Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:05

►"Nazirliyin səlahiyyətləri məhdudlaşdırılır"

Prezident İlham Əliyev oktyabrın 20-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə bağlı iki sənəd imzalayıb. O, nazir Eldar Mahmudovun yerinə yenisini təyin etməsə də, birinci müavin postuna Mədət Quliyevin gətirilməsi haqda sərəncam verib.

Bundan başqa dövlət başçısı Milli Təhlükəsizlik Nazirliyinin strukturunda dəyişiklik edilməsi barədə fərman da imzalayıb.

Bu sənəddə struktur dəyişikliklərinin mahiyyəti açıqlanmır. Sabiq MTN əməkdaşı Ərəstun Oruclu hesab edir ki, söhbət MTN-in səlahiyyətlərinin məhdudlaşdırılmasından gedir.

Buna da bax: Yunusların işi geri aytarılıb (VİDEO)

“DÖVLƏT İÇİNDƏ DÖVLƏTƏ ÇEVRİLMİŞDİ”

Yalnız MTN divarları arasında böyümüş, onun fəlsəfəsini, mahiyyətini anlayan, orda iş təcrübəsi keçən şəxslər MTN-i indiki düşdüyü vəziyyətdən çıxara bilər.

“MTN-in bir sıra səlahiyyətləri başqa orqanlarla bölüşdürüləcək. Əslində, milli təhlükəsizlik haqqında qanuna əsasən MTN-in 3 əsas fəaliyyət istiqaməti olmalıdır: kəşfiyyat, əks-kəşfiyyat və terrorla mübarizə.

Ərəstun Oruclu

Ərəstun Oruclu

Amma bu nazirliyə o qədər səlahiyyətlər verilmişdi ki, şişib, böyüyüb dövlət içində dövlətə çevrilmişdi. İndi başa düşürlər ki, bu, çox pisdir və indi onun işini məhdudlaşdırmağa çalışırlar”.

Ilham Ismayıl

Ilham Ismayıl

Ərəstun Oruclu güman edir ki, yaxın gələcəkdə kəşfiyyat və əks-kəşfiyyatla bağlı qurumlar da ayrı-ayrı idarə kimi fəaliyyət göstərə bilər:

“Ola bilsin, buna hazırlıq gedir. O halda bu qurum nazirlik statusunu itirəcək. Əslində, bu, dünya təcrübəsidir. ABŞ-da FTB, yəni əks-kəşfiyyat qurumu Ədliyyə Nazirliyinin bir qurumudur. Əsas məsələ səlahiyyətlərin dəqiq bölüşdürülməsidir. MTN gedib aptekləri yoxlayırsa, bu, absurddur”.

Qoçaq və təmiz insandır.

MTN-nin başqa sabiq əməkdaşı İlham İsmayıl da struktur dəyişikliyini müsbət dəyərləndirir:

“2004-cü ildən sonra doğrudan da struktur çox şişirdilib. Şəxsən mən MTN-in bütün rayonlarda bölmələrinin olmasının əleyhinəyəm. Bu, sovet dövründə də yox idi”.

Buna da bax: General Mədət Quliyev kimdir?

“QOÇAQ ADAM”

İndi də gələk birinci müavin məsələsinə. Mədət Quliyev Milli Qəhrəmandır. O da MTN şinelindən çıxmayıb, Daxili İşlər Nazirliyinin kadrıdır. 1995-ci ildən sonra DİN-də sürətlə irəliləməyə başlayıb. 1995-1996-cı illərdə DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə həmin idarədə rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, 2004-2006-cı illərdə İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

2011-ci ildə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilmişdi.

Mədət Quliyevin təyinatına münasibət ikilidir. İlham İsmayıl onu sadəcə belə xarakterizə etdi:

“Qoçaq və təmiz insandır. Onun Gəncədəki işinə bələdəm. Mədət Quliyevin iş təcrübəsi imkan verəcək ki, xüsusi-xidmət orqanının müəyyən spesifik xüsusiyyətlərini mənimsəyib birinci müavin kimi qayda-qanun yarada bilsin”.

Amma İlham İsmayıl hesab edir ki, indiki halda MTN-ə rəhbər kimi siyasi fiqur gətirilməlidir, nəinki peşəkar.

Buna da bax: MTN-nin fəaliyyətini necə qiymətləndirirsən?- [Fikrini de]

“BU HALDA ANCAQ PEŞƏKAR LAZIMDIR”

MTN

MTN

Ərəstun Oruclu isə başqa qənaətdədir. Onun fikrincə, bu nazirliyə peşəkar rəhbərlik etməlidir:

“Yalnız o divarlar arasında böyümüş, onun fəlsəfəsini, mahiyyətini anlayan, orda iş təcrübəsi keçən şəxslər MTN-i indiki düşdüyü vəziyyətdən çıxara bilər. Vəziyyət doğrudan da, acınacaqlıdır. İndiyə kimi nəinki MTN-də, heç bir güc nazirliyində 10 adam birdən həbs edilməyib. Söhbət 6 generala qarşı ittiham irəli sürülməsindən gedir. Bu halda ancaq peşəkar nazirliyi böhrandan çıxara bilərdi. Ancaq belələrini də siyasi hakimiyyət özünə təhlükə, təhdid sayır. Məsələn, keçmiş nazir Namiq Abbasovun İlham Əliyev hakimiyyətə gələndən bir neçə ay sonra kənarlaşdırılmasının başlıca səbəbi bu idi. O, nazirliyi idarə edə bilirdi. Amma Eldar Mahmudovu onun yerinə gətirməklə ölkənin təhlükəsizliyinə cavabdeh olan orqan repressiv aparata çevrildi. İlham Əliyevə hakimiyyətini qorumaq lazım idi və bu gün də həmin siyasət davam etdirilir. Əlinin papağı Vəlinin də başına qoyulmur, qaytarılıb Əlinin başına qoyulur yenidən”.

AÇIQLAMA VAR, ADLAR YOXDUR

Oktyabrın 20-də Baş Prokurorluq nəhayət son iki gündə dolaşan söz-söhbətə qismən aydınlıq gətirdi. Qurum Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi barədə cinayət işi başlanması haqda məlumat yaydı.

“YENİ YANAŞMADIR”

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli Facebook səhifəsində yazıb:

“Çox operativ işləyən qurumlarımız var. 72 saatdan sonra rəsmi məlumatla öyrəndik ki, dövlətimizin və millətimizin təhlükəsizliyini əmanət etdiyimiz qurumun 7 əməkdaşı həbs edilib. Cinayət və cəza şəxsi olsa da, yayılan informasiyada bir nəfərin adı yoxdur. Bu da yeni yanaşmadır”.

İlham İsmayıl da hesab edir ki, saxlanılanların adı açıqlanmalıdır, çünki bu gizlilik əlavə söz-söhbətə yol açır.

Mətbuatsa iki gündür yazır ki, saxlanılanlar general-mayor Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Quliyev, MTN-in Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Mirvətova, nazir müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarovdur. Həmin şəxslərin uzun müddətdən bəri Azərbaycanda iş adamlarına qarşı xüsusi qurğular qurmaqla cinayətlər törətdikləri, onlara məxsus milyonlarla manat vəsaiti mənimsədiyi iddia olunur. Bunu hələ ki hansısa dövlət qurumu nə təkzib, nə də təsdiq edib.

“Musavat.com” öz mənbələrinə istinadla yazır ki, artıq istintaq zərərçəkən sahibkarların siyahısını hazırlayır. Həmin şəxslərdən bir neçəsinin yaxın saatlarda ifadə verəcəyi də gözlənilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG