Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:37

►“Bu adam özü məhkum olub və indi də Vəkillər Kollegiyasının Rəyasət Heyətindədir."

İyunun 2-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Əlayif Həsənovun vəkillik fəaliyyətinə xitam verilməsilə əlaqədar Vəkillər Kollegiyasına qarşı iddiasına baxılıb.

“MƏN NİYƏ?”

Məhkəmə iclasında Əlayif Həsənov vəsatət qaldıraraq bildirib ki, onun barəsində verilən qərar Azərbaycan Vəkillər Kollegiyasının tarixində analoqu olmayan qərardır:

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun birbaşa vəkilin Kollegiyadan Rəyasət Heyətinin qərarı ilə çıxarılmasına yol vermir. Qərar qəbul edilərkən heç bir prosedur gözlənilmədi, yəni mən nə Vəkillər Kollegiyasının iclasına çağırılmışam, nə dəvət almışam, nə də məndən izahat alınıb. Mən zəng etmişəm, mənə deyiblər ki, “siz artıq Vəkillər Kollegiyasının üzvü deyilsiniz”. Bu günə qədər mən vəkillikdən azad edilməyimə dair qərarın tam mətnini ala bilməmişəm. Mənə qərardan çıxarış verilib. Bu günə qədər mən stenoqramla tanış edilməmişəm. Ona görə də xahiş edirəm, Rəyasət Heyətinin 3 iyul 2015-ci il tarixli iclasın stenoqramı məhkəməyə təqdim edilsin. Mən o stenoqramı oxuyub görmək istəyirəm ki, özü məhkum edilmiş Kamandar Nəsibov necə müəyyən edə bilər ki, məhkum olan Əlayif Həsənov vəkil ola bilməz? Bu adam özü məhkum olub və indi də Vəkillər Kollegiyasının Rəyasət Heyətindədir. Ramiz Zeynalov özü azadlıqdan məhrumetmə növündə cəza çəkib. İndi də vəkildir. Mən niyə? Göydən düşmüşəm? Mən bunu Vəkillər Kollegiyasından soruşmağa haqlıyam”.

Əlayif Həsənov qeyd edib ki, vəkillik fəaliyyətinə xitam verilməsilə bağlı şikayət artıq Avropa Məhkəməsinin icraatındadır. Onun sözlərinə görə, üstəlik, məhkumluğu olan vəkilin vəkil kimi fəaliyyət göstərməsində məhdudiyyət yoxdur.

____________________________________________________________

Bunlara da bax:
"Arvadımla bir yerdə işləyə bilmərəm?" - Bayraq meydanı işi
Azərbaycanda gizli hökumət də var?

____________________________________________________________

“AYIBDIR!”

“Xalid Bağırovla biz sübut etdik ki, hal şahidləri ştatlı hal şahidləridir. Ona görə ikimiz də kənarda qaldıq. Bu gün ədalət mühakiməsi biz vəkillərin insanların ağır maddələrlə, ağır ittihamla məhkum edilməsinə mane olmasına görə bizə təşəkkür etmək əvəzinə Vəkillər Kollegiyasından yumruq yedik. Niyə? Biz siyasi səbəblərlə Kollegiyadan çıxarıldıq. Siyasi hesab edilən işdə şəxsi müdafiə edirdik. Mən də, Xalid Bağırov da. Ayıbdır! Biz müdafiə etmişik. Buna görə tutub vəkili Vəkillər Kollegiyasından rədd etmək lazımdır ki, sizdən vəkil olmaz?”, - Əlayif Həsənov bildirib.

Hakim Elçin Məmmədov cavabdeh Vəkillər Kollegiyasının nümayəndəsindən qərarın hansı səbəbdən Əlayif Həsənova verilmədiyini soruşub.

“O, qərar şəklində olmur. Şifahi qaydada səsverməyə qoyulur və protokollaşdırılır. Qərar yoxdur”, - cavabdehin nümayəndəsi bildirib.

“YAZMALIYDIM Kİ, GÖRMƏMİŞƏM?”

Əlayif Həsənov: “Heç olmasa, sovet vəkilliyinin tarixinə baxın ki, Moskva Vəkillər Kollegiyası Kommunist soyadlı bir vəkili necə müdafiə edib. Halbuki o vəkil antisovet fəaliyyətinə görə mühakimə olunmuş insanları müdafiə edib. Amma məndə nədir? Kiminsə xoşuna gəlməyən dustağın – Leyla Yunusun qıçındakı xəsarəti görmüşəm, həkimi gətiriblər, yazıb ki, yoxdur. Penitensiar yazır ki, yoxdur. BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin nümayəndələri gəlib görür ki, bu xəsarət var. Mən yazmalıydım ki, yox, görməmişəm? Elə vəkil forması mənə lazım deyil! O cür vəkilliyi mən heç istəmirəm də, arzulamıram da!”

Məhkəmə prosesi iyunun 9-da davam edəcək.

Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti Əlayif Həsənovun məhkum edilməsinə dair məhkəmə hökmünü əsas gətirərək, onun kollegiyadan uzaqlaşdırılması barədə qərar qəbul edib. Həmin hökm də Kürdəxanıdakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın iddiası əsasında çıxarılıb.

Əlayif Həsənov həm də Leyla Yunusun vəkili idi. Hüquq müdafiəçisi vəkili vasitəsilə ictimaiyyətə ünvanladığı açıqlamasında əvvəllər də məhkum olunmuş Nuriyyə Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını, bu qadın tərəfindən döyüldüyünü bildirmişdi. Nuriyyə Hüseynova buna görə vəkili məhkəməyə verib və Əlayif Həsənov barəsində CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə hökm çıxarılıb. Sonradan apellyasiya və kassasiya instansiya məhkəmələri də bu hökmü qüvvədə saxlayıb. Vəkillər Kollegiyası da bunu əsas gətirərək, Əlayif Həsənovu vəkillikdən uzaqlaşdırıb.

Əlayif Həsənov isə bu qərarın siyasi sifariş olduğunu bildirir. Hesab edir ki, onun kollegiyadan uzaqlaşdırılması siyasi məhbusları müdafiə edən, ölkədə məhkəmə sistemini tənqid edən vəkillərə qarşı təzyiqlərin tərkib hissəsidir.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Kamandar Nəsibov bir neçə ay öncə AzadlıqRadiosuna açıqlamasında bildirib ki, həmin vaxt ölkədən kənarda olduğundan Əlayif Həsənovla bağlı qərarın verildiyi iclasda özü iştirak etməyib və səs də verməyib.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili, o cümlədən Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (2 iyun)

Almaniya parlamentinin "soyqırım"ı tanıyan qətnaməsinə Bakıdan reaksiyalar

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (2 iyun)

Mehriban Əliyevanın təklif etdiyi amnistiya aktı: "Kimin pulu var çıxacaq"...

Günün bütün mövzuları

XS
SM
MD
LG