyuta Fondunun hazırladığı «Korrupsiya: Xərcləri və Həlli Strategiyaları» adlı hesabatdan da istifadə edilib. Məqalədə oxuyuruq: «Azərbaycan korrupsiya və rüşvətin dövlət aparatına işləməsinə görə, öncül ölkələr sırasında yer alır. Dünya Bankı nümayəndəsi Azərbaycanda kölgə iqtisadiyyatının 32-50 faiz arasında olduğunu demişdi».

İqtisadçı N.Əliyev ölkədə rüşvət və korrupsiyanın həcimi barədə mövqeyini belə bölüşür: «Konkret rəqəm söyləmək çətin olsa da, amma əminliklə demək olar ki, korrupsiya və rüşvətin dərəcəsi, ən azı, kölgə iqtisadiyyatının həcmi qədərdir. Korrupsiya və rüşvəti kölgə iqtisadiyyatından ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycan bütün rüşvət və korrupsiya siyahılarına, az qala, başçılıq edir. Elə bir biabırçı siyahı yoxdur ki, orada Azərbaycanın adı çəkilməsin. Belə bir vəziyyətin yaranmasına görə, Azərbaycan rəhbərliyində olan şəxslər məsuliyyət və xəcalət hissi keçirməlidirlər. Məhz onların rəhbərliyi dövründə Azərbaycan ən çox pis tərəfdən tanınıb».

N. Əliyev qeyd edib ki, kredit üçün Azərbaycanın Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna müraciətinin cavabsız qalması da məhz ölkədə korrupsiya ilə bağlıdır. Bu isə, onun fikrincə, ölkə iqtisadiyyatının beynəlxalq maliyyə dəstəyindən məhrum olması deməkdir. İqtisadçı düşünür ki, kölgə iqtisadiyyatı ölkəni yeyir.

Qalib Toğrul
Qalib Toğrul

ÇIXIŞ YOLU

«Bizim Yol» qəzeti də İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrulun özəl sektorda yoxlamaların dayandırılması, nəticələri və perspektivi barədə düşüncələrini təqdim edib.

Mərkəz rəhbəri həmin yoxlamalar haqda belə deyib: «Dövlət orqanlarının özəl sektorda yoxlamaları heç nəyi dəyişmirdi. Bu, yalnız məmurların rüşvət yığması üçün bir vasitə idi. Əksinə, yoxlamalardan sonra sahibkar bir müddət özünə gələ bilmir, verdiyi pulu müəyyən qanunsuz yollarla çıxarmağa çalışırdı. Bu da nəticə olaraq istehlakçıdan çıxırdı».

Q.Toğrulun fikrincə, yoxlamaların dayandırılması da çıxış yolu deyil. O, qeyd edir ki, yoxlamalar başlayan kimi yenə də rüşvət mexanizmi işə düşəcək. Vəziyyətdən çıxış yolu kimi Q.Toğrul bu təklifi verir: «Nə qədər ki, yoxlamalar dayanıb, nə qədər ki, vaxtımız var, bundan faydalanıb dövlət yoxlamaları sahəsində şəffaf, hesabatlı mexanizm yaradılmalıdır. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun tətbiqi mexanizmi təmin olunmalıdır».

Serzh Sarkisian və İlham Əliyev
Serzh Sarkisian və İlham Əliyev

VYANA DANIŞIQLARINDAN NƏ GÖZLƏNİR?

«Novoye Vremya» qəzeti «Ən başlıca məsələ haqqında həmsədrlərin köhnə mahnıları» sərlövhəli məqalədə ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada nəzərdə tutulan görüşünü şərh edir. Yazıda oxuyuruq: «Daha bir görüşə yaxınlaşırıq. Amma bundan nəsə əsaslı bir nəticə gözləməyə dəyməz. Vəziyyət o qədər kövrəkdir ki, istənilən bir pozuntu mövcud durumu müharibəyə çevirə bilər. Birdə ki, aprelin əvvəlindəki 4 günlük müharibədən sonra tərəflər danışıqlara hazır deyil».

Məqalədə həmin 4 günlük müharibədən sonra Ermənistanda «Dağlıq Qarabağ Respublikası»nı tanımaq istiqamətində müzakirələri vəziyyəti mürəkkəbləşdirən hadisə kimi dəyərləndirilir:

«Azərbaycan ərazi bütövlüyünü pozan heç bir razılığı qəbul etməyəcək. 7 rayon azad edilməlidir, qoşunlar Azərbaycandan çıxmalıdır, ondan sonra Dağlıq Qarabağın statusunun necə olması həll edilər».

Müəllifə görə, danışıqlar prosesi faktiki dalana dirənib. Onun gəldiyi nəticəyə görə, Ermənistanın tutduğu torpaqları boşaltmağa hazır deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG