Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:48

-

Dünya Azərbaycanlılarının IV qurultayında çıxış edən prezident İlham Əliyev xaricdə yaşayan zəngin azərbaycanlıları ölkəyə sərmayə qoymağa çağırıb.

Musavat.com-un xəbərinə görə, prezident deyib ki, son illərdə Azərbaycana 200 milyard dollar sərmayə qoyulub. Onun yarısı xaricdən gəlib. Bu da onun fikrincə, ölkədə biznes mühitinin sağlam olmasının göstəricisidir.

Prezident deyib ki, xaricdəki azərbaycanlılar hər il, heç olmasa, bir dəfə ailələri ilə Azərbaycana gəlməyə çalışmalıdırlar: «Bu, həm vətənlə əlaqələrin qurulmasında vacibdir, həm də ölkəmizə faydalıdır. Azərbaycanın hər cür turizm təsisləri var, istirahət üçün infrastrukturlar mövcuddur. Qoy hər kəs öz ailəsi ilə istirahətini vətənində keçirtsin».

XARİCİ MEDİA İLƏ İŞ ZƏİF YERİMİZİDİR

Prezidenti İlham Əliyev çıxışında beynəlxalq media ilə iş məsələsinə də toxunub.

O qeyd edib ki, beynəlxalq media ilə iş məsələsinə dəstək verilməlidir.

«Bu, bizim zəif yerimizdir», - deyən prezident bu sahədə fəallığın artırılmasının vacibliyini vurğulayıb:

«Dünya səviyyəsində yeni jurnalist kadrlarının yetişməsinə, onların beynəlxalq media quruluşlarında yerləşməsinə nail olmaq lazımdır. Diaspor təşkilatları özlərinin saytlarını, qəzetlərini yaratsınlar. Həm Azərbaycan, həm də yaşadıqları ölkələrin dillərində. Ermənistan səfil bir ölkədir, ancaq bu istiqamətdə işləyirsə, biz də işləyə bilərik və işləməliyik».

«DİASPOR TƏŞKİLATLARI BİR-BİRİLƏ RƏQABƏT APARIR»

«Bəzi hallarda diaspor təşkilatları bir-biri ilə rəqabət aparır. Bu rəqabət sağlam olmalıdır. Bizim gücümüz birlikdədir».

APA-nın xəbərinə görə, prezident İlham Əliyev bunu Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında deyib.

O, xaricdəki diaspor təşkilatlarının birləşərək bir nöqtəyə vurmalı olduqlarını söyləyib: «Belə olanda, ictimaiyyətin onlara hörməti də artacaq. Xarici ölkələrin cəmiyyətləri görsələr ki, diaspor təşkilatları bir-birilə yola getmirlər, onlara münasibət yaxşı olmayacaq. Birlik əsas məsələdir. Azərbaycanlıların əksəriyyəti vətənpərvərdir və ölkəmizin güclənməsini istəyirlər».

Dövlət başçısı Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdəki səfirlərin daim diaspor təşkilatları ilə əlaqəli işləməli olduqlarını da qeyd edib: «İki ildən bir səfirlərlə görüşürəm və diaspor təşkilatlarına kömək göstərmələrini tapşırıram. Səfirlərlə onlar arasında əlaqələr güclənməlidir. Çünki məqsədimiz Azərbaycanın daha da güclənməsidir. İstəyirik ki, xaricdəki azərbaycanlılar yüksək mövqedə olsunlar, yerli qanunverici orqanlarda azərbaycanlıların sayı çoxalsın. Əfsuslar ki, xaricdə azərbaycanlılar icra və qanunvericilik orqanlarında kifayət qədər təmsil olunmurlar».

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG