Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:29

D.Trump 2-3 milyon miqrantı qovacağını deyir


D.Trump
D.Trump

ABŞ prezidenti seçilmiş Donald Trump bazar günü mətbuatda çıxışında mövqeyini bir daha ortaya qoyub, hansı vədlərinin üstündə dayanacağını, hansı məqamda gözləndiyindən yumşaq davranacağını bildirib.

«The New York Times» qəzeti yazır ki, tənqidçilərini qınamaq niyyətiylə D.Trump «Twitter»dən istifadə edib, bununla da prezidentlərin amerikalılarla danışmaq üsulunu tamamilə dəyişəcəyi, sosial mediadan Ağ Evdə də yararlanacağı ehtimalını yaradıb.

«BAŞQA ÖLKƏYƏ GETSİNLƏR»

Qələbədən sonra ilk dəfə olaraq D.Trump televiziyaya birsaatlıq müsahibə verib. CBS telekanalında çıxışından D.Trump-ın miqrantlara vəd etdiyi qədər sərt olmayacağı, amma abort hüququnun məhdudlaşdırılmasında israrlı mövqe tutacağı aydın olub. «Bəs abort istəyən qadınlar neyləməlidir» sualına cavabında D.Trump «yəqin ki, başqa ölkəyə getməli olacaqlar» deyib.

Meksikayla sərhədə çəkiləcək divara gəlincə, D.Trump divarın bütün sərhədboyu uzanmayacağını, bəzi yerlərdə çəpərlə kifayətlənəcəklərini bildirib. O ki qaldı sayı 11 milyona çatan sənədsiz miqrantlara, D.Trump onların hamısını deyil, yalnız kriminal keçmişi olanları, yəni təhlükəli hesab etdiyi 2-3 milyon miqrantı ölkədən qovacağını söyləyib. «The New York Times» indiki prezident Barack Obama-nın da dövründə 2 milyondan çox miqrantın ölkədən çıxarıldığını qeyd edir.

D.Trump cinayətkar olmasalar da, sənədsiz miqrantların «dəhşətli kütlə» sayıldığını, sərhədlərin təhlükəsizliyi təmin olunandan sonra onların işinə baxacağını bildirib.

JAMES COMEY BARƏDƏ QƏRAR YOXDUR

D.Trump Ali Məhkəmənin eynicinslilərin nikahını qanuniləşdirən qərarıyla razı olduğunu söyləyib, həmçinin Obama-nın tibbi sığorta haqda qanununun populyar aspektlərini təsdiqləyib.

D.Trump və B.Obama
D.Trump və B.Obama

D.Trump seçkidən bir neçə gün öncə demokratların namizədi Hillary Clinton-un dövlət əhəmiyyətli yazışmalarda şəxsi e-poçtundan istifadəsiylə bağlı informasiyanı açıqlayan FBI (Federal Təhqiqatlar Bürosu) rəhbəri ilə bağlı da sualı cavablandırıb. Deyib ki, onun haqda, hələ, qərar verməyib, FBI direktoru James Comey-in açıqlamalarının, bəlkə də, əsası olub.

«The New York Times» D.Trump-ın «Twitter» çıxışlarına xüsusi diqqət ayırıb, onun postlarının yenicə prezident seçilmiş adama yaraşmadığını, seçkidən sonrakı qələbə nitqində, eləcə də Obama ilə görüşdə göstərdiyi ciddiliyə uymadığını yazıb. D.Trump «Twitter»də onun seçilməsinə etiraz edənləri, həmçinin onun haqqında düzgün informasiya yaymamaqda suçladığı «The New York Times» qəzetini ciddi tənqid atəşinə tutub. D.Trump aksiyalara çıxanların ciddi qüvvələr, media tərəfindən ayağa qaldırıldığını, çox ədalətsiz olduqlarını söyləyib.

YENİLİK

«The New York Times» yazır ki, D.Trump-ın «Twitter»dən istifadə etməsi Ağ Ev tarixində yenilikdir və D.Trump-ın prezident kabinetində də onun baxışlarına uyğun gəlməyən mətbuatdansa, sosial mediadan yararlanacağına, mövqeyini amerikalılara sosial media vasitəsilə çatdıracağını göstərir.

Birsaatlıq müsahibəsində D.Trump sosial mediadan yararlanmasıyla fəxr etdiyini, prezident olanda da bu platformanı tərk etməyə meyllənmədiyini deyib. D.Trump məhz sosial şəbəkələrdəki izləyicilərinin ona qələbə qazanmağa güc verdiyini bildirib.

D.Trump seçki kampaniyası zamanı mətbuatda onu «vəhşi» kimi təsvir edənlərin haqlı olmadığını, bəzən xalqı ayağa qaldırmaqdan ötrü, onun kimi, qaynar çıxışlar etməyə ehtiyac yarandığını deyib. D.Trump «kiçik monoton xarakterli» biri olmaq istəmədiyini, lazım gələrsə, bundan sonra da eyni taktikaya əl atacağını vurğulayıb.

XS
SM
MD
LG