Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:06

Əkrəm Əylisli: “Bu mənim üçün ölüm hökmü olar”


Əkrəm Əylisli
Əkrəm Əylisli

►“Çalışardım ki, Azərbaycan dünya dövlətləri içində demokratik ölkə kimi tanınsın. Ancaq bütün bu hadisələr bunun əksi barədə informasiya verir”

Martın 30-da yazıçı Əkrəm Əylisli Venesiyada ədəbiyyat festivalında iştirak üçün İtaliyaya gedəndə Bakı aeroportunda saxlanıb.

Həmin gün yazıçı 10 saatdan çox dindirmədən sonra buraxılıb. Martın 31-də isə ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Yazıçı sərhəd xidməti əməkdaşlarına qarşı xuliqanlıqda ittiham olunur.

Başına gələnlər haqqında Əkrəm Əylisli AzadlıqRadiosuna bunları danışır:

– Saxlayanda əvvəlcə dedilər ki, “beş dəqiqə gözləyin”. Sonra dedilər, “15 dəqiqə gözləyin”. Bunlar kimdənsə nəsə göstəriş almalıydılar. Uzatdılar, uzatdılar, təyyarə getdi, biz qaldıq.

– Daxili İşlər Nazirliyi bildirdi ki, sizin aeroportda əməkdaşlarla münaqişəniz olub.

– Bunlar yanlış söhbətlərdir. Sərhəddən buraxılmamağımla bağlı hər hansı bir səbəb göstərməliydilər axı. Onlarla mübahisə eləmək heç yaşıma yaraşır? Həm də axı onlarda bir günah görmürəm ki, mübahisə edim. Bilirəm ki, hardansa buna göstəriş olmalıydı. Onlar göstərişsiz bir iş görə bilməz.

– Bu, kimin göstərişi ola bilər?

– Düzü, mən də bunu çox fikirləşirəm ki, bu, kimə sərf eləyir? Şəxsən mənə sərf eləmir. Ədəbiyyat tədbirinə gedirdim. Özü də bu tədbir elə bir tədbir idi ki, bir çox ölkələrdə hər il keçirilir. Mədəniyyətlərin qovuşması ilə bağlı yazıçıların iştirak etdiyi bir tədbir idi. Məni də dəvət eləmişdilər, bir əsərimdən parça oxumalı idim. Mən Azərbaycan dilində, onlar italyanca oxuyacaqdıq. Bir də hakimiyyət və yazıçı mövzusunda çıxış edəcəkdim. Bu, çox qədim mövzudur.

– Xarici pasportunuzu da almışdılar?

– Dünən almışdılar, bu gün qaytarıb verdilər. Ancaq bir şey var ki, mənə cinayət işi açıblar. 220-ci maddənin 1-ci bəndi ilə. Guya dava salmışam.

– Sizi xuliqanlıqda ittiham edirlər?

– Bəli, bu formada uydurublar. Yalançı bir şeydir. Uşaq da bilir, böyük də bilir, 79 yaşın içindəyəm, durub kimləsə dalaşacağam? Bunlar uşaq şeyləridir. Buna heç kəsi inandırmaq da mümkün deyil. Ona görə cinayət işi açdılar ki, səfər eləməyə ixtiyarım olmasın. Artıq mən xaricə gedə bilmərəm. Məni bundan əvvəl, keçən ilin payızında Latviyada oxşar bir tədbirə çağırmışdılar. Xəstə olduğumdan gedə bilmədim. Noyabrda Praqada Vaslav kitabxanasında çıxış eləməliydim. Slovakiyada isə universitet tələbələri ilə görüşüm olmalıydı. Bəlkə o səfərlərə getməməyim üçündür. Yəqin, məsələhət deyil də harasa getməyim.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Baş verənlər 2012-ci ildə çap etdirdiyiniz qalmaqallı “Daş yuxular” əsərinizlə bağlı ola bilərmi?

– Çox sevinirdim ki, “Daş yuxular” siyasi kontekstdən çıxıb öz ədəbi taleyini yaşyır. Haray-həşir, qalmaqal keçir, əsər öz taleyini yaşamağa başlayır. Elə bilirdim ki, “Daş yuxular” artıq heç kəsi qıcıqlandırmayacaq. Amma bu da ola bilər. Bu haqda dəqiq bir şey deyə bilmərəm. Çünki saxlanmağım haqda heç kim dəqiq heç nə deməyib.

– “Daş yuxular”la bağlı qalmaqallardan sonra 2013-cü ildə prezident sizi prezident təqaüdündən, xalq yazıçısı adından məhrum etdi. İndi baş verənləri bunun davamı kimi qiymətləndirmək olarmı?

– Yeni bir kampaniyadır. Bilmirəm, bu, kimə lazımdır. Davamı kimi alınır da. İstəsəm də, istəməsəm də, davamı kimi alınır. Amma heç cür təsəvvür eləmirəm ki, bu, kiməsə sərfəlidir. Mənə sərfəli deyil. Ancaq hansı bir dairəyə maraqlı və lazımlı ola bilər, bunu dərk eləmək mənə çox çətindir. Çünki başa düşə bilmirəm. Mən çalışardım ki, Azərbaycanın dünyada güclü olsun. Azərbaycan dünya dövlətləri içində demokratik ölkə kimi tanınsın, sivil ölkə kimi təqdim olunsun. Bunu arzulayardım. Ancaq bütün bu hadisələr bunun əksi barədə informasiya verir. Bunu arzulamıram. Siyasətçi deyiləm, hakimiyyətlə də heç bir siyasi münaqişəm yoxdur. Mən ədəbiyyatçıyam.

– Əkrəm müəllim, sizə qarşı irəli sürülən maddədə ictimai işlər və bir ilə qədər islah işləri, 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur.

– Mən heç bilmirəm ki. Heç vaxt polis də görməmişəm. Elə bir insanam ki, ömrü boyu öz qayğılarımla, ailəmlə, əsərlərimlə yaşamışam. Heç polis idarəsi də görməmişəm. Mənim üçün bu hadisələr təzədir. Bu şeyləri heç təəsvvür də eləmirəm. Ancaq olacaqsa, nəticələri də bilinəcək.

– Bu maddədə həbs cəzası da var. Həbsə hazırsınızmı?

– (Gülür) Kim həbsə hazır olar ki? Kim razı olar ki, onu həbs eləsinlər? İnanmıram ona getsinlər. Çünki bu, çox mənasız bir iş olar. Yaşımın elə vaxtıdır ki, hər hansı bir gün ürək tutmasından, başqa bir səbəbdən həyatımı itirə bilərəm. Bu yaşda adamın xəstəlikləri çox olur. Çoxdandır ki, ürəyim xəstədir. Ürəyimi birtəhər saxlayıram. Bu mənim üçün ölüm hökmü olar.

Buna da bax: Bakıda anası uşağını dilənməyə belə məcbur edir

Bakıda uşaqları dilənməyə belə məcbur edirlər
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

XS
SM
MD
LG