Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:53

Efiopiyalının Olimpiya etirazı


Feyisa Lilesa
Feyisa Lilesa

Qaçış üzrə efiopiyalı atlet Feyisa Lilesa Rio Olimpiadasında finiş xəttini keçəndən sonra əllərini başı üzərində X formasında qaldırıb. «The Washington Post» qəzetində Kevin Sieff yazır ki, gümüş medalçının bu jestinin mənasını çoxları anlamayıb. Halbuki çox təhlükəli bir hərəkət idi, buna görə ölkəsində həbsə atıla bilər.

ETİRAZLARDA 400-DƏN ÇOX ÖLƏN OLUB

Lilesa həmin jestlə Efiopiya hökumətinin etnik çoxluq olan Oromo xalqının yüzlərlə nümayəndəsini qətlə yetirməsinə etiraz edirdi. Oromo xalqı hökumət tərəfindən sıxışdırıldığını deyir, onlara məxsus torpağın yenidən bölüşdürülməsinə etiraz aksiyaları keçirib. «Human Rights Watch» insan haqları təşkilatının məlumatına görə, noyabrdan bəri bu qanlı aksiyalarda 400-dən çox adam öldürülüb.

Oromo aylardır həmin bu X jestindən istifadə edir. 26 yaşlı Lilesa mətbuat konfransında da həmin mesajının arxasında durub:

«Efiopiya hökuməti mənim xalqımı öldürür, Oromo tayfasına mənsubam. Hər yerdə bu etirazları dəstəkləyirəm. Yaxınlarım həbsdədir, demokratik hüquqlar barədə danışırlarsa, onları öldürürlər».

Qəzet yazır ki, atletlə bağlı hər şey bir neçə saniyə içində dəyişib, Lilesa milli qəhrəmandan ölkəsinə qayda bilməyəcək bir şəxsə çevrilib. Axı xeyli sayda Oromo etirazçısı indi həbsdədir.

Efiopiya dövlət televiziyası oyunu təkrar göstərməyib.

ABŞ YENƏ «DƏRİNDƏN NARAHATDIR»

Lilesa da təhlükədən agahdır. Deyib ki, ola bilsin, başqa yerə köçməli olacaq:

«Efiopiyaya qayıtsam, məni öldürə bilərlər. Öldürməsələr belə, həbsxanaya sala bilərlər. Hələ qərar verməmişəm, amma ola bilsin, başqa bir ölkəyə köçdüm».

Müəllif yada salır ki, yarışmadan sonra atletin belə bir qərar verməsi birinci dəfə deyil. 2014-cü ildə qaçış üzrə dörd atlet Birləşmiş Ştatlardan sığınacaq istəmişdi.

Amma Oromo xalqının mübarizəsi və Efiopiya hökumətinin dinc sakinlərə qarşı gücdən istifadəsi ilk dəfədir belə yüksək səviyyədə gündəmə gəlir. Bu ayın əvvəlində ABŞ-ın Əddis-Əbəbədəki səfirliyi son etirazlardakı qətllərdən «dərin narahatlığını» bildirib. «Efiopiya ABŞ-ın «Əş-Şabab» islamçı qruplaşmasıyla mübarizədə müttəfiqidir. Bu səbəbdən, Amerika rəsmiləri tənqidlərində bundan uzağa gedə bilməyiblər», - müəllif yazır.

SOSİAL MEDİA QƏHRƏMANI

Efiopiyadan kənarda yaşayan Oromo dissidentləri isə sosial mediada xeyli fəaldırlar. Lilesa finiş xəttini keçən kimi Twitter və Facebook sosial şəbəkələri onun fotolarıyla dolub.

Lilesa 8 ildən çoxdur Efiopiyanı beynəlxalq yarışlarda təmsil edir. Marafon xəttini ən qısa müddətə (2:04:52) başa vuran atletlər sırasındadır.

Efiopiya Afrikanın sürətlə inkişaf edən ölkələrindəndir, çoxları ona iqtisadi potensial modeli kimi baxırlar. Hökumət etirazlarla bağlı tənqidləri qəbul etmir, bu ayın əvvəlində deyib ki, «nümayiş cəhdləri yaxın-uzaq xarici düşmənlərin yerli qüvvələrlə tərəfdaşlığı sayəsində ərsəyə gəlib».

XS
SM
MD
LG