Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:18

Akif Çovdarovun pensiya problemi


General Akif Çovdarov
General Akif Çovdarov

Keçmiş MTN rəsmilərinin işi üzrə məhkəmənin hazırlıq iclası bir aydır ki, davam edir.

Təqsirləndirilənlər MTN-in Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, eləcə də nazirlikdə onun tabeliyində işləmiş üç nəfər - Səlim Məmmədov, Orxan OsmanovAkif Əliyevdir.

Həbsdə olan MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov, hakimlər Elbəy AllahverdiyevMüslüm Əliyevdən ibarət heyət, amma Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxır.

Akif Çovdarov və daha üç nəfərin işi üzrə oktyabrın 31-də keçirilən məhkəməyə jurnalistlər yenə də buraxılmayıb. Məhkəmədə baş verənlər barədə AzadlıqRadiosu-na danışan Akif Çovdarovun vəkili Kamandar Nəsibov bildirib ki, həm özü, həm də müdafiə etdiyi şəxs cinayət işinin materialları ilə, hələ də, tanış olmayıblar. Ona görə də hazırlıq iclasında vəsatət qaldırıb və işlə tanış olmağa məhkəmədən daha iyirmi gün istəyib. Hakimlər kollegiyası vəsatəti qismən təmin edib və məhkəmənin hazırlıq iclası noyabrın 10-na qədər təxirə salınıb: "İş materialları ilə tanış olmaq üçün sonuncu dəfə bizə verilən müddət kifayət eləmədi. Ona görə də daha 20 gün istədik. Məhkəmə uzun müzakirələrdən sonra vəsatəti qismən təmin etdi. Çünki məhkəmə özü də başa düşür ki, iş materialları ilə tanışlıqdan ötrü kifayət qədər vaxt verilməməsi müdafiə hüququnun kobud pozuntusudu".

Buna da bax:​ Prokurorluq generalın açıqlamasını araşdırır

“ADAM, AZ QALA, ÖLÜRDÜ”

Məhkəmədə Akif Çovdarov özü də vəsatətə münasibət bildirərkən deyib ki, səhhətindəki problemlər üzündən gündə iki cilddən artıq material oxuya bilmir. Vəkilin sözlərinə görə, saxlanıldığı 1 saylı Bakı istintaq təcridxanasında Çovdarovun müalicəsinə imkan verilmir, bir həftədir ki, davam etdirdiyi aclıq aksiyası isə vəziyyətini daha da ağırlaşdırıb: "Aclıq eləyəndən bəri günü-gündən səhhəti pisləşir. Bu həftənin axırına qədər halı necə olacaq - bəlli deyil".

Kamandar Nəsibov istisna etmir ki, Çovdarovun ölümünə nail olmaq məqsədilə ona lazımi tibbi yardım göstərilmir. Vəkil bunu məhkəmədə hakimlərə də deyib.

"Hakimlərin nəzərinə çatdırdım ki, ötən şənbə və bazar günləri bu adam, az qala, ölürdü. Ürəyində kəskin ağrılar vardı. İki gün ərzində təcridxana əməkdaşlarından təcili yardım çağrılmasını xahiş eləsə də, çağırmayıblar. Ona lazım olan dərmanların heç birini verməyiblər. Axırda bazar günü axşam öz vəsaiti hesabına, işçilərdən xahiş edib ki, ona aptekdən dərman alıb gətirsinlər. Bununla əlaqədar mən, müdafiə etdiyim şəxs və digər vəkil Sadiq Rəsulovla birlikdə təcridxana rəisinin yanına getdik. Bildirdik ki, "siz işdə olmayan günlərdə rəhbərlik kimi məsul şəxslər, əgər vəziyyət bir az başqa cür olsaydı, Akif Çovdarovun ölümünə nail olacaqdılar". Bəlkə də elə fikirləri budur, ona görə də Akif Çovdarova gərəkən tibbi yardımı göstərmirlər. Bütün bunlar barədə də hakimlərə məlumat verdim", - vəkil bildirib.

Buna da bax:​ ​Generalın məktubu yayılıb: 'Məni öldürmək istəyirlər...'

K.Nəsibov Çovdarovun tibbi yardımla bağlı xahişini yerinə yetirməyən təcridxana əməkdaşlarının cəzalandırılması üçün Baş prokurora, Ədliyyə nazirinə, eləcə də məhkəmə prosesinə sədrlik edən Həbib Həsənova teleqramla müraciət edib. Teleqramda vəzifəsinin icrasından imtina edən şəxslər barəsində cinayət işi başlanması üçün uyğun addımlar atılması xahiş olunub.

PENSİYA MƏSƏLƏSİ DƏ RƏSMİLƏŞDİRİLMİR

Akif Çovdarovun ailə üzvlərinə təzyiqlər edildiyini, onların ölkədən çıxışına qadağa qoyulduğunu deyən müdafiəçinin sözlərinə görə, MTN generalının özünün də pensiya məsələsinin rəsmiləşdirilməsinə imkan verilmir. Bu səbəbdən Çovdarovun vəkili Dövlət Təhlükəsizliyi Xidmətini (DTX) məhkəməyə vermək niyyətindədir: "Çovdarovun pensiya məsələsinin rəsmiləşdirilməsinə DTX rəhbərliyi tərəfindən imkan verilmir. Sosial Müdafiə Nazirliyindən verilən sənədlər götürülüb. Bununla əlaqədar DTX rəhbərliyinə məktub yazmışdım ki, "qanunla siz o sənədlərin rəsmiləşdirilməsini qadağan edə bilməzsiniz, buna ixtiyarınız yoxdur". Barəsində heç bir məhkəmə hökmü olmayan şəxsin pensiyasının rəsmiləşdirilməsinə qadağa qoymaq tamamilə qanunsuz hərəkətdi. DTX rəhbərliyindən bu qanunsuzluğun dayandırılmasını istəmişik. Əks təqdirdə, DTX-nı məhkəməyə verəcəyik".

A.Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi və 19 nəfər artıq həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Buna da bax:​ 'Akif Çovdarovun durumu gündən-günə pisləşir'- vəkil

A.Çovdarov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksək rütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Buna da bax:

Akif Çovdarov məhkəmədə şikayət edib
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG