Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:26

-

«1700 hektar əkin sahəsinin 800 hektarında dənli bitkilərə, 300 hektardan çox ərazidə bostan bitkilərinə, 20 hektar pambıq sahəsinə, yonca və otlaq sahələrinə ziyan dəyib. İcra hakimiyyəti ilə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də sahələrə düşüb dəyən ziyanı hesablayıblar. Ancaq sonradan xəbər göndərdilər ki, kompensasiya ödənilməyəcək».

Mayın sonunda yağan dolu Ağdamın Əfətli kəndindəki əkin sahələrinə ciddi zərər vurub. Kənd sakini İsgəndər Muradov deyir, bir hektar ərazidə əkdiyi pambıq məhv olub. Yerli icra hakimiyyəti dəymiş zərəri hesablayanda sevinib. Ancaq sonradan aldığı xəbər qanını qaraldıb.

HƏR İŞİ NİSYƏ MƏMMƏD

Dolu və leysan yağışları Tovuz rayonunun Böyük Qışlaq kəndində əkinçiliklə məşğul olan Məmməd Haqverdiyevin də təsərrüfatına zərər vurub. Yarım hektar ərazidə əkdiyi kartof zay olub:

«Sahəni nisyə şumlatdırmışam. Ərazidə əkdiyim yüz kilolarla kartofu da nisyə almışam. Suvarılması da nisyə… Dolu vurdu, hamısı əldən getdi. Xeyrini götürmək bir tərəfə, heç düşdüyüm borcu da sahədən çıxara bilmədim. Bəs mən neyləyim?».

NOXUD BOYDA DOLU

Şəkinin Daşüz kəndində Əmir Süleymanovun əkdiyi taxıl sahəsini də dolu vurub:

– Elə bil, göydən noxud tökürdülər. Elə ki, yağmağa başladı, qapazı ikiəlli çəkdim başıma, dedim, «taxıl əldən getdi». Bir ovuc da taxıl ələ gəlmədi.

– Bəs məhsulunuzu sığortalamışdınız?

– Yox. Mən birinci dəfədir taxıl əkirəm. Əvvəllər həyətyanı sahəmdəki bostanda tərəvəz əkirdim. Birinci dəfə idi, düşündüm ki, nəhayət, mən də pay torpağının dadını çıxarım. Hazırlıq, əkin – hamısını borc-xərclə eləmişdim. Məhsulu sığortalamaqsa, düzü, heç ağlıma da gəlməyib.

Deyir, ilk dəfə əkinlə geniş məşğul olmasının daha vacib səbəbi sahədən qazanc götürüb üzüqışa iki gözdən əlil övladını əməliyyat etdirmək imiş. Özü demiş, «göydən yağan noxud» imkan vermədi.

SIĞORTAYA HƏR İL BİR MİLYON MANAT

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov isə «Turan»a deyib ki, məhsulu sığortalamayana kompensasiya yoxdur. Şöbə müdiri bildirib ki, nazirlik son günlər havaların yağmurlu keçməsi, dolu düşməsi səbəbindən əkin sahələrinə dəyən zərəri hesablamaqla məşğuldur. Araşdırmaları nazirliyin yerli idarələri aparır:

«Gədəbəy, Samux, Tovuz, Ağdam, İmişli rayonlarının təsərrüfatlarına daha çox ziyan toxunub. Kompensasiya vaxtında məhsulu sığortalayan təsərrüfatlara ödənilir. Hər il dövlət büdcəsindən kənd təsərrüfatı sektorunun, o cümlədən, əkin sahələrinin sığortalanması məqsədilə 1 milyon manat vəsait ayrılır. Təəssüf ki, fermerlər sığorta şirkətləri ilə müqavilə bağlamağa meylli olmadıqlarından, bu vəsaitin az bir hissəsindən istifadə olunur».

Qüvvədə olan qaydalara görə, sığorta şirkəti ilə müqavilə bağlayan təsərrüfat sığortanın 50 faizini ödəyir. Qalan vəsaiti isə onun əvəzindən dövlət ödəyir. Təbii fəlakət baş verdikdə, sığorta şirkəti dəymiş zərəri ödəyir.

Rəsmi bilgilərə görə, hər il Azərbaycanda minlərlə hektar sahəyə təbii fəlakət halları nəticəsində zərər dəyir.

Kənd təsərrüfatına bu il əvvəlki illərdən qat-qat artıq ziyanın dəydiyi güman edilir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG