Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Trump-ın övladları prezident postuna ailə holdinqi kimi baxır


Donald Trump və qızı Ivanka
Donald Trump və qızı Ivanka

Matt Bai, amerikalı köşə yazarı

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trump bu həftə çıxış edərək iddialı və bahalı bir planını açıqlayıb. O, uşaqlı ailələrə dəstək vəd edib. Trump-ın belə bir ideya ilə çıxış etməsi bir neçə səbəbdən çox diqqətəlayiqdir.

Əvvəla, kampaniya gedişində onun qadın və əlilləri aşağılayan fikirləri bir çox amerikalıda ikrah doğurmuşdu. Görünür, Trump indi yardım təklifi ilə sınmış qəlbləri ələ almaq istəyir.

İkincisi, o, vaxtilə Respublikaçılar Partiyasının debatlarında doğumu planlamaq fikrini dəstəkləyib. Trump-ın belə bir təkliflə çıxış etməsi, əslində, onun partiya ilə prezident postuna yiyələnmək üçün «icarəyə götürdüyü» ideoloji bağın nə qədər etibarsız olduğunu göstərir.

TRUMP-I QIZI İSTİQAMƏTLƏNDİRİR

Üçüncüsü və ən maraqlısı da odur ki, sosial qayğı sayəsində Trump-ın birdən-birə səs salmasında başlıca rolu 34 yaşlı qızı Ivanka oynayıb. Bu, o qızdır ki Trump həmişə və hər yerdə onu öz gələcək planlarına yön verən şəxs kimi tanıdır. Elə sonuncu dəfə Pensilvaniyada otel açılışında da Ivanka atası ilə yanaşı çıxış etmişdi.

«The New York Times» qəzetinin müxbirlərinin məlumatına görə, Ivanka deyib ki, atası prezident olunca, icra hakimiyyəti ilə məşğul olmaq onun birinci işi olacaq. Belə çıxır ki, vitse-prezident postuna namizəd Mike Pence səlahiyyətinin hansı bölümünü Ivanka-ya güzəştə getməli olacağını indidən düşünməlidir.

Onsuz da açıq görünür ki, Trump-ın övladları prezident postuna növbəti potensial ailə holdinqi kimi baxırlar. Yəqin indi Thomas Jefferson qəbrində çevrilir.

Donald Trump qızı Ivanka ilə birlikdə.
Donald Trump qızı Ivanka ilə birlikdə.

Ötən ay jurnalistikanın iki nəhəngi – «The New York Times»dan Tom Friedman və «The Washington Post»dan Bob Woodward bu mövzuda debat başladıblar. Friedman yazırdı ki, Trump-ın övladları atalarının istismarçı və populist kampaniyasına görə utanmalıdırlar. Woodward-sa bunu özəl yaşama müdaxilə sayaraq, Friedman-ı tənqid edib.

Siyasətçilərin şəxsi həyat sirri hüququnun ən qatı tərəfdarlarından olsam da, deməliyəm ki, həmin debatda Woodward köhnə qaydanı yeni oyuna tətbiq edir. Buna görə də haqsızdır.

PARTİYANIN AÇILIŞ NİTQLƏRİNİ TRUMP-IN ÖVLADLARI EDİR

Respublikaçıların ötənilki qurultayına baxan hər kəsə aydın oldu ki, Trump və övladları, klassik mənada, anladığımız ailə deyil. Trump-a görə, uşaqları prezidentlik üçün bir platformadır. O səbəbdəndir ki, partiyanın açılış nitqlərini, adətən, parlayan gənc siyasətçilər söylədikləri halda, bu işi indi Trump-ın övladları Ivanka, Donald Jr., Eric və Tiffany görür.

Bütün seçki kampaniyalarını xatırlasaq, görərik ki, realiti-şouya ən çox bənzəyən məhz Trump-ın seçki kampaniyasıdır. Bu kampaniya nəticəsində Trump-ın uşaqlarının, «Trump Tower»da olduğu kimi, Ağ Evdə də ağalıq edəcəklərini təsəvvürə gətirmək çox qorxuncdur.

Əlbəttə, Trump-ın uşaqlarının öz atalarını daha insansevər göstərməyə çalışmaları yaxşı haldır. Ancaq bu, onların ölkə idarəçiliyinə cəlb edilməsinə haqq qazandıra bilməz.

Bu yerdə Birləşmiş Ştatların qurucularından olan Thomas Jefferson-u xatırlamamaq olmur. Ölkənin baniləri arasında monarxiyaya qayıdış qorxusu ən çox məhz onda olub. O qorxurdu ki, federal hökumətin güclənməsi gələcəkdə keçmişdəki idarə üsuluna – monarxiyaya aparıb çıxarar. Ötən 200 ildə federal hakimiyyət xeyli genişlənib. Amma biz atalarımızın bu narahatlığını, deyəsən, unutmuşuq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG