Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 22:35

Beynəlxalq Enerji Agentliyi elektriklə işləyən avtomobil inqilabının qapıda olduğunu deyir


...2035-ci ilədək dünyada satılan bütün avtomobillərin yarısı elektrikli olacaq.
...2035-ci ilədək dünyada satılan bütün avtomobillərin yarısı elektrikli olacaq.

Beynəlxalq Enerji Agentliyinin (IEA) bilgisinə görə, bu il dünyada elektriklə işləyən avtomobillərin satışı 20 faizdən çox arta və ildə 17 milyona çata bilər.

Agentliyin ötən həftə dərc etdiyi hesabatda deyilir ki, yaxın 10 il ərzində elektrikli maşınlara artan tələbat dünya avtomobil sənayesini yenidən quracaq və yol nəqliyyatında neftdən istifadəni önəmli dərəcədə azaldacaq.

Qurumun proqnozuna görə, batareyaları doldurma infrastrukturunun inkişafı indiki sürətini qoruyub saxlasa, 2035-ci ilədək dünyada satılan bütün avtomobillərin yarısı elektrikli olacaq. Bu il dünyada satılan hər beş avtomobildən biri elektriklidir. IEA özünün elektrikli avtomobil bölgüsünə həm batareyalı elektrikli maşınları, həm də hibrid maşınları daxil edir.

Agentliyin elektrikli avtomobillərin uzunmüddətli gələcəyi ilə bağlı bu nikbin proqnozu dünyanın ən iri batareyalı elektrikli avtomobil istehsalçısı "Tesla"nın iri bazarlarda qiymətləri ucuzlaşdırmasından bir neçə gün sonraya təsadüf edir. "Tesla" bu addımı aşağı düşən satış göstəricilərini yüksəltmək, eləcə də böyüməkdə olan Çin şirkətləri və tanınmış maşın istehsalçıları ilə artan rəqabətə duruş gətirmək üçün atıb.

Artımın səbəbi yalnız çinli alıcılar deyil?

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib ki, elektrikli avtomobillərin yayılma sürətinin azalmasına dair neqativ xəbər başlıqları müsbət qlobal tendensiyalara uyğun gəlmir. O, ötən həftə jurnalistlərə deyib ki, "məlumatlar elektrikli maşınların artımında qətiyyən geriləmə olduğunu göstərmir, əksinə, qlobal elektrikli maşın satışlarında son dərəcə güclü artımı göstərir".

"Tesla 3" avtomobili Sinqapurdakı sərgi salonunda
"Tesla 3" avtomobili Sinqapurdakı sərgi salonunda

CNN-in məqaləsində deyilir ki, bu artımın səbəbi yalnız çinli alıcılar deyil. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, bu ilin ilk rübündə Avropa Birliyində satılan yeni batareyalı elektrikli maşınların sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4 faiz artıb.

Belə müsbət meyllər olsa da, rəqabət artdıqca, elektrikli avtomobil istehsalçıları qiymət savaşları fonunda aşağı gəlirlərlə üzləşməli olurlar.

Son bir neçə gündə "Tesla" və Çinin "Li Auto" şirkəti Çində əsas modellərin qiymətlərini ucuzlaşdırıb. Çin dünyanın ən iri elektrikli avtomobil bazarıdır. "Tesla" Almaniya və ABŞ-da da qiymətləri aşağı salıb.

Bu ay "Tesla" dörd ilə yaxın zaman ərzində ilk dəfə illik satış səviyyəsinin aşağı düşdüyünü açıqlayıb. Bu il başlayandan şirkətin səhmləri 40 faizdən çox ucuzlaşıb. Çinin "BYD" şirkəti qısa müddətliyinə "Tesla"nı ötərək dünya bazarında lider ola bilsə də, bu ilin ilk rübündə onun da satışları xeyli azalıb. Ötən ilin son aylarında 525 mindən çox olan satış sayı bu ilin ilk rübündə 300 min civarına düşüb.

Çin istehsalı olan "Ora" elektrik avtomobili Şanxay sərgisində
Çin istehsalı olan "Ora" elektrik avtomobili Şanxay sərgisində

Gerçək lider Çindir

Beynəlxalq Enerji Agentliyi bildirir ki, qiymətin ucuzlaşması avtomobil istehsalçılarına zərər versə də, dünyada elektrikli avtomobildən istifadənin artması baxımından çox önəmlidir. Qurum elektrikli avtomobillərə keçid sürətinin qiymətin əlçatanlığından asılı olacağını vurğulayıb

Çində ötən il satılan elektrikli avtomobillərin 60 faizindən çoxu adi maşınlardan ucuz olub. Ancaq Avropa və ABŞ-da daxiliyanma mühərrikli yeni maşınların alış qiyməti hələ də, orta hesabla, daha aşağıdır.

"Bazar rəqabətinin güclənməsi və batareya texnologiyası inkişafının yaxın illərdə qiymətləri ucuzlaşdıracağı gözlənilir", - IEA belə deyir.

"Çin avtomobil istehsalçılarının artan elektrikli maşın ixracatı alış qiymətlərini basqıda saxlayaraq onları ucuzlaşdıra bilər", - bu da həmin qurumun fikridir.

Hesabatda o da deyilir ki, ötən il dünyadakı elektrikli avtomobil ixracatında satışların yarıdan çoxu Çin istehsalçılarının payına düşüb. Halbuki dünyanın ənənəvi maşın bazarında onların payı cəmi 10 faizdir. "Çin bütün dünyada elektrikli avtomobil istehsalının de-fakto lideridir", - Birol belə deyib.

Çin istehsallı elektrikli avtomobil idxalının artmasından rahatsızlaşan Avropa Birliyi ötən ilin sonlarında həmin ölkənin elektrikli maşın istehsalçılarına dövlətin dəstəyini araşdırmaya başlayıb. Avtomobil sənayesi Avropada iş yerləri baxımından çox önəmlidir. Üstəlik, regionun ən iri iqtisadi gücü olan Almaniyanın əsas istehsalat sahələrindən biridir.

Budapeştdə elektrikli avtomobillər üçün doldurma stansiyası
Budapeştdə elektrikli avtomobillər üçün doldurma stansiyası

Batareya doldurma məntəqələrinin sayı 15 milyona çata bilər

Bu il Çində elektrikli avtomobil satışları dünyadakı toplam göstəricinin 60 faizinə yaxın, ölkədəki toplam avtomobil satışlarının isə 45 faizi qədər olacaq.

IEA bildirir ki, 2030-cu ilədək Çin yollarındakı, demək olar, hər üç avtomobildən birinin elektrikli olacağı gözlənilir. Ötən il Çində hər 10 avtomobildən 1-i elektrikli olub. ABŞ və Avropa Birliyində (AB) bu proqnoz, uyğun olaraq, 17 və 18 faizdir. Ötən il bu göstərici ABŞ-da, sadəcə, 2 faizdən azca çox, AB-də isə təxminən 4 faiz olub.

"Bu dəyişiklik istər avtomobil sənayesi, istərsə enerji sektoru üçün mühüm şaxələnmə demək olacaq", - Birolun sözləridir. IEA nəqliyyat sektorunda elektrikləşmənin də yarıdımı ilə dünyada neftə tələbatın 2030-cu ildə pik həddinə çatacağını proqnozlaşdırır.

Qiymətin əlçatanlığından başqa, elektrikli maşınlardan kütləvi istifadəni əngəlləyən amillərdən biri də Avropa və ABŞ-da ictimai batareya doldurma infrastrukturunun qıtlığıdır.

IEA bildirir ki, hökumət siyasəti indiki kimi qalarsa, bu onilliyin sonuna doğru dünyada elektrikli avtomobillər üçün batareya doldurma məntəqələrinin sayı 15 milyona çata bilər. Bu, ötən illə müqayisədə dörd dəfəyə yaxın artım deməkdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG