Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:34

►Xəstəxanalar “virusla döyüşə” hazır vəziyyətdə

Qonşu Gürcüstan və Türkiyədə onlarla adama “donuz qripi” diaqnozu qoyulur.

Türk qəzetlərinin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun xanımının bu diaqnozla Türkiyəyə aparılması barədə yazması ölkədə bu virusun yayılması ilə bağlı əndişələri artırıb.

“Bugünədək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müəssisələrinə müraciət edənlərdən götürülən laborator analizlərin nəticələrində “donuz qripi” (H1N1) virusu aşkar edilməyib”.

Nazirlikdən APA-ya verilən məlumatda belə deyilib.

Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev AzadlıqRadiosuna deyir ki, “donuz qripi” - H1N1 virusu ilə bağlı narahatlıqlar yaranandan sonra ölkənin səhiyyə müəssisələrinə müraciət edən şübhəli xəstələrin 300-dən analiz götürülüb:

“Bu analizlər bizim regional şöbələrimizdə yoxlanıb, sonra da təkrar yoxlanış üçün bizə göndərilib. Hələlik heç bir təhlükəli infeksiya, virus aşkar olunmayıb”.

Rakif Abdullayev əmin edir ki, laboratoriya imkanları müasir standartlara cavab verir və hər hansı təhlükəli infeksiya olarsa, müəyyən etmək gücündədir:

“Bütün viruslara, infeksiyalara qarşı diaqnostika və test ehtiyatlarımız hazırdır”.

Buna da bax: "Əks halda bölgələrdəki etirazları səngitmək mümkün olmayacaq"

“Sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib”

Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyir, hələ ki, ölkədə “donuz qripi” diaqnozu qoyulan xəstə qeydə alınmayıb: “Epidemioloji durum stabildir və daim nəzarətdədir. Qonşu ölkələrdə bu virus qeydə alındığı üçün sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib”.

Səhiyyə Nazirliyindən deyirlər ki, 3 xəstəxanada -Ağciyər Xəstəlikləri İnstitutu, 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanası və Kliniki Tibbi Mərkəzdə xüsusi palatalar hazırlanıb.

Nazirlik belə virus aşkarlanarsa müalicənin aparılması üçün ölkədə kifayət qədər dərman ehtiyatı olduğuna əmin edir.

“Donuz qripi”ni adi qripdən fərqləndirən xüsusiyyətlər

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, soyuqdəymədən, pnevmoniyadan ölənlər olur, amma heç də bu xəstəliyə hansi infeksiyanın və ya virusun səbəb olduğu araşdırılmır. Adil Qeybulla deyir ki, əgər ölkədə “donuz qripi” virusuna yoluxan varsa, bu, açıqlanmalıdır ki, profilaktik, karantin tədbirlər görülə bilsin.

Professor bu virusu adi qripdən fərqləndirən əlamətləri sadalayır: “Yüksək temperatur, bel, əzələ ağrıları, ürəkbulanma, qusma kimi əlamətlərlə başlayır, sonra yuxarı tənəffüs yollarının katarı və s. əlamətlər müşahidə edilir. Virus orqanizmdə toxumaları çox sürətlə dağıtdığından vaxtında tədbir görülməsə, xəstəlik ölümlə nəticələnir”.

Buna da bax: İran Azərbaycana rəqib olur

“Yeraltı ticarətləri bir müddət saxlamaq olar”

Adil Qeybulla söyləyir ki, virus hava-damcı yolu ilə yayıldığından epidemiya xarakterlidir və onun fikrincə, Səhiyyə Nazirliyi ciddi hərəkətə keçməlidir:

“Transsərhəd zonalarında, sərhəd keçid məntəqələrində adamlar ciddi yoxlanılmalıdır, şübhəli adamlar karantində saxlanmalıdır, əhaliyə mütəmadi tövsiyələr verilməlidir, camaata deyilməlidir ki, gur olan yerlərdə görünməkdən çəkinsinlər. Yeraltı ticarətləri bir müddət saxlamaq olar. Qapalı yerlərdə virusun yayılma ehtimalı çoxdur. Qripə yoluxanlar, temperaturu olan xəstələr kollektivdən ayrılıb yataq rejiminə keçirilməlidir və həkim nəzarətinə götürülməlidir."

Professor deyir ki, “donuz qripi”ndən müalicə olunmaq mümkündür, amma bunun üçün güclü immun sisteminə sahib olmaq lazımdır. Onun sözlərinə görə, immun sistemi zəif olanlar, şəkərli, bronxial-ağciyər xəstəlikləri olan adamlarda xəstəlik daha ağır keçir:

“Diaqnoz qoyulmasının gecikməsi də ölüm ehtimalını artırır. Azərbaycanda isə diaqnoz qoymaq üçün tibbi-texniki imkanlar var”.

Günün bütün mövzuları

XS
SM
MD
LG