Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:17

Günel Mövlud. Təfəkkürsə budur…


Günel Mövlud
Günel Mövlud

-

"Meşələr, çaylar, dağlar. Amma o yerlərdə yaşayan gəncliyin ixtiyarı yoxdu ki, oğlanlı-qızlı yığışıb piknikə, gəzməyə, əylənməyə getsinlər. Ünsiyyətdə olsunlar, bir-birini tanısınlar."

"Hələ, guya bu, müəllimədir. Başqalarını bu öyrətməlidir. Təfəkkürsə budur, 7 yaşlı oğlunu balaca qıza qısqanır."

Günel Mövlud

Yanıqlıq, yoxsa…

Bir dəfə Ağcabədiyə yolum düşdü. Bir dostum o rayonda məsul vazifədə işləyirdi.

Onunla Bakida tanış olmuşduq; şair, jurnalist idi, əsl ixtisası hüquqşünas olduğundan, doğma rayonlarına qayıdıb icra hakimiyyətində yaxşı bir işə düzəldi.

Ona həm də buna görə zəng eləmişdim ki, biliridm, bir qarabağlı olaraq, dəhşətli dərəcədə qonaqpərvərdi. Həm də bilsə ki, onun rayonuna gəlmişəm, amma ona baş çəkmədən getmişəm, inciyəcək.

Dostum əməlli-başlı şairliyi atıb, məmur olmuşdu. Rayon yerinin məmurdan tələb elədiyi qaydalara da bərk riayət edirdi.

Məni də maşınla qarşıladı, qalstukda, kostyumda-zadda. Yayın günü idi, bir az da mən məzələndim onunla, dedim məmur olmusan-zad, pencəyini çıxartdı. Bir az rahat oldu.

Ağcabədiyə arxeoloji qazıntılardan yazmağa getmişdim. O vaxt arxeoloqlarımız orda qədim şüşə ətir qabı tapmışdılar və bununla da sübüt eləmişdilər ki, bizdə qədim mədəniyyət olub - filan..

Dostum məni kim lazım idisə, hamısı ilə görüşdürdü. Qazıntı aparılan yerləri gəzdirdi. Sağ olsun, hörməti artıq olsun, bütün günü mənimlə girinc oldu.

Axşam düşdü, dedi, səni gözəl bir yerə aparacam, düzdü, burda ora qadınları aparmırlar, amma sən seksizmə nifrət edirsən, gedək, ümid edirəm maraqla bizə zillənəcək baxışlar səni narahat etməz.

Getdik. Dostum düz deyirmiş, son dərəcə gözəl bir yer idi. Kür çayının üstündə, sərin, söyüdlü, açıq bir çay evi.

Çox dadlı samovar çayı, gözəl mürəbbələr gətirdilər. Aran rayonunun adamı qarsan günortasından sonra sərin meh, söyüdlü sahil, çayın üstündə samovar çayı. Bilənlər bilir ki, bu, necə gözəl həzzdir.

Oturduq, Kürə baxa-baxa çay içdik. Bakıdan, dostumun şair vaxtlarından, ortaq dostlarımızdan söhbət elədik.

Hərdən başqa müştərilərdən kimsə bizə yaxınlaşır, dostumu qırağa çəkir, nəsə deyirdi. Soruşdum, nə məsələdi. O da gülə-gülə dedi, bunlara gəl başa sal ki, şair dostumdu, qələm adamıdı, yazmağa gəlib.

Hamısı deyir ki, xanım qonağın var, bura niyə gətirmisən, nə çoxdu qapalı, rahat restoranlar. Təbii ki, fikir vermədik, amma məsələ fikir verməyəcək qədər sadə deyil.

Əyalətldə qadınlar ikiqat, üçqat, onqat çətin, ayrımçı şəraitdə yaşayırlar. Kürün üstündə gözəl çay evi var, amma qadınları aparmaq olmaz.

Fərqi yoxdu, arvadındı, sevgilindi, dostundu, qızındı, dəxli yoxdu, mentalitet iaşə obyektlərində də nəhəng bir sədd çəkib qadınla kişinin arasında.

Tək-tük, “Ailəvi” kimi axmaq bir söz yazılmış kafe-restoranların da ancaq qapalı kabinetlərdə oturmaq olar qadınlarla. O da yanlarında kişi varsa. Yanlarında kişi yoxdursa, kabinetdə də rahat olmayacaqlar.

Biz sadəlövhcəsinə elə düşünürük ki, bu vəziyyət kişilər üçün daha rahatdır. Əslində, kişi cinsi üçün də faciədir.

Oğlan uşağı doğulandan əks cinslə arasında dəmir sədd olduğunu dərk edir. Uşaq vaxtı qızla oynamağa qoymurlar, yeniyetmə vaxtı qız tay-tuşlarıyla gəzməyə, əylənməyə getmək imkanı yoxdur.

Ona görə də, hərlənib-fırlanıb, cavan oğlan olanda bir qız tapır. Sevgili olanda da bilmir necə rəftar eləsin, necə davransın qızla.

Oğlanlar var, qızla görüşə gedəndə əl-ayağı əsir. Yazıq neyləsin, bilmir ki, nə demək, necə davranmaq lazımdır. Fağır həmişə kişi, oğlan ünsiyyəti görüb, onlarla davranmağı bilir ancaq.

Almaniyada bir tanışımız vardı. 4 yaşlı oğlu uşaq bağçasına gedirdi. Az qala, hər gün ana oğlu ilə bağçadan evə bir balaca qəz gətirirdi. Oynayırdılar, şirə, çay içir, birlikdə cizgi filmlərinə baxırdılar.

Bir dəfə soruşdum ki, niyə həmişə qız uşağı gəlir bağçadan, oğlan dostla oynasa, olmaz?

Hələ, guya bu, müəllimədir. Başqalarını bu öyrətməlidir. Təfəkkürsə budur, 7 yaşlı oğlunu balaca qıza qısqanır.

Dedi ki, əlbəttə olar, sadəcə qız dostlarıyla çox vaxt keçirməsini ona görə istəyirəm ki, indidən əks cinsin xasiyyətlərinə bələd olsun.

Bilsin ki, onlarla necə davranmaq lazımdır. Sonra böyüyəndə, sevgilisi, arvadı ilə problemi az olsun, onu anlaya bilsin.

Amma bir rəfiqəmin bacısı var. Müəllimədir. 7 yaşlı oğlu qonşu qızla oynayırmış hər gün. Müəllimə bir gün hirslənib oğlunu aralayıb gətirib ki, görərsiz, o qızgil hərləyib fırlayıb, qızlarını oğluma sırıyacaqlar.

Hələ, guya bu, müəllimədir. Başqalarını bu öyrətməlidir. Təfəkkürsə budur, 7 yaşlı oğlunu balaca qıza qısqanır.

Əyalətlərdə lap bədbəxtçilikdir. Gənclər, yeniyetmələr bilmirlər necə əylənsinlər, necə vaxt keçirsinlər. Qarşı cinsə maraq var, amma arada sədd var.

Azərbaycan gəncliyi, xüsusilə də əyalətdə gənclik qalıb bir-iki düşük, anti-humanist, seksist ifadənin əlində: “Odla pambığı bir yerə qoymaq olmaz”, “Qızla oğlanın dostluğu tutmaz”.

Yaxınlaşmaq olmaz, söhbət etmək olmaz.

Cinsəl söhbətləri hələ qoyaq bir kənara. Hərçənd, bu da vacibdir.

Amma lap elə insan kimi də, bir-birlərinin xasiyyətini, davranışlarını öyrənə bilmirlər.

Azərbaycan gəncliyi, xüsusilə də əyalətdə gənclik qalıb bir-iki düşük, anti-humanist, seksist ifadənin əlində: “Odla pambığı bir yerə qoymaq olmaz”, “Qızla oğlanın dostluğu tutmaz”.

Vəssalam. Yerli Buddalar hər şeyi həll elədilər. O fağır gəncliyin də dili-ağzı yoxdur ki, desin, ay ana, ay ata, ay nənə, mən pambıq deyiləm, mən od deyiləm, mən gəncəm, tay-tuşumla vaxt keçirmək istəyirəm.

Təsəvvür edin, gözəl mənzərəli, gözəl təbiətli rayonlarımız var. Meşələr, çaylar, dağlar.

Amma o yerlərdə yaşayan gəncliyin ixtiyarı yoxdu ki, oğlanlı-qızlı yığışıb piknikə, gəzməyə, əylənməyə getsinlər. Ünsiyyətdə olsunlar, bir-birini tanısınlar.

Mentalitet bu yenyitmələrin ən sadə, ən insani tələblərini, istəklərini mümkünsüzə çevirib.

Sonra da deyirlər, avropalı gənc niyə inkişaf edir, 20 yaşında atom parçalayır, 30 yaşında Nobel alır.

Əlbəttə, 5 yaşında qızla oynayan, 13 yaşında qızla kinoya gedən, 17 yaşında cinsəl həyatını problemsiz yaşamağa başlayan gənc 20 yaşında özünü şəxsiyyət kimi gerçəkləşdirməyə başayacaq.

Bizim fağır gəncsə 25 yaşında hələ də ya bakirdir, ya bakirə. Hormon vurub beyinə, əsəblər sıradan çıxıb, onun yadına elm hardan düşsün.

Sonra da deyirlər, bizim oğlanlar yanıqdır. İnsafınız olsun. Yanıq o adamdı ki, əks cins bolluğudur, problemsiz cinsəl həyat var, amma onun yenə gözü doymur, küçədə-bayırda tutduğunu buraxmır. Yanıqlıq odur.

Yoxsa 27-28 yaşında, ömründə bir qızla kafedə oturub söhbət etməyən, bulvarda gəzməyən, əli qız əlinə dəyməyən oğlan küçədə qız-qadın görəndə, laqeyd qala bilmirsə, bunun adı yanıqlıq deyil axı.

Sosial şəbəkələrdə qız profillərinə o dəqiqə tanışlıq xahişi göndərənləri də başa düşmək lazımdır. O yetim, bəs harda tanış olsun qızla?

Küçədə yaxınlaşır, - manyak deyirsiniz, sosial şəbəkələrdə yazır, - yanıq deyirsiniz. Hamı yeniyetməlikdən azad, sərbəst çevrəyə düşmür axı.

Başımızı soxmuşuq quma, arxamızdan xəbərimiz yoxdur. Özümüzə bir ünsiyyət oazisi yaratmışıq, əks cinsin sadəcə onunla bir masada, bir ortamda varlğının həsrətini çəkənlərə yanıq deyirik.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG