Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

Dövlət daha 1 milyard dollar borclandı


Dollar
Dollar

-

Azərbaycanın «Cənub Qaz Dəhlizi» şirkəti beynəlxalq maliyyə bazarlarında 1 milyard dollarlıq avrobondlar satıb. «Reuters» agentliyinin xəbərinə görə, maliyyə naziri Samir Şərifov istiqrazların 10 il müddətinə yerləşdirildiyini söyləyib. Qiymətli kağızları, əsasən, ABŞ və Böyük Britaniyadan olan investorlar alıblar. Avrobondlar ildə 6.87 faiz gəlir gətirməlidir.

«Cənub Qaz Dəhlizi» Qapalı Səhmdar Cəmiyyətində səhmlərin 51 faizi dövlət İqtisadiyyat Nazirliyinə, 49 faizi isə Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsusdur.

«Şahdəniz» qaz-kondensat yatağının istismarında 2-ci mərhələni gerçəkləşdirəcək Cənub Qaz Dəhlizi çıxarılan təbii qazı genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropaya göndərəcək.

HÖKUMƏT AĞILSIZ DAVRANAN ADAMA BƏNZƏYİR?

Bu borclanma Azərbaycanın dövlət borcunun daha 1 milyard dollar artması deməkdir, çünki buraxılan istiqrazlara dövlət zəmanəti verilib. İndi hökumət bu davranışla pulunu 10-12 faizə banka yatıran, özü də daha sonra 24-26 faizlə kredit götürən adama bənzəyir. O adama ki niyə belə davrandığını soruşanda, «belədə bilirəm ki, öz pulum da var» cavabını alırsan. Həm də o adama ki arada itirdiyi 12-14 faiz haqqında düşünməyi ağlına da gətirmir.

İndi sual doğur: hökumət niyə Dövlət Neft Fondunun (DNF) vəsaitlərini daha aşağı faizlə yerləşdirir və əvəzində daha yüksək faizlə borclanır?

BORC NİYƏ AĞIR ŞƏRTLƏRLƏ ALINIB?

İqtisadçı ekspert Nazim Məmmədov deyir ki, beynəlxalq maliyyə qurumları ilə işləmək istər borc almaq, istərsə ehtiyat vəsaitlərimizin idarə edilməsi baxımından vacibdir: «Ancaq sual da yaranır, niyə hökumət öz pulunu dəfələrlə az faizlə yerləşdirir? Son 3 ilin göstəricilərinə görə, DNF-nin xarici maliyyə alətlərində yatırdığı vəsaitlər heç ildə 1% belə gəlir gətirmir. Bu baxımdan vəsaitləri xaricdə saxlamaq nə dərəcədə düzgün addımdır? Bizim borclanmağımız manatın kəskin ucuzlaşdığı dövrə təsadüf edib. ÜDM də azaldığından və iqtisadi durum ürəkaçan olmadığından, 1 milyard dolların belə ağır şərtlərlə alınması zərurətə çevrilib».

N.Məmmədovun fikrincə, hökumət və Mərkəzi Bank iqtisadçıların təkliflərinə, prezidentin 2009-cu ildəki tövsiyələrinə uyğun olaraq xaricdəki vəsaitlərin bir hissəsini Azərbaycana gətirməli idi: «Hökumət bu vəsaiti real sektora yerləşdirsəydi, inhisarçılığı aradan qaldırsaydı, bədxərclik etməsəydi, iqtisadiyyatı şaxələndirsəydi, vəziyyət indiki kimi olmazdı».

«AZCA İMKANLI İŞ ADAMLARI ÖLKƏDƏN QAÇMAĞA BAŞLADI»

Ekspert sahibkarlara müdaxiləni də yada salır: «2012-ci ildə cəngəllik qanunlarından və «qoçu dəstələrindən» yararlanaraq, bazardan metal istehsalçılarını zorla çıxaran «Baku Steel Company» MMC kimi şirkətlərin əməllərinə göz yumulmasaydı, neftin qiymətindən bu qədər əziyyət çəkməzdik. 2012-ci ildən sonra biznes dözümsüzlüyü daha da artdı və artıq daxili investorlar da Azərbaycana etibar etmədilər. Azca imkanlı iş adamları ölkədən qaçmağa başladı. Bu hal indi də davam edir və o vaxtadək sürəcək ki, məmur biznesdən ayrılsın və dövlət həqiqi sahibkarlara sözdə deyil, real dəstək versin. Büdcədən subsidiyalaşma dayandırılmalı, maliyyə siyasəti bir mərkəzdən idarə olunmalı, bir sözlə, əsl liberal bazar rəqabəti işləməlidir».

«AZƏRBAYCAN QAZ LAYİHƏLƏRİNDƏN HƏLƏ UZUN İLLƏR QAZANC GÖTÜRƏ BİLMƏYƏCƏK»

Başqa bir ekspertin - Natiq Cəfərlinin fikrincə, Azərbaycanın reytinqinin aşağı düşməsi borc faizlərini artırıb: «Məhz buna görə istiqrazların belə yüksək faizlə satışa çıxarılması təbii qarşılanmalıdır. Hökumət iri qaz layihələrinə beynəlxalq diqqəti artırmağı da düşünür, elə bu səbəbdən istiqrazların satışını həyata keçirir».

Ekspert bütövlükdə iri qaz layihələrinin istər maliyyələşdirilməsində, istərsə onların gəlirlilik səviyyəsində problemlər olduğunu düşünür: «Azərbaycan qaz layihələrindən hələ uzun illər qazanc götürə bilməyəcək».

Ekspertlərdən Nicat Hacızadənin də fikrincə, istiqrazın əvəzində alınan borcun faiz dərəcəsi bazar dəyərindən yuxarıdır: «Belə şəraitdə istiqraz almanın özü riskə getməkdir. İlk 5 ildə layihə gəlir gətirməyəcək. Başqa sözlə, borcun qaytarılması üçün 5 il maliyyə qaynağına ehtiyac duyulacaq. Qarşıdakı illərdə neft bahalaşsa və neftdənkənargəlirlərdə artım gözə çarpsa, borcu 10 il müddətində qaz satışından gələn gəlirlər, o cümlədən digər maliyyə resursları hesabına ödəmək olar».

XS
SM
MD
LG