Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:07

Keçmiş məhbus: 'Həbsxanaya dönmək istəmirəm'


Həbsxana (arxiv fotosu)
Həbsxana (arxiv fotosu)

“Yenidən həbsxanaya dönmək istəmirəm, işləmək, özümü dolandırmaq istəyirəm”.

Bunu yenicə şərti azadlığa çıxmış Nazim Əliyev (ad şərtidir) deyir. 9 ilini həbsxanada keçirmiş Nazimin yolu oraya 18 yaşında düşüb. O, ər-arvad münasibətlərində problem yaşayan ailənin tək oğlu olub, 15-16 yaşında evdəki dava-dalaşdan bezib küçələrə düşüb.

Buna da bax:​ 'Uzun illər "srok" yatanlar niyə azadlığa çıxmaq istəmir...'

“Burda bəzi adamlarla tanış oldum, uşağıydım, aldandım”, – o, törətdiyi cinayəti, olayı xatırlamaq istəmir.

9 il həbsxanada neyləyib? Nazim “heç nə” deyir, əlavə edir ki, günlərini sayıb, azadlığa çıxacağı günü gözləyib: “Amma bilmirdim, neyləyəcəm. Orda bir-iki emalatxana vardı, toxuyurdular, qaynaqçılıq idi, bir də təsbeh düzəldirdilər. Orda yer az olurdu işləməyə”. Amma Nazim onu da etiraf edir ki, məhbuslar arasında belə yerdə işləməyə yaxşı baxılmadığından o da təsir altına düşüb.

Kompüteri öyrənmək istəyib, amma kitabxanadakı yeganə kompüterin dilini ona başa salan olmayıb.

Buna da bax: Əli Kərimli: Nuray olayı ölkədə zorun legitimləşməsinin göstəricisidir

“Çoxu azadlığa çıxandan sonra nə iş görəcəyini bilmirdi”

Ötən ilin martında əfv sərəncamı ilə azadlığa buraxılmış hüquq müdafiəçisi Anar Məmmədli həbsdə olduğu müddətdə gənc yaşlarında yolu məhbəsə düşənləri çox görüb. Onun sözlərinə görə, hətta 16, 17 yaşlarında həbsxanaya düşmüş məhbuslar tanıyıb: “Uzun müddətli həbsxana həyatından sonra onlar azadlığa çıxanda gördükləri yeniliklər onları şoka salır, buna görə də sosiallaşa bilmirlər. Düzdür, ailəli keçmiş məhbuslara daha asandı, yaxınları onlara arxa çıxır, onların sosial həyata qayıtmasına çalışırlar”.

Anar Məmmədli deyir, söhbət ondan gedir ki, özəlliklə, gənc məhbuslar dustaq həyatı bitdikdən sonra bir peşə sahibi olmadıqlarından özlərinə yeni həyat qurmaqda çətinlik çəkirlər: “Təsəvvür edin, 22-23 yaşında gəncdir, ömrünün 5-6 ili həbsxanada keçib, indi azadlığa buraxılır. Ailə dağılıb, gedəcək yeri yoxdur və o, işləməlidir ki, özünə çörək qazansın. Amma onun əlində heç bir sənəti yoxdur”.

Buna da bax:​ Əfv verilməməsinin səbəbi bəlli oldu

Hüquq müdafiəçisi cəzaçəkmə müəssisələrində peşə kurslarının olması barədə eşitdiyini deyir, ancaq olduğu həbsxanada bu kurslarda oxuyanı görmədiyini söyləyir. Onun sözlərinə görə, yalnız bir-iki məhbusun toxuculuqla bağlı kursa yazıldığını müşahidə edib.

“Toxuculuq nə qədər gəlir gətirən bir sahədir? Ondansa, qaynaqçılıq, dəmirçilik kimi peşələrə üstünlük verəydilər. Gənc məhbuslar üçün kompüter kursları təşkil olunmalıdır”, – Anar Məmmədli deyir. O vurğulayır ki, həbsxanada boş vaxt çoxdur və peşəsiz məhbuslara peşə öyrədilməsi üçün bütün imkanlara əl atılmalıdır.

“İmtahan verib diplom da alırlar”

Buna da bax:​ 'Siz bir insanların düşüncəsinə hakim kəsilən qorxunun miqyasına baxın'

Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən AzadlıqRadiosu-na deyirlər ki, artıq bir neçə ildir cəzaçəkmə müəssisələrində peşə kursları fəaliyyət göstərir. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, cəza müəssisələrinin çoxunda peşə kursları var, bu kursu bitirənlər imtahan verib, diplom alırlar. M. Sadıqov cəzaçəkmə müəssisələrində kompüter kurslarının təşkil olunduğunu deyir: “Peşə kurslarına təkcə gənc yox, arzu edən hər bir məhbus gedə bilər”.

Onun sözlərinə görə, məhbuslara dülgərlik, qaynaqçılıq, elektrik, motor ustalığı, kompüter proqramçısı kimi sənət növləri təklif olunur. Penitensiar xidmətinin sözçüsü əmin edir ki, əgər cəzaçəkmə müəssisəsində məhbuslar peşə öyrənərsə, azadlığa çıxanda daha rahat işlə təmin oluna bilərlər.

“Məhbusların özlərinin marağı yoxdur”

Buna da bax:​ ‘Ömrü də Şah İsmayıl qədər olsun’ statusuna görə 5 il, 6 ay...

Bir neçə il öncə Bakıda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində tərbiyə işinin təşkili üzrə böyük inspektor işləmiş, ədliyyə mayoru Rövşən Həsənli deyir ki, bütün məhbusların heç də hamısı peşə kurslarına cəlb olunmurdu: “İşlədiyim dövr haqqında danışa bilərəm, kağız üzərində daha çox göstərilsə də, əslində, məhkumların təqribən10-15 faizi işlə təmin olunurdu. İşləyənlərin də hamısı yox, 80 faizi bu kurslara cəlb edilirdi”.

Ancaq Rövşən Həsənli peşə öyrənilməsi məsələsində problemlər olduğunu həbsxana rəhbərliyindən yox, məhbuslardan qaynaqlandığını söyləyir. Onun sözlərinə görə, peşə öyrənməyə marağı olanlar maraqlandıqları sənəti orta səviyyədə də olsa, mənimsəyirdilər. Bir çoxu isə, sadəcə, kursu bitirmək barədə sənəd alırdılar.

Buna da bax:​ Həbsdəki şairin şikayəti təmin edilməyib

Keçmiş ədliyyə işçisi deyir ki, o, dəstə rəisi işləyəndə kurslara cəlb etmək üçün məhkumlarla maarifləndirici söhbətlər aparıb: “Əksəriyyətinin yazmaqla, oxumaqla arası yox idi. Çoxu adi ərizəni belə yaza bilmir, öyrənmək də istəmirdilər. Yenə deyirəm, kimin marağı, istəyi vardı, onu rahat cəlb edə bilirdik, kim ki gününü keçirirdi, elə də cəzasını başa vururdu”.

Rövşən Həsənli vurğulayır ki, 14 saylı müəssisədə böyük, zəngin kitabxana olsa da, 700 məhkumdan cəmi 30-35 məhbus faydalanırmış.

“Keçmiş məhbus” xofu

Buna da bax:​ Məhbus ailələrinin puça çıxan bayram ümidləri

9 ilini dörd divar arasında keçirib indi dolanmaq üçün iş axtaran Nazim Əliyev həyatını qura biləcəkmi? Onu ən çox narahat edən bu sualdır. Bir ilə yaxındır, azadlıqda olsa da, hələ ki, bir işıq ucu tapmayıb. Deyir, turizmə, otel işinə maraq göstərir, ancaq hansı iş yerinin qapısını döyürsə, təkcə əlində bir sənət olmaması yox, həm də keçmiş məhbusluğu ona mane olur:

“Halal zəhmətimlə yaşamaq istəyirəm, bir də ora qayıtmaq istəmirəm”, – gənc əlavə edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG