Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:43

Azərbaycanda irqçilik və dözümsüzlük - Avropdan tərif və tənqid gəldi


Arxiv fotosu: Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə (solda) İsrailin Baş ravini Yona Metzger

Arxiv fotosu: Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə (solda) İsrailin Baş ravini Yona Metzger

.

İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (IDAK) iyunun 7-də yaydığı Azərbaycanla bağlı hesabatında qeyd edilir ki, son 5 ildə bu ölkədə həmin hallarla mübarizədə irəliləyiş əldə olunub. Amma ciddi problemlər hələ qalır.

ETNİK AZLIQLARA QARŞI NİFRƏT ÇIXIŞI YOXDUR

Hesabat 2015-ci il dekabrın 11-dək olan müddəti əhatə edir. İrəliləyişin isə 2011-ci ilin martından – komissiyanın üçüncü hesabatından bəri qazanıldığı vurğulanır.

“Azərbaycanda əhali ölkədə tarixən yaşamış azlıqlara münasibətdə ümumi bir açıqlıq göstərir. Ayrıseçkiliyi qadağan edən bir sıra inzibati və mülki qanunvericilik müddəaları var. Bundan başqa, Ali Məhkəmə irqçilikdən qoruyan beynəlxalq konvensiyaların tətbiqinin vacibliyini qeyd edir”, sənəddə deyilir.

O da vurğulanır ki, ölkədə milli azlıqlarla bağlı nifrət çıxışları barədə məlumat yoxdur. Azərbaycan dəfələrlə mədəniyyətlərarası dialoqla bağlı beynəlxalq forumlara ev sahibliyi edib. 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Ombudsman dözümlülüyü təbliğ edən maarifləndirmə kampaniyaları təşkil edib. “Son beş ildə Azərbaycanda etnik mənsubiyyətə görə zorakı nifrət çıxışı qeydə alınmayıb”, hesabatda deyilir.

Bunlara da baxın:

ETİBARLI STATİSTİKA

O da vurğulanır ki, Azərbaycan komissiyanın Miqrasiya Məcəlləsini qəbul etmək tövsiyəsini yerinə yetirib. Polis 2012-ci ildə Bakıda Eurovision Mahnı Müsabiqəsi zamanı cinsi azlıqların nümayəndələrini qoruyub.

“İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası Azərbaycandakı bu müsbət dəyişiklikləri alqışlayır. Ancaq uğur əldə olunmasına baxmayaraq, bəzi məsələlər narahatlıq yaradır”, sənəddə bildirilir.

“Komissiya fəaliyyəti üzrə bir sıra sahələrdə durumu dəyərləndirməkdən ötrü etibarlı statistika əldə edə bilmir. Üstəlik, mülki cəmiyyət və müstəqil media ağır təzyiqlərə məruz qalıb, ATƏT-in ölkədəki ofisi bağlanıb”.

ERMƏNİLƏRƏ QARŞI NİFRƏT ÇIXIŞLARI

Qurum bildirir ki, irqçilik təşviq edən qrupların zorakılığı qızışdırması və onlara dəstək cəzalandırılmır. Nə mülki, nə də inzibati qanunvericilikdə irqi ayrıseçkiliyin dəqiq tərifi yoxdur və Azərbaycan bu sahələrdə bitkin qanunvericiliyə malik deyil.

Siyasi liderlər, təhsil müəssisələri, media ermənilərə qarşı nifrət çıxışları yayır; azərbaycanlıların bütöv bir nəsli bu nifrət ritorikasını eşidərək böyüyüb. Ermənistanla barışığa çağıran insan haqlar fəalları isə ağır cəzaları alıblar.

Hesabatda miqrantlar və milli azlıqlarla bağlı inteqrasiya siyasətinin hazırlanmadığı qeyd olunur. “Dini Etiqad Azadlığı” qanununun bəzi müddəalarının beynəlxalq standartlara zidd olduğu vurğulanır. O da qeyd olunur ki, Azərbaycan alternativ hərbi xidmət barədə qanunu qəbul etməyib. Əhalinin böyük hissəsi isə LGBT (cinsi azlıqlar) mənsublarına önyarğıyla yanaşır. Nəticədə bu qəbildən olan insanlar öz mənsubiyyətlərini gizlətməyə məcbur olurlar.

IDAK hakimiyyətə bir sıra tövsiyə edir ki Avropa İnsan Haqları Konvensiyasının 12 saylı protokolu ratifikasiya olunsun və irqçiliklə mübarizə məqsədilə cinayət məcəlləsi beynəlxalq standarta uyğunlaşdırılsın. Eyni zamanda ayrıseçkiliyə qarşı bitkin qanunvericilik hazırlasın və irqçilik və ayrıseçkiliklə mübarizə məqsədilə xüsusi qurum yaratsın.

Dövlət rəsmilərinin bütün səviyyələrdə ermənilərə qarşı nifrət çıxışından çəkinməsi təmin olunsun; polis və prokurorluq nifrət çıxışı riski ilə üzləşən qruplarla dialoq qursun, dostyana əməkdaşlıq etsin.

Milli azlıqlar və miqrantlardan ötrü bitkin inteqrasiya strategiyası yaradılsın. Bu strategiyaların təsirini öyrənmək məqsədilə indikatorlar qurulsun, statistik məlumat toplansın. Miqrant fəhlələrin qeydiyyatında əngəllər aradan qaldırılsın.

Komissiya tövsiyə edir ki, dini icmaların qeydiyyat proseduru sürətləndirilsin, icma üzvlərinin din azadlığı pozulmasın. Venesiya Komissiyası və ATƏT/DTİHB-nin Din Azadlığı qanunu üzrə tövsiyələri yerinə yetirilsin.

“Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin, alternativ hərbi xidmət qanunu qəbul olunsun”.

Ombudsman Elmira Süleymanova

Ombudsman Elmira Süleymanova

OMBUDSMANDAN NARAHATDIRLAR

Komissiya bir daha qeyd edir ki, hakimiyyət Ombudsmana irqçilik və ayrıseçkiliyə qarşı mübarizədə xüsusi status verməli, ya da bu məqsədlə ayrıca qurum yaratmalıdır. Komissiya Ombudsman idarəsinin müstəqilliyi və mandatı sarıdan da narahatlığını bildirir.

Qurum tövsiyə edir edir ki, Ombudsman açıq prosesdə seçilsin, cəmiyyətin bütün təbəqələrini, müxtəlifliliyini əhatələsin.

MÜSTƏQİL QİYMƏTLƏNDİRMƏ PROBLEMİ

IDAK bununla bağlı xatırladır ki, 2013 və 2014-cü illərdə QHT-lər haqda qanunvericiliyə əlavələr olundu. Venesiya Komissiyası bildirdi ki, xaricdən maliyyələşməyə qoyulan sərt qaydalar vətəndaş cəmiyyətinə mənfi təsir göstərəcək və Komissiya qaydalara fundamental şəkildə yenidən baxmağı tövsiyyə etdi.

IDAK-ın təmsilçilərinin Azərbaycana səfəri zamanı artıq heç bir QHT xaricdən maliyyə almırdı.

2015-ci ilin iyununda ATƏT-ə öz Bakı ofisini bağlamağa göstəriş verildi və xarici QHT-lərə ölkəyə giriş bağlandı.

IDAK bunları ona görə yazır ki, müstəqil QHT-lərdən geniş məlumat almaq daha mümkün deyil.

Bunlara da baxın:

QUBA NÜMUNƏSİ

IDAK pozitiv məqam kimi qeyd edir ki, Qubaya səfər zamanı 20-dən çox etniki qrupun yaşadığı bu bölgədə açıqlıq, dostluq, dözümlülük, qarışıq nikahlar görüblər. Yerli yəhudi icması nümayəndələri bildirirlər ki, icma üzvlərinə qarşı heç vaxt anti-semitizm olmayıb.

MEDİA NƏ DEYİR?

Rəsmilər Quba regionunu Azərbaycanda etnik duruma nümunə kimi göstərirlər. Ancaq o biri tərəfdən, 2014-cü ildə Azərbaycan, Ermənistan və Gürcüstan medialarında nifrət çıxışlarının araşdırılması göstərir ki, Azərbaycan mediasında 8679 materialdan 342-də nifrət çıxışı var. Bu da 3,9 faizdir.

Çap mediasında nifrət çıxışı 8,8 faiz, elektron mediada 4,9 faiz, televiziyada 2 faizdir. Etnik münaqişə ilə bağlı 196 nifrət şıxışının demək olar ki, hamısı erməniləri hədəf alırdı. Ən çox nifrət çıxışı edənlər sityəstçilər və məmurlardır. Daha sonra jurnalistlər gəlir.

Antisemitizmə gəldikdə müsəlman ölkələrində aparılmış son araşdırmaya görə, Azərbaycanın göstərticləri ən yaxşıdır, Azərbaycan 37-ci yerdədir. Bununla belə, yaşlıların 37 faizi antisemit stereotiplər barədə deyib ki, ola bilsin, bunlar doğrudur. 40 faiz deyib ki, yəhudilər hamı kimidir, 41 faiz bununla razılaşmayıb.

IDAK 2011-ci ilin yanvarında İslam partiyası lideri Mövsüm Səmədovun səsləndirdiyi fikrini qeyd edir ki, “hökumət sionistlərin tam nəzarətində olduqca, Azərbaycan daha böyük faciələrlə üzləşəcək.”

Arxiv fotosu

Arxiv fotosu

LGBT HƏDƏFİ

IDAK daha sonra yazır ki, nifrət çıxışları lezbiyanları, geyləri, biseksualları və transgenderləri (LGBT) hədəf alır. LGBT-yə qarşı nifrət çıxışlarının rəsmi statistikası yoxdur, ancaq 2012-ci il sorğusu göstərir ki, respondentlərin 34 faizi ailədə, eləcə də ev sahibləri, polis tərəfindən təhqirlərə, alçaltmalara məruz qaldıqlarını deyiblər.

IDAK gey rəssamı misal çəkir. Onun cinsi orientasiyası məlum olanda qardaşı onu öldürəcəyi ilə hədələyib, bacısı isə deyib ki, Azərbaycandan qıraq gəzsin. Siyasətçilər və ictimai xadimlər vaxtaşırı homoseksuallıq haqda aşağılayıcı və ayırıcı bəyanatlar verirlər.

STATİSTİKA PROBLEMİ

Nifrət çıxışına kriminal cinayət kimi reaksiyaya gəlincə, IDAK nümayəndə heyətinin Azərbaycana səfəri zamanı hakimiyyət bildirib ki, son 5 ildə bir dəfə nifrət çıxışına görə məhkum olunma hadisəsi olub. Ancaq 2015-ci ildə hakimiyyətin IDAK -ə verdiyi sənəddə son illər nifrət çıxışına görə 8 cinayət işi və 11 nəfərin məhkum olunduğu bildirilir. Ona görə IDAK hakimiyyətə məsləhət görür ki, bu statistikanı qaydaya salsın.

IDAK nifrət cinayəti ilə bağlı qanunvericiliyin yanlış istifadəsindən də narahatdır. Talış dilində çıxan qəzetin keçmiş baş redaktoru Hilal Məmmədov həbs olunandan sonra polis onu döyüb və irqçilik təhqirinə yol verib. Leyla Yunus Hilal Məmmədov məsələsini xırda qruplara təzyiqn nümunəsi hesab edirdi.

IDAK hakimiyyətə təkidlə məsləhət görür ki, hakimlərə, prokurorlara nifrət cinayəti ilə bağlı intensiv təlimlər keçsin.

Arxiv fotosu: Nardaran

Arxiv fotosu: Nardaran

DİNİ ZƏMİNDƏ ZORAKILIQ

IDAK dinlə bağlı zorakılıqda sünni müsəlmanların zorla saqqalının qırxılması hadisələrini göstərir. 2012-ci ildə polis şəxsiyyət vəsiəqsi üçün saqqalsız şəkil şəkdirməkdən imtina edən 51 yaşlı kişinin saqqalını qırxıb. 2014-cü ilin iyulundakı videoda bazarda kişinin saqqalının camaat qarşısında zorla qırxılması göstərilir.

CİNSİ AZLIQLARA QARŞI ZORAKILIQ

IDAK LGBT fərdlərinə qarşı hücumlardan çox narahatdır. 2011-ci ildə QHT ATƏT-ə 5 homo/transfobik hücum barədə məlumat verib. 2014-cü ildə 17 yaşlı gənc oğlan vəhşiliklə zorlanıb. Bu zorlamanın videosu onun ailəsinə göndərilib. Ailəsi onu döyüb.

22 yaşlı trasnseksual bildirdiyinə görə, ailəsi ona deyib ki, qadın kimi geyinməyi tərgitməsə, onu öldürəcəklər. 20 yaşlı lesbian qızın cinsi orientasiyası bəlli olanda bacısı onu öldürüb.

LGBT konfransına getmək istəyən gəncin anası onun üstünə benzin töküb, od vurmaq istəyib. Gey haqlarının müdafiəçisi İsa Şahmarlının özünü öldürməsi də nifrət və ayrı-seçkiliklə bağlı ola bilər. 2012-ci il sorğusuna görə LGBT fərdlərinin 27 faizi fiziki hədələrlə üzləşir. 15 halda bu zorakılıq polisdən, 14 halda isə ailə üzvlərindən gəlib.

TÖVSİYƏLƏRİN İCRASI

2011-ci ildə verilmiş birinci tövsiyələrdə Azərbaycan hökumətindən dini icmaların qeydiyyatının sürətləndirilməsi zərurəti qeyd edilmişdi. İDAK-ın nümayəndələrinin 2015-ci ilin iyununda səfəri zamanı Azərbaycan rəsmiləri məlumat veriblər ki, 615 dini icma qeydiyyatdan keçib. Onlardan 594-ü islam, 12-I xristian, altısı yəhudi, ikisi Bəhai, biri isə Krişna icmasıdır.

Səkkiz dini icmanın isə sənədləri nəzərdən keçirilir. İcmaların əksəriyyəti regionlarda da fəaliyyət üçün ikinci, üçüncü dəfə qeydiyyatdan narahatdırlar.
Rəsmilər qeyd edirlər ki, qeydiyyatdan imtina edilmiş icmaların sənədlərində çatışmazlıqlar var. Amma həmin icmalar üzvlərinin davamlı polis təqibi, ağır cərimələrlə üzləşdiklərini deyirlər.

Dini İşlər üzrə Dövlət Komitəsi icmaların qeydiyyatı qaydaların heç nəyin dəyişmədiyini, prosesin əvvəlki qaydalarla apaıldığını desələr də Komitənin saytında bu qaydalar haqqında məlumat verilmir.

Hesabata görə polis 2013-cü ilin mayında Şəmkirdə, sentyabrında Əliabadda, 2014-cü ilin yanvarında Gəncədə və həmin ilin martında Lənkəranda dindarların toplaşdıqları evlərdə axtarış aparıb. Nəticədə icmaların onlarla üzvü polis idarələrinə aparılıb, saatlarla orada saxlanıblar. Şəmkirdə yerli polis rəisinin müavini bir dindarı zorlamaqla hədələyib, onun başını qırxaraq 15 gün həbsə atıb. Bəzi hallarda dindarlar məhkəmə qərarları ilə 1500-2000 manat cərimə olunublar.

İDAK Dini İşlər üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyini dini icmaların qeydiyyatını başa çatdırmağa və icma üzvlərinə qarşı təqiblərin dayandırılmasına çağırır.

Yekun olaraq, İDAK bu qənaətə gəlir ki, Azərbaycan hakimiyyəti aralıq tövsiyələri icra etməyib.

YENİ TÖVSIYYƏLƏR
İDAK Azərbaycan hakimiyyətindən 2 tövsiyyənin icrasını istəyir. Həmin tövsiyyələr aşağıdakılardır:

  1. Azərbaycan hökumət Avropa Şurasının 2015-ci ildə qəbul etdiyi 2062 saylı qətnaməsində və Venesiya Komissiyasının 2014-cü il 787 saylı rəyində göstərilən tövsiyyələrə əməl etməklə ölkədə vətəndaş cəmiyyətinin müstəqil inkişafına şərait yaratsın.
  2. Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri və ölkə konstitusiyasının 76-cı maddəsi ilə müəyyənləşdirilmiş qaydada alternativ hərbi xidməti tətbiq etsin.

İDAK bu hesabatın yayılmasından sonrakı 2 il ərzində bu tövsiyələrin icrasını nəzarətdə saxlayacaq.

İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasını (IDAK) Avropa Şurası yaradıb. O, insan haqlarının vəziyyətini monitorinq edən müstəqil qurumdur. Komissiya hər il Avropa Şurasının 9-10 üzv ölkəsində monitorinq aparır.

IDAK-ın bu hesabatına hələlik Azərbaycan rəsmilərindən hər hansı reaksiya yoxdur. Amma Bakıda adətən rəsmiləri Azərbaycanda başqa dinlərə və ayrı-ayrı azlıqlara qarşı hər hansı dözümsüzlük olmadığını xüsusi vurğulayırlar. Hakimiyyət təmsilçiləri hətta zaman-zaman Azərbaycanı bir tolerantlıq nümunəsi kimi təqdim edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG