Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:03

Daşkəsən sakini: '2 gündür ki, örtüksüz evdə qalırıq'


Foto arxiv
Foto arxiv

«Evlərimiz hələ də örtüksüz qalıb. Nə bələdiyyə, nə də icra nümayəndəliyi maraqlanır».

Avqustun 26-dan 27-nə keçən gecə Daşkəsəndə baş verən qasırğadan zərər çəkmiş kəndlərdə hələ də dam örtüksüz qalan evlər var. Mərkəzdəki fəsadlar aradan qaldırılsa da, kəndlərdə vəziyyət ürəkaçan deyil. Bu barədə AzadlıqRadiosuna rayonun Xoşbulaq kəndinin sakinləri bildirib.

ONSUZ DA QƏZALI, ÇÜRÜK-ÇÜRÜK İDİ

Kənd sakini İsmayıl Qasımovun evinin dam örtüyü və tövləsi dağılıb: «Tövlə tamamilə dağılıb. Ev örtüksüzdür. Elektrik dirəkləri onsuz da qəzalı, xətlər çürük-çürük idi, indi hamısı yerli-dibli sıradan çıxıb».

Qasırğa Yuxarı Daşkəsən qəsəbəsinə də zərər vurub. Qəsəbə sakini Emin Əsədovun «Qaynar xətt»ə deməsinə görə, qəsəbə icra nümayəndəliyinə evinin dam örtüyünün təmiri üçün müraciət edib. Ancaq evi hələ də örtüksüzdür:

QIRILMIŞ AĞACLARA GÖRƏ KOMPENSASİYA TƏLƏBİ

«Yağış, ardınca da qasırğa həyətimizdəki bar verən meyvə ağaclarını qırıb. Ağaca görə kompensasiya hesablamırlar. Deyirlər, «evinin örtüyünü düzəldərik, ancaq ağac işinə biz baxmırıq»».

Kənddə elektrik dirəkləri ağacların üstünə aşdığından, sakinlər həmin ağacların yaxınlığından keçməyə qorxurlar. Demələrinə görə, hələ də naqillərin sarmaşıq kimi sarıldığı ağaclar var.

DİQQƏTDƏN KƏNARDA QALAN OLMAYACAQ

Daşkəsən rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qasırğanın bina və evlərdə, yol, elektrik, rabitə təsərrüfatlarında törətdiyi fəsadlar aradan qaldırılır. Fövqəladə Hallar Komissiyası zərər çəkmiş kəndlərdə olub, evlərə, həyətlərə və kənd təsərrüfatı sahələrinə baxış keçirib. Qasırğa nəticəsində qırılmış ağaclar da siyahıya alınır. «Təbii fəlakətdən zərər çəkmiş heç bir sakin narazı qalmayacaq. Fəsadlar tədricən aradan qaldırılır, zərərlər hesablanır».

Avqustun 26-da axşam saatlarında başlayan və yağış ilə müşahidə olunan güclü külək nəticəsində Daşkəsən şəhərində 10-dan çox yaşayış və sosial-inzibati binanın dam örtüyü qismən və tamamilə dağılıb. Bir neçə ağac aşıb, elektrik və rabitə xətləri qırılıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb. Qasırğa nəticəsində rayona enerjinin verilməsində 4 saat fasilə əmələ gəlib.

Bundan əvvəl Daşkəsəndə dolu bir neçə kənddə təsərrüfata zərər vurmuşdu.

XS
SM
MD
LG