Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:03

Kürdəxanı təcridxanasında saxlanan NİDA fəalı Elgiz Qəhrəmanın bədənində zorakılıq izləri hələ də qalır.

Bu barədə «Turan»a onun vəkili Fariz Namazlı məlumat verib.

Vəkil avqustun 26-da E.Qəhrəmana baş çəkdiyini deyib.

İctimai fəal vəkilə bildirib ki, bir həftə ərzində iki dəfə Ombudsman Aparatının nümayəndələri həkimlə birlikdə onun yanına gəliblər. Birinci görüşdə E.Qəhrəman DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona verilən işgəncələr barədə danışıb.

Lakin Ombudsman Aparatı mətbuat üçün bəyanatda E.Qəhrəmanın bədənində zorakılıq əlamətlərinin olmadığını bildirib. Vəkil Nemət Kərimli bunu təkzib edəndən sonra - avqustun 25-də Ombudsman Aparatının nümayəndələri yenidən E.Qəhrəmana baş çəkiblər.

«Elgizin sözlərinə görə, ikinci görüş zamanı Ombudsmanın nümayəndələri bildiriblər ki, onun bədənində zorakılıq izləri yoxdur, nə üçün o, işgəncələr barədə danışır? Elgiz cavab verib ki, zorakılıq izləri artıq keçib, ona işgəncə veriblər, təhqir, qeyri-insani rəftar ediblər. Bunun araşdırılması üçün zorakılıq izlərinin qalması vacib deyil», - vəkil Fariz Namazlı deyib.

«BƏDƏNİNDƏ HƏLƏ DƏ QIZARTILAR VAR»

Vəkilin sözlərinə görə, E.Qəhrəmanın bədənin qarın nahiyəsində hələ də qızartılar var.

«Ombudsman nümayəndələrinin birinci gəlişi zamanı Elgiz bu qızartıları həkimə göstərib. Lakin həkim deyib ki, bu, antisanitariyanın nəticəsidir. Ancaq onun ayaqlarında da qızartılar olub. Bundan əlavə, E.Qəhrəman başından aldığı dəyənək zərbələri nəticəsində ağrılardan şikayətlənib, ancaq həkim onun başını müayinə etməyib. E.Qəhrəmanın sözlərinə görə, onu elə bərk döyüblər ki, huşunu itirib», - vəkil bildirib.

Fariz Namazlı əlavə edib ki, Elgizə doğmaları ilə görüşə də icazə verilməyib. Ancaq həftədə iki dəfə telefon edə bilər.

Müdafiə tərəfi həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün vəsatət hazırlayır.

E.Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunub. Onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

E.Qəhrəmanı bir həftə DİN BMCQMİ-də saxlayıblar və vəkili yanına buraxmayıblar.

NİDA hərəkatı E.Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG