Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:49

►"Mən oyuncaq deyiləm"

Azad Avropa və Azadlıq Radiolarının əməkdaşı Daisy Sindelar yazır ki, Bakı Xədicə İsmayılovanı azad etməyin xeyir və risklərini ölçüb-biçir

Məqalədə deyilir ki, Republika günü ərəfəsində 3500-ə qədər məhbus amnistiya ilə azadlığa çıxacaq.

Araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı irəli sürülmüş ittihamlar onun bu siyahıya düşməsinə mane olsa da, bu dəfə onun da azad edilə biləcəyi barədə söhbətlər gəzir.

Qərb hökumətləri və beynəlxalq media azadlığı qurumlarının artmaqda olan təzyiqi, habelə apellyasiya şikayəti təmin olunmadığı təqdirdə Xədicə İsmayılovanın işinə Avropa İnsan Hüquqları Məhkəməsində baxılacağı təhlükəsi də öz rolunu oynaya bilər.

Üstəlik jurnalistin Avropa Məhkəməsindəki nümayəndəsi Amal Clooney kimi tanınmış hüquqşünasdır. Azərbaycan hakim dairələri barədə müfəssəl biliyə malik mənbələr qeyd edirlər ki, Xədicə İsmayılova və müxalifət lideri İlqar Məmmədov kimi siyasi məhbusların azad edilməsi perspektivi hakim elita üçün şəxsi təhlükə kimi nəzərdən keçirilir.

Xatırladaq ki, Avropa Məhkəməsinin İlqar Məmmədovun həbsinin siyasi motivli olduğu barədə qərar qəbul etməsinə baxmayaraq o hələ də həbsxanadadır.

"ONLAR BEYNƏLXALQ NÜFUZA MALİKDİR"

Arif Məmmədov

Arif Məmmədov

"Hakimiyyər nəyin bahasına olursa-olsun, həm İlqar, həm də Xədicəni barmaqlıqlar arxasında saxlamağa çalışır," - Azərbaycanın AB yanında keçmiş səfiri Arif Məmmədov deyir.

"Onlar rejim üçün təhlükə hesab olunur və rejim də bunu bilir. Onlar həm də bilirlər ki, İlqar və Xədicə həbsxanadan çıxan kimi mübarizələrini davam etdirəcəklər. Onların hər ikisi əhəmiyyətli beynəlxalq nüfuza malikdir və tanınırlar. Onların azadlığa buraxılmasının gecikdirilməsi təəccüblü deyil."

Xədicə İsmayılovanın azad edilməsi məsələsində siyasi amillərdən başqa iqtisadi amil də mövcuddur.

Azadlıq Radiosunda işlədiyi zaman Əliyevlər ailəsindəki korrupsiyanı araşdıran İsmayılova hakim klanla bağlı ilk işini 2010-cu illərin əvvəllərində dərc edib. O vaxt rejimin on milyardlarla dollarlıq neft gəlirindən qaynaqlanan gücü hüdudsuz görünürdü. Xədicə İsmayılova 2012-ci ildə Bakıda Eurovision mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində 134 milyon dollarlıq konsert zalının tikintisindən Əliyevlərin şəxsi qazanc götürməsi faktını aşkar etmişdi.

Ancaq 2014-cü il dekabrın 5-də Xədicə İsmaylovanın həbs olunmasına qədər neft istehsalı artıq pik həddə çatmışdı, xarici investisiyalar isə tükənməkdə idi. Artıq Əliyevlər ölkənin gərginləşməkdə olan siyasi ierarxiyasını sakitləşdirmək üçün böyük pullara arxalana bilməzdilər. Son 30 ay ərzində ölkə iqtisadiyyatı düşüş yaşayır. Xam neftin bir barrelinin qiyməti 40 dollar ətrafındadır, ölkənin xarici valyuta ehtiyatı isə 10 milyard dollardan aşağı enməkdədir. Milli valyuta isə 2015-ci il ərzində dollara nəzərən dəyərini iki dəfə itirib. Bəzi müşahidəçilər son zamanlar müşahidə olunan əfv dalğasının məhz maliyyə xaosu perspektivi ilə izah edirlər.

"İNTENSİV DANIŞIQLAR GEDİR"

Mehman Əliyev

Mehman Əliyev

Əliyevin martda imzaladığı əfv fərmanı Novruz bayramına həsr olunsa da, həm də onun ABŞ prezidenti Barack Obamadan Vaşinqtonda keçiriləcək nüvə sammitinə dəvət gözlədiyi vaxta təsadüf edirdi. Üstəlik Dünya Bankından kredit almaqla bağlı danışıqlar gedirdi. "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev deyir ki, Azərbaycan prezidenti illərlə beynəlxalq rəyə məhəl qoymadıqdan sonra indi Qərbin maliyyə dəstəyini almağa çalışır.

____________________________________________________________

Bunlara da bax:
Məhkəmə Xədicənin vəkilinə "yox" dedi
Sabiq rəisin məhkəməsi başlanır

____________________________________________________________

Onun sözlərinə görə, bu baxımdan Xədicə İsmayılova sövdələşmə obyekti ola bilər. Ancaq masanın üzərində onlarla amil var, xüsusən də Qarabağ münaqişəsinin yenidən gündəmə gəldiyi məqamda. "Məncə, intensiv danışıqlar gedir və hakimiyyət də buna uyğun addımlar atır," Mehman Əliyev deyir.

Onun sözlərinə görə Xədicə İsmayılovanın azad edilməsi "daha böyük bir mənzərənin bir hissəsidir: iqtisadi böhranın həlli, Qarabağ, regional təhlükəsizlik və s. Azərbaycan hakimiyyəti Qərbdən təminatverici addımlar gözləyir, məsələn, kredit..." ABŞ-ın əlində olan rıçaqlar arasında Azərbaycan Demokratiya Aktı var. Bu qanun layihəsi qəbul edilərsə, Azərbaycan hökumətinin yüksək rütbəli məmurları və onların ailə üzvlərinin ABŞ-a girişinə qadağa qoyulacaq.

Dekabrda təklif edilmiş və birbaşa Xədicə İsmayılovanın işi ilə əlaqələndirilmiş bu qanun layihəsinin qəbul edilməsi Vaşinqtonla Bakı arasında çox yavaş gedən istiləşmə səbəbindən təxirə salındı.

Hazırda Avropada siyasi sığınacaq almış keçmiş səfir Arif Məmmədov deyir ki, hakimiyyət sanksiya təhlükəsindən həqiqətən də narahat olub və onların qəbul olunmaması üçün danışıqlara hazırdır. Hakimiyyət Xədicə İsmayılova və İlqar Məmmədovun azadlığa çıxacaqları təqdirdə ictimai fəaliyyətlə məşğul olmayacaqları barədə vəd verməsini istəyə bilər. Ancaq Xədicə İsmayılova dəfələrlə azadlığa çıxacağı təqdirdə mühacirət etməyəcəyini, ölkəni tərk etməsi müqabilində verilmiş əfvi rədd edəcəyini elan edib.

"MƏN OYUNCAQ DEYİLƏM"

Ərəstun Oruclu

Ərəstun Oruclu

Bakıdakı "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da düşünür ki, hakimiyyət gələcəkdə nə baş verəcəyindən arxayın olmamış bu iki siyasi məhbusu azad etməyəcək.

"Məncə, hakimiyyət həm İlqarı, həm də Xədicəni neytrallaşdırmağa çalışır, yalnız bundan sonra onları azad etmək niyyətindədir. Ola bilsin hakimiyyət onların azadlığa çıxan kimi ölkəni tərk etmələrini istəyir. Yaxud ola bilsin onlar həm Xədicə və İlqarın azad olunan kimi fəaliyyətlərini dayandırmalarını istəyir. Hakimiyyətin tam olaraq nə etmək istədiyini demək çətindir,"

İctimai təzyiq də davam edir. Xədicə İsmayılova dünyada hücuma məruz qalan jurnalistlər arasında tanınmış simalardandır. Mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günün münasibətilə Xədicə İsmaylova Helsinkidə UNESCO-nun 2016-cı il Guillermo Cano mükafatına layiq görüldü. Mükafatı onun adından anası götürdü. İsmayılova martda "Washington Post" qəzetində dərc etdirdiyi köşə yazısında dünya ictimaiyyətini Əliyevin əfv fərmanları ilə bağlı ehtiyatlı olmağa çağırmışdı.

"Mən bəzi siyasi məhbusların azad edilməsinə görə xoşbəxtəm, çox xoşbəxtəm. Ancaq mən Bakı, yaxud Vaşinqtonun diplomatik mənfəət xatirinə dəyişdirə biləcəyi oyuncaq deyiləm... Biz məhbəsin içində, yaxud çölündə olmağımızdan asılı olmayaraq rejimin əsirləriyik."

Bundan sonra "New York Times"da dərc edilmiş yazıda qəzetin redaksiya şurası UNESCO-nu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xoşməramlı səfir statusuna yenidən baxmağa çağırdı.

Keçmiş siyasi məhbus Rəsul Cəfərovun yaratdığı "Haqlar Naminə İdman" qrupu Formula 1-i Bakıda keçiriləcək Grand Prix-dən əvvəl siyasi məhbusların azad edilməsini tələb etməyə çağırıb. "Haqlar Naminə İdman" qrupu Xədicə İsmayılın 40 yaşı tamam olan gün, mayın 27-də bütün dünyada 40-dan artıq etiraz aksiyasının keçirilməsinə təşəbbüs göstərib.

Buna da bax: Məhkəmələr sizi necə qoruyardı?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG