Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:21

Trump milyonlarla seçicinin qanunsuz səs verdiyini deyir


Donald Trump
Donald Trump

Birləşmiş Ştatlarda səslərin yenidən sayılması xəbəri xeyli səs-küy yaradıb. Qərb mətbuatı yeni seçilmiş prezident Donald Trump-ın xəbərə reaksiyasından yazır.

Keçən həftə Viskonsin ştatının seçki şurası səslərin yenidən sayılması haqda müraciəti qəbul edib. Müraciəti Yaşıllar Partiyasının prezidentliyə namizədi olmuş Jill Stein göndərib, o, Viskonsində «statistik anomaliya» olduğunu bildirib. Şənbə günü isə seçkini uduzmuş namizədin – Hillary Clinton-un seçki qərargahı səslərin yenidən sayılması prosesinə qatılacağını elan edib.

«ONA YARAŞMIR»

Məsələyə münasibətini bildirməkdən ötrü yeni prezident D.Trump Twitter-də hücuma keçib. «NBC News» D.Trump-ın tvitlərini yayımlayıb.

D. Trump Twitter çıxışlarında rəqibi H.Clinton-un səslərin yenidən sayılması prosesində iştirakını «ikiüzlülük» adlandırıb. D.Trump səslərin yenidən sayılmasının nəticələri dəyişməyəcəyini, H.Clinton-un seçkini artıq uduzduğunu söyləyib.

Digər tərəfdən, D.Trump səslərin yenidən sayılması üçün öz yardımını təklif edib. Başqa bir statusunda isə yeni seçilmiş prezident seçkidə ciddi saxtakarlıqlara yol verildiyini, Virciniya, Nyu-Hempşir və Kaliforniyada milyonlarla adamın qanunsuz səs verdiyini yazıb, amma ittihamlarını əsaslandırmayıb.

Kaliforniya ştatının katibi demokrat Alex Padilla D.Trump-ın yazdıqlarını «cəfəngiyat» adlandırıb.

«Deyəsən, cənab Trump-ı amerikalıların çoxunun ona səs verməməsi narahat edib…Onun düşünülməmiş tvitləri prezident seçilmiş adama yaraşmır», - A.Padilla öz Twitter hesabında belə yazıb.

Hillary Clinton
Hillary Clinton

Mətbuatı maraqlandıran D.Trump-ın bu ittihamları hansı əsasla irəli sürməsi, bir də bu qədər ciddi saxtakarlıqlardan xəbəri var idisə, indiyə qədər niyə susmasıdır.

2 MİLYON ÇOX SƏS

Noyabrın 8-də keçirilən prezident seçkilərində H.Clinton D.Trump-dan demək olar ki, 2 milyon səs çox toplayıb. Ancaq ABŞ-da prezidenti Seçki Kollegiyası seçir. Seçki Kollegiyasında isə H.Clinton-un 232, D.Trump-ın 290 seçici səsi olub.

Bazar günü yazdığı tvitlərdən birində D.Trump deyib ki, son qərarı Seçki Kollegiyası deyil, əhali versəydi də, o qalib gələrdi.

Əslində, D.Trump öncədən Seçki Kollegiyasının əleyhinə idi. Hələ 2012-ci il seçkilərində yenə də Twitter hesabında D.Trump Seçki Kollegiyasının demokratiyadan ötrü fəlakət olduğunu qeyd etmiş, B.Obama-nın xalqın deyil, Seçki Kollegiyasının qərarıyla seçildiyini söyləmişdi. «Bu böyük və iyrənc ədalətsizliklə mübarizə aparaq! Dünya bizə gülür», – D. Trump o zaman belə yazmışdı.

Amma «NBC News» B.Obama-nın həm 2008, həm də 2012-ci il seçkilərində əhalidən də, Seçki Kollegiyasından da çoxlu səs topladığını qeyd edir.

DİQQƏTİ YAYINDIRMAQ

Twitter hesabında D.Trump həm də H.Clinton-un seçkinin nəticələrini qəbul etməyəcəyinə görə vaxtilə onu qınadığını xatırladıb. Debatlar zamanı H.Clinton demişdi ki, D.Trump seçkinin nəticələriylə razılaşmazsa, bu, çox dəhşətli olar. Çünki bu, ABŞ demokratiyasına yaraşmaz. «Biz nəticələrdən narazı qalsaq da, onları həmişə qəbul etmişik», - H.Clinton belə demişdi. D.Trump H.Clinton-un bu sözlərini təkrarlamaqla yanaşı, onun seçkidən sonrakı çıxışını da – «Trump prezident olmağa hazırlaşır, biz ona idarəçilik şansı verməliyik», – sözlərini xatırladıb, proseslərin indiki gedişinin onu kədərləndirdiyini bildirib.

Analitiklərin fikrincə, D.Trump Twitter hesabından yararlanaraq, baş qatmağa, daha ciddi məsələlərdən, məsələn, «The New York Times»ın D.Trump-ın maraqlarıyla bağlı araşdırmalarından diqqəti yayındırmağa çalışır.

XS
SM
MD
LG