Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:35

►Satıcı: Müştərilər qiymətləri görüb qaçır

Bakıda elektron mallar satan mağazalar qiymətləri 30-35 faiz bahalaşdırıb. Satıcılar dollar qalxdıqca qiymətlərin növbəti günlərdə də qalxacağını deyir.

- 10 gün əvvəl mən bu paltaryuyan maşının qiymətini 1100 manata görmüşdüm. İndi 1600 manatdır. Doğrudan bu qədər qalxdı, 50 faiz?

- Elədir, manat da 50 faiz ucuzlaşdı. Ona görə qiymət də bu qədər qalxıb. Niyə təəccüblənirsiz ki?

Satıcı ilə alıcının bu söhbəti şəhərin mərkəzindəki elektron məhsullar satılan mağazaların birindəydi.

Mağazanın üstünə endirimlərlə bağlı reklamlar vurulub. Satıcı deyir ki, axşama reklam lövhələrini də yığışdracaqlar:

“Bundan sonra heç bir endirm-zad olmayacaq. Camaatı aldatmış kimi çıxır”.

Özünü təqdim etməyən satıcı deyir ki, mağaza dekabrın 21-22-də bağlı olub. Qiyməti qaldırandan sonra dekabrın 23-də açıblar:

“Ancaq açmağın nə faydası, alıcı yoxdur. Gələn də baxıb qiyməti görəndən sonra qorxub qaçır”.

Burdakı malların bəzilərinin qiyməti 50 faiz, bəzilərininki isə 30-35 faiz bahalaşıb.

Buna da bax: Neftsiz Azərbaycanı təsəvvür edək...

“Ay başına dönüm, 1300 manata da qaz sobası olar? Ondansa ocaq qalayıb üstündə yemək bişirərəm”.

Bunu isə “Bakuelectronics” mağazasında qaz sobalarınnı qiymətinə baxan Fazilə Məmmədova deyir:

“Bahalıq, bahalıq, daha bu qədər? Qiyməti görəndə nitqim tutuldu”.

İri mağazanın içi bomboşdur. Satıcı oğlan yaxınlaşan tək-tük müştəriyə gülərüzlə qiymətlərin azı 30 faiz bahalaşdığını deyir:

“Bizlik nə var ki. Bütün məhsulları xaricdən alırıq. Belə də olmalıdır”.

Köhnə qiymətlər son saatlarını yaşayır

Elektron mallar satan 6 mağazanın dördündə qiymətlər bahalanmışdı. “BOSH” və “Soliton”da isə məhsulların üstündə hələ də köhnə qiymətlər qalırdı. Bu mağazalarda da satıcılar deyirdi ki, tezliklə qiymətlər dəyişəcək:

“Təzə qiymətlərlə bağlı e-mail gözləyirik. Həmin məktub günün axırı da gələ bilər, bu dəqiqə də. Gələn kimi qiymətləri dəyişəcəyik”.

Satıcılar məhsulların nə qədər bahalaşacağı haqqında məlumatsız olduqlarını deyirlər:

“Məktubu görməmiş deyə bilmərək. 30 faiz də olar bilər, 50 faiz də. Hər halda 30-dan aşağı olmayacaq”.

656 manatlıq telefon 934 manata satılır

Telefon mağazalarında isə ucuz telefonların da, bahalı telefonların da qiymətləri bahalaşıb. Bir həftə əvvələ qədər 119 manata satılan telefon indi 177 manata satılırdı. Bundan əvvəl 341 manata satılmış telefon vitrinə 431 manata, 656 manatlıq isə 934 manata qoyulmuşdu.

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, Azərbaycanda elektron mallar istehsal olunmadığından qiymətlərin bahalaşması təbiidir:

“Tutaq ki, ərzağın 50 faizi Azərbaycanda istehsal olunur. Hökumət müxtəlif rəqəmlər deyir. Ancaq ən yaxşı halda 50 faiz istehsal olunur. Elektron məhsulları bazarında isə bazar tamamailə idxaldan asılıdır. Elə bir məhsul göstərilə bilməz ki, biz onun ölkədə istehsal olunduğunu iddia eləyə bilək. Devalvasiya şəraitində də məhsul valyuta ilə alınıb gətirilir. Valyuta nə qədər qiymətdən düşürsə, gətirilən məhsulun da o həcmdə artırılması qaçılmazdır”.

Elektron mallar satan kiçik mağazalar isə bağlanacaqlarından narahadır. Belə mağazalardan birinin satıcı Fərman Səfərov deyir ki, mağaza sahibi artıq ixtisarlar haqqında düşünür:

“Bu gün səhər deyirdi ki, 3 satıcıdan iksi işdən çıxarılacaq. Vəziyyət lap pis olsa, ümumiyyətlə, mağaza bağlanacaq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG