Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:41

Əlayif Həsənov: 'Məni o həddə çatdırmayın ki...'


Əlayif Həsənov
Əlayif Həsənov

►"Harda yazılıb ki, ehtiyatsızlıqdan törədilən cinayətə görə məhkum olunan məhkumu çıxarmaq olmaz, amma ictimai təhlükə törətməyən əmələ görə məhkum olunanı çıxarmaq olar?”

"Mən qətiyyən aciz adam deyiləm, əksinə, kifayət qədər qətiyyətli adamam. Məni o həddə çatdırmayın ki, nəticəsi ağır olan addımlar atım. Baş verən qanunsuzluqlara diqqət çəkmək üçün mantiya geyinib elə məhkəmənin qarşısında özümü yandıra bilərəm..."

Bunu bir sıra vicdan məhbuslarının, o cümlədən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin, blogger Ömər Məmmədovun və son olaraq, hüquq müdafiəçisi Leyla Yunusun vəkili olmuş Əlayif Həsənov Vəkillər Kollegiyasından xaric olunması ilə bağlı məhkəmə prosesində deyib.

İyunun 9-da 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində onun Vəkillər Kollegiyasına qarşı iddiasına baxılıb. Ötən məhkəmə iclasında Əlayif Həsənov cavabdeh tərəfdən Vəkillər Kollegiyası Rəyasət Heyətinin onun vəkillik fəaliyyətinə xitam verilməsinə dair qərar verdiyi iclasının protokolunu, stenoqramını, qərarın surətini, həmçinin məhkumluğu olan digər vəkillər kollegiyada saxlanıldığı halda, onu hansı səbəbdən xaric etdiklərini əsaslandıran izahat istəmişdi. Əlayif Həsənov bu sənədlərin məhkəməyə təqdim olunması barədə vəsatət qaldırmışdı.

Əlayif Həsənov: "Ayri-seçkiliyə məruz qalmışam"
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

“HARDA YAZILIB Kİ?”

Bugünkü məhkəmə iclasında Vəkillər Kollegiyasının nümayəndəsi Altay Muradov deyib ki, Əlayif Həsənovun vəkil fəaliyyətinə xitam verilməsi ayrıca qərar şəklində tərtib olunmayıb. Bu, Rəyasət Heyətinin iclasının protokolunda öz əksini tapıb. Altay Muradov protokoldan çıxarışı məhkəməyə təqdim edib. O, həmçinin qeyd edib ki, iclasların stenoqramları aparılmır.

Vəkil Kamandar Nəsibov məhkum edildiyi halda, nəinki kollegiyada saxlanılması, hətta Rəyasət Heyətinin üzvü olmasına dair Əlayif Həsənovun arqumentinə gəlincə, Altay Muradov bildirib ki, o, 2015-ci ilin mayında öz ərizəsilə Rəyasət Heyətindən çıxıb.

"Kamandar Nəsibov çıxandan sonra Rəyasət Heyətinin 12 üzvü olub, onlardan da Muxtar Mustafayev istisna olmaqla, 11 nəfər həmin iclasda iştirak edib. Kamandar Həsibov məhkum edilsə də, ona cərimə cəzası verilib və o da ödənilib. Ramiz Zeynalov isə ehtiyatsızlıqdan törədilmiş cinayətə - yol qəzasına görə məhkum olunub. Həm də hansısa vəkilin məhkum edildiyinə görə vəkil fəaliyyətinə xitam verilməsini Rəyasət Heyətinin üzvləri müəyyənləşdirir", - Altay Muradov bildirib.

____________________________________________________________

Bunlara da bax:
Rusiyada üçtərəfli Qarabağ sammiti?
“Nefti bahalaşdıran səbəblər qalıcı deyil”

____________________________________________________________

Əlayif Həsənovun nümayəndəsi Xalid Bağırov qarşı tərəfin arqumentilə razılaşmayıb:

"Harda yazılıb ki, ehtiyatsızlıqdan törədilən cinayətə görə məhkum olunan məhkumu çıxarmaq olmaz, amma ictimai təhlükə törətməyən əmələ görə məhkum olunanı çıxarmaq olar? Kamandar Nəsibov isə qəsdən törədilən əmələ görə cəzalandırılıb. Cərimə cəzası məhkumluq yaratmırmı? Siz bununla açıq-aşkar göstərirsiz ki, Əlayif Həsənov ayrı-seçkiliyə məruz qalıb. Burada söhbət Avropa Konvensiyasının diskriminasiyanı qadağan edən 14-cü maddəsinin pozulmasından gedir".

“...NƏ DƏ MANTİYA ÜÇÜN ÖLÜRƏM”

Əlayif Həsənov bildirib ki, protokoldan çıxarış yox, protokolun özü ilə tanış olmaq istəyir. O, həmçinin nümayəndənin digər sənədlərin yoxluğu barədə izahatları yazılı şəkildə məhkəməyə təqdim etməsini istəyib:

"Nə Vəkillər Kollegiyası, nə də mantiya üçün ölürəm. Amma hüquqlarım uğrunda mübarizədən məni heç nə çəkindirə bilməz. Həm məhkum edilməyim, həm də Vəkillər Kollegiyasından uzaqlaşdırılmağım ciddi qanun pozuntuları ilə həyata keçirilib. Protokol nə olan şeydir ki, onu məhkəməyə vermirsiz? Məgər Ştirlitsin sənədidi? Mən ayrı-seçkiliyə məruz qalmışam və bu məsələni bütün beynəlxalq təşkilatlara, Avropa Məhkəməsi müstəvinə çıxarmışam. Azər Tağıyev həmin vaxt məzuniyyətdə ola-ola niyə iclasa gəlib? Elə birbaşa açıq desinlər ki, “sən Vəkillər Kollegiyasında artıq adamsan”. Yalandansa, belə daha rahat olar. Mən və ailəm bundan əvvəl də dəfələrlə təzyiqlərə məruz qalmışıq".

Xalid Bağırov protokoldan çıxarışla tanışlıqdan sonra yeni məlumatlar əldə etdiklərini və bu səbəbdən iddianın əsasında dəyişiklik etmək istədiklərini bildirib, bunun üçün məhkəmədən vaxt istəyib.

Vəkilin digər vəsatəti isə məhkəmənin "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 8-ci və 23-cü maddələri arasındakı ziddiyyətin aydınlaşdırılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərməsi haqda olub.

Məhkəmə prosesi iyunun 23-də davam edəcək.

Əlayif Həsənov Vəkillər Kollegiyasından Kürdəxanıdakı istintaq təcridxanasında Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın iddiası əsasında çıxarılıb. Leyla Yunus vəkili vasitəsilə ictimaiyyətə müraciətində əvvəllər də məhkum olunmuş Nuriyyə Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını, bu qadın tərəfindən döyüldüyünü bildirmişdi. Nuriyyə Hüseynova buna görə vəkili məhkəməyə verib və Əlayif Həsənov barəsində CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə hökm çıxarılıb. Vəkillər Kollegiyası da bunu əsas gətirərək, Əlayif Həsənovu vəkillikdən uzaqlaşdırıb.

Əlayif Həsənov isə bu qərarın siyasi sifariş olduğunu bildirir. Hesab edir ki, onun kollegiyadan uzaqlaşdırılması siyasi məhbusları müdafiə edən, ölkədə məhkəmə sistemini tənqid edən vəkillərə qarşı təzyiqlərin tərkib hissəsidir.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili, o cümlədən Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

XS
SM
MD
LG