Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:15

Einstein riyaziyyat imtahanından kəsilibmi?


Əksər dahilər kimi onun da uşaqlıq və tələbəlik dövrü barədə ziddiyyətli hekayətlər dolaşır

Elm dünyası elə indicə böyük bir müjdə verib: Alimlər kainatın dərinliyində iki böyük qara dəliyin toqquşmasından yaranmış cazibə dalğalarını kəşf ediblər.

Lakin Albert Einstein özünün Ümumi Nisbilik Nəzəriyyəsi ilə bunu hələ bir əsr bundan əvvəl ehtimal etmişdi.

Əslində, elmin təzəcə elan etdiyi bu kəşf Einstein dühasının təntənəsini təsdiqləyib.

Cazibə dalğalarının mövcudluğu ehtimalını Einstein 106 il bundan əvvəl söyləyib
Cazibə dalğalarının mövcudluğu ehtimalını Einstein 106 il bundan əvvəl söyləyib

Bu fizika nəzəriyyəçisinin irəli sürdüyü elmi müddəalar bəşər övladının dünyaya baxışını və onun qavranmasını tamamilə dəyişib.

Valerie Strauss “The Washington Post” qəzetində yazır ki, Einstein-in həyatı haqqında tamamilə müfəssəl məlumat mövcuddur.

O 1879-cu ildə Almaniyada doğulub, İsveçrənin Bern şəhərində patent bürosunun işçisi olub, 1905-ci ildən 1915-ci ilədək dünyanı lərzəyə salan Ümumi Nisbilik Nəzəriyyəsini ərsəyə gətirib. Bu nəzəriyyə kainat, zaman və cazibə arasındakı təsirlərin izahını verib və müəllifini elmin zirvələrinə qaldırıb.

Einstein 1933-cü ildə Birləşmiş Ştatlara mühacirət edib və peşəkar kareyerasının bütün qalan hissəsini Prinstondakı Mütərəqqi Araşdırma İnstitutunda keçirib. 1955-ci ildə baş vermis vəfatınadək elmdə, siyasi və ictimai işlərdə fəal olub.

Lakin əksər dahilər kimi onun da uşaqlıq və tələbəlik dövrü barədə ziddiyyətli hekayətlər dolaşır. Məsələn deyirlər ki, o, tənbəl uşaq olub, riyaziyyatı pis bilib və hətta oxumaq qüsurundan əzab çəkib. Bəs görəsən bunlardan nə qədəri həqiqətdir?

İsraildəki Albert Einstein Arxivləri də daxil, bir çox mənbələr onun haqqında dolaşan əfsanələrin yarı gerçək, yarı yalan olduğunu göstərir.

*Onun dili gec açılıb? O öz bioqrafı Carl Seelig-ə deyib ki, nisbətən gec dil açıb və narahat valideyinləri onu hətta həkimə aparıblar. Lakin 2 yaşlı Albertin nənə və babasının qohumlara yazdığı məktubda bu barədə bir kəlmə də deyilmir, əksinə onlar uşağın “gic-gic ideyaları”ndan yazırlar.

*O pis tələbə olub? Einstein arxivinin bioqrafiyasına görə o məktəbə 6 yaş yarımlığında gedib, yüksək qiymətlər alsa da, ilk müəllimləri onda elə bir qeyri-adi istedad görməyiblər. O müəllimlərin qoyduğu sərt qaydalara və onların tələbkarlığına nifrət edərmiş.

13 yaşında “Təmiz idrakın tənqidi”ni oxuyandan sonra elan edib ki, Kant onun ən sevdiyi müəllifdir

O məktəbə sayğısızlığını 9 yaş yarımdan getdiyi mötəbər Luitpold Gimnaziyasında da davam etdirib. O bəzi fənləri başqa fənlərdən üstün tutsa da, yüksək qiymətlərlə oxuyub. 11 yaşında o artıq universitetlər üçün yazılmış fizika kitablarını oxuyurmuş və 13 yaşında “Təmiz idrakın tənqidi”ni oxuyandan sonra elan edib ki, Kant onun ən sevdiyi müəllifdir.

*O riyaziyyat imtahanından kəsilibmi? O riyaziyyatda güclü idi, lakin Sürix Politexnik Məktəbinə daxil olanda qəbul imtahanından doğrudan da kəsilmişdi. O vaxt onun 11 yaşı vardı. O hətta ali məktəbi 16 yaşında bitirəndə də fransızca yaxşı danışa bilmirdi və sözü gedən imtahanı fransızca vermişdi.

Riyaziyyatda yaxşı idi, amma dil, botanika və zoologiya fənlərində uğur qazana bilməmişdi. 1984-cü ildə New York Times yazırdı ki, onun imtahan üçün yazdığı esse “səhvlərlə dolu” olsa da, burda sonrakı maraqlarını dəqiq ifadə etmişdi: “Mən özümü bu təbiət elmləri sahəsində müəllim kimi görürəm, lakin bu elmlərin nəzəriyyə hissəsini seçirəm”.

Albert Einstein haqqında əfsanələrin gerçəyi də var, yalanı da
Albert Einstein haqqında əfsanələrin gerçəyi də var, yalanı da

Einstein əvəzində Aargau Kantonu Məktəbinə (Cantonal School) daxil olmuşdu, hərçənd fransızca hələ də çətinliklə danışırdı. O yalnız bu məktəbdən sonra, 1896-cı ildə avtomatik olaraq həmin o Sürix Politexnik İnstitutuna qəbul edilmişdi.

*Onun oxumaq çətinliyi var idimi? Geniş yayılmış inanca görə Einstein dislektik olub. Disleksiya “oxuma çətinliyi” deməkdir. Belə şeyləri insanın ölümündən sonra yoxlamaq mümkün olmasa da bioqrafları deyirlər ki, belə bir problem olmayıb. Yenə də danışırlar ki, o, ADHD xəstəliyindən – yəni diqqət çatışmazlığı və hiperaktivlik sindromundan əzab çəkib və xəyalpərvər olub.

Onun çox huşsuz olduğu barədə məlumatlar da var. Bəzi mənbələr onda autizmin bir forması olan Asperger sindromunun olduğunu bildirir. Bu sindrom sosial özünəqapalılıq və təkrarlı hərəkət davranışı ilə müşayiət olunur. 2003-cü ildə BBC Kembric və Oksford universitetləri alimlərinə istinadən bildirmişdi ki, Einstein, eləcə dəIsaac Newton uşaqlıda Asperger sindromunun əlamətlərini daşıyıblar.

Bütün bunlar, əgər lap doğrudursa da, onu tarixdə ən məşhur və ən parlaq alim olmaqdan məhrum edə bilməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG