Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:47

Trump-ın oğlu Rusiya tərəfdarlarıyla görüşübmüş


Donald Trump və oğlu
Donald Trump və oğlu

Qərb mətbuatı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın oğlunun görüşlərindən yazır. D.Trump-ın böyük oğlu kiçik Donald Trump-ın oktyabrda Parisdə Rusiya tərəfdarlarıyla bir araya gəldiyi bu günlərdə üzə çıxıb.

POTENSİAL ELÇİ

«The Wall Street Journal» yazır ki, yeni prezidentin potensial elçisi hesab edilən kiçik D.Trump Parisdə diplomatlar, iş adamları və siyasətçilərlə toplantıda Suriya probleminin həllində Rusiyayla əməkdaşlıq məsələsini götür-qoy edib. Qəzetin məlumatına görə, D.Trump-ın oğlu oktyabrın 11-də Fransada bir elmi araşdırma mərkəzinin tədbirinə qatılıb. Həmin mərkəzin təsisçisi Fabien Baussart və onun xanımı Randa Kassis Rusiyaya yaxın adamlardandır. Özü də əslən Suriyadan olan xanım Kassis bu ölkədəki münaqişənin prezident Bashar al-Assad-la əməkdaşlıq yoluyla həllinə tərəfdar olan qrupun lideridir.

«The Guardian» qəzeti isə suriyalı ekspertlərdən aldığı bilgilərə əsaslanaraq, xanım Kassis-in Rusiyanın xarici işlər naziri Sergei Lavrov-la yaxın dost olduğunu yazıb, onların qucaqlaşaraq görüşdüyünü göstərən fotonu yayımlayıb.

Ona görə də, gənc D.Trump-ın Paris səfəri yeni prezident və onun ailə üzvlərinin xarici qüvvələrlə əlaqələri barədə təzə suallar yaradıb.

PRAQMATİK VƏ ÜZÜYOLA

Müsahibələrindən birində Randa Kassis D.Trump-ın oğluna təsir etməyə, onu Yaxın Şərqdə Rusiyayla əməkdaşlığın vacibliyinə inandırmağa çalışdığını boynuna alıb: «Realist olmalıyıq. Hal-hazırda Suriyada olan kimdir? ABŞ deyil, Fransa deyil. Rusiyasız Suriya məsələsini həll edə bilmərik».

Monteneqroda D.Trump və V.Putin-in birgə plakatı.
Monteneqroda D.Trump və V.Putin-in birgə plakatı.

D.Trump-ın oğluna gəlincə, xanım Kassis onun praqmatik və üzüyola olduğunu söyləyib. R.Kassis bu haqda Facebook səhifəsində də yazıb. Əməkdaşlıq ideyasını D.Trump-a onun oğlu vasitəsilə göndərdiyini, ABŞ-la Rusiyanın Suriya məsələsində bir araya gələcəyinə ümidli olduğunu deyib.

R.Kassis gənc D.Trump-la görüşü haqda Rusiya rəsmilərini, o cümlədən Rusiya xarici işlər nazirinin müavini Mikhail Bogdanov-u bilgiləndirdiyini söyləyib. Rusiya Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirməsə də, «Interfax» agentliyi R.Kassis-in noyabrın 8-də M.Bogdanov-la görüşdüyünü yazır.

KASSIS-LƏ BAĞLILIQ YOXDUR

Yeni seçilmiş prezidentin baş müşaviri Kellyanne Conway oğul D.Trump-ın Parisdəki tədbirdə iştirakını təsdiqləyib, amma onun xanım Kassis-lə hər hansı bağlılığını danıb. «Don Parisdə dəyirmi masada çıxış edib. O xanım da həmin danışıqlara və 30-nəfərlik nahara qatılıb. Tədbirdə dünyanın müxtəlif yerlərindən nə qədər siyasətçi olub», – K.Conway-in «The Wall Street Journal»a göndərdiyi elektron məktubda belə deyilir.

Yeni seçilmiş ABŞ prezidenti D.Trump Suriya məsələsində Rusiya prezidenti Vladimir Putin-lə əməkdaşlıq arzusunu gizlətmir, Rusiyayla bağlı çıxışlarına görə rəqibi H.Clinton onu hətta Kreml-in Ağ Evə göndərmək istədiyi «marionet» adlandırmışdı.

D.Trump ailə üzvləri ilə birlikdə.
D.Trump ailə üzvləri ilə birlikdə.

«The Wall Street Journal» həmçinin yada salır ki, B.Obama administrasiyası rus hakerlərini seçki sənədlərinə müdaxilədə günahlandırdığı halda, D.Trump hakerlərin kimliyindən xəbərsiz olduğunu deyirdi. Rusların D.Trump-ın qələbəsini təmin etməyə çalışdığı söylənirdi.

ÖVLADLAR RƏSMİ MÖVQE TUTMAYACAQLAR

D.Trump özü noyabrın 23-də «The New York Times»a müsahibəsində Suriya barədə tam fərqli düşündüyünü söyləyib, ancaq detallara varmayıb. Öncəki çıxışlarında o, B.Obama administrasiyasını Assad rejimini devirməyə çalışdığına görə qınamış, bunun çıxış yolu olmadığını demişdi.

O ki qaldı gənc D.Trump-a, o, Trump Təşkilatının vitse-prezidentidir, atasının seçki kampaniyasında əsas rəsmi şəxs kimi çalışıb.

Keçid hökuməti rəsmilərinin dediyinə görə, D.Trump-ın uşaqlarının heç biri yeni administrasiyada formal yer tutmayacaq. Yəni, onların qeyri-formal mövqeyə sahiblənəcəyi çıxdaş edilmir.

D.Trump-ın qızı Ivanka Trump atası seçiləndən bəri onun bəzi ölkə liderləriylə görüşlərinə, telefon söhbətlərinə qatılır.

«The New York Times»a müsahibəsində D.Trump kürəkəni Jared Kushner-in İsrail-Fələstin münaqişəsində ABŞ-ın elçisi ola biləcəyini deyib. «The Guardian» yazır ki, D.Trump-ın bu təklifi, digər tərəfdən Parisdəki görüşə oğlunu göndərməsi onun xarici məsələlərdə şəxsi və biznes əlaqələrinə güvənəcəyi, təcrübəsi olmayan ailə üzvlərindən yararlanacağı təəssüratlarını gücləndirib.

XS
SM
MD
LG