Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:18

-

İqtisadçı Qubad Qubadoğlu öz Facebook səhifəsində belə bir suala cavab axtarıb. «Dollar ucuzlaşırsa, qiymətlər niyə bahalaşır?».

O yada salır ki, bir sıra iri supermarket sahibləri bu günlərdə İqtisadiyyat Nazirliyinə müraciət etmişdi. Müraciətdə bildirilirdi ki, vergi güzəştləri olmayacağı halda qiymətləri qaldırmağa və işçiləri ixtisar etməyə məcbur olacaqlar. İqtisadçı yazır: «Sahibkarlar qarşılaşdıqları çətinlikləri ya bilərəkdən, ya əksinə, düzgün təqdim etmirlər. Çünki qiymətlər kifayət qədər bahalaşıb, işçilər də mümkün qədər ixtisar edilib».

Q.İbadoğlu deyir ki, qiymətləri topdansatış sistemi qaldırıbsa, bu, xüsusi araşdırma tələb edir. O, həm də nazirliyə müraciət edən supermarketlərin bəzilərinin idxal ilə də məşğul olduqlarına işarə vurur: «Amma hesab etmirəm ki, vergi güzəştləri alan supermarket sahibləri qiymətləri ucuzlaşdırıb, işçiləri artıracaqlar».

Q.İbadoğlu deyir ki, böyük ticarət şəbəkələrinin ziyanla işləmələri təkcə yüksək vergilərlə bağlı deyil. O qeyd edir ki, gömrükdə inhisarçılığın yığışdırılması heç də qiymətlərin ucuzlaşmasına gətirib çıxarmadı. İqtisadçı bundan sonra idxal qiymətlərinin bahalaşmasına diqqət çəkir: «Manatın ucuzlaşmasını əsas götürüb qiyməti bahalaşdıranlar nədən manat bahalaşanda, qiymətləri endirmirlər? Deməli, bu müraciətin arxasında başqa məqsədlər dayanır».

MİLLƏTƏ DEMƏK İSTƏYİRLƏR Kİ...

Q.İbadoğlu böyük ticarət şəbəkələrinin birlikdə müraciətini həm də güc nümayişi sayır: «Necə ola bilər ki, bir-birlərinə rəqib olanlar qısa zamanda birləşərək mövqe ifadə etmək fikrinə düşdülər. Fikrimcə, supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə birgə müraciətində əsas məqsəd həm dövlət orqanlarına və həm də istehlakçılara «biz qiymətləri bir daha bahalaşdırmaq məcburiyyətindəyik» mesajını çatdırmaqdır».

Q.İbadoğlu deyir ki, hətta supermarket sahibləri vergi güzəştinə və qiymətin bahalaşmasına nail olsalar belə, Mərkəzi Bankın monetar, Maliyyə Nazirliyinin fiskal siyasəti alıcılıq qabiliyyətini aşağı saldığından bu vəziyyətdən çıxa bilməyəcəklər.

İqtisadçının düşüncəsinə görə, bu problem yanlış iqtisadi və sosial siyasətin nəticəsində yaranıb. Bu siyasət davamlı olarsa, milli iqtisadiyyatı və yerli biznesi daha acınacaqlı vəziyyətə sala bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG