Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Dollar qıt olanda...


Bakıda prezidentlərin görüşü
Bakıda prezidentlərin görüşü

Dollar qıtlığı, taxıl istehsalının azalması, azad seçkilər, Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərin sammiti bu gün medianını aparıcı mövzusudur.

DİPLOMATİYA PAYTAXTI

«Azərbaycan» qəzetində avqustun 8-də Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli sammitindən bəhs edən «Tarixi görüş» () sərlövhəli məqalə dərc edilib.

Müəllif belə formatda Bakıda keçirilən görüşü tarixi hadisə sayır. Yazıda dövlət başçısı İ.Əliyevdən sitat gətirilir: «Bu üçtərəfli əməkdaşlıq formatının yaradılması təbiidir. Bunun əsasında həm tarix, həm coğrafiya və eyni zamanda bizim müştərək layihələrimiz dayanır».

Yazıda qeyd edilir ki, bu görüş «Şimal-Cənub» nəqliyyat dəhlizinə, Xəzərin bölüşdürülməsi istiqamətində aparılan danışıqlara, terrorizmlə birgə mübarizəyə böyük təkan verəcək. Yazıda bildirilir ki, görüşdə Qarabağ problemi də xüsusi müzakirə edilib. Müəllif görüşdə Azərbaycan prezidentinin Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi bəzi fikirləri də yada salır:

«Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin həll olunması üçün ilk növbədə Azərbaycan əraziləri işğaldan azad edilməlidir».

Daha sonra müəllif üçtərəfli formatın vacibliyi barədə Rusiya prezidenti V.Putin-dən sitat gətirir: «Azərbaycan və İran Rusiya üçün mehriban qonşular, mühüm tərəfdaşlardır. Biz bir-birimizlə səmərəli əməkdaşlıq üzrə zəngin təcrübə toplamışıq. Sözsüz ki, bu gün biz münasibətlərimizdə yeni səhifə açırıq, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə start veririk», - Rusiya prezidenti deyib.

Müəllifin gəldiyi nəticəyə görə, bu sammit Azərbaycanın bölgə və dünyada yerini göstərmək baxımından da önəmlidir: «Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun «diplomatik paytaxt»ına çevirib».

İlham Əliyev və Petro Poroshenko
İlham Əliyev və Petro Poroshenko

XALQ SEÇƏNDƏ...

«Azadlıq» qəzetində «Hakimiyyəti xalq seçəndə və seçməyəndə» sərlövhəli məqalə oxumaq olar.

Yazıda müəllif azad, ədalətli seçkilərin əhəmiyyətindən, xalqın səsini qazanmaqla onun səsini oğurlamağın fərqlərindən bəhs edir:

«Azərbaycanda rəsmi təbliğat uzun müddətdir ki, Suriya və ya başqa daxili sabitliyi pozulmuş ölkələri nümunə göstərməklə vətəndaşların beynində dinc hakimiyyət dəyişikliyi istəyinin oralardakı kimi dağıdıcı nəticələr doğura biləcəyi assosiasiyasını yaratmağa çalışır. Suriyada müharibə alovlanana qədər belə nümunə rəsmi təbliğat üçün Ukrayna idi. Rusiyanın Ukraynada öz geopolitik maraqları naminə törətdiyi hibrid müharibə azərbaycanlılara Maydan hərəkatının nəticəsi kimi sırınırdı. Heç yada da salınmırdı ki, Rusiya az qala bütün qonşu ölkələrində Şərqi Ukraynadakı kimi separatçı hərəkatlar yaradıb».

Müəllif qeyd edir ki, son bir ildə Ukraynada valyuta ehtiyatları 35.7 faiz artaraq 14 milyard dollara çatıb:

«Valyuta ehtiyatları 4 aydır ki, artmaqdadır. Ukrayna Mərkəzi Bankı bəyan edib ki, ehtiyatların artması xarici borcların qaytarılması fonunda baş verir. İstənilən halda açıq aşkar-görünür ki, xalq hakimiyyətləri olan ölkələrdə bütün sahələrdə uğur qazanılır».

Müəllif yazır ki, daxili sabitliyin hökm sürdüyü Azərbaycanda son illər valyuta ehtiyatları 52 milyard dollardan 39 milyarda enib: «Bütün bu baş verənlər göstərir ki, heç də bu azalmaların səbəbi hakimiyyətin yalandan dediyi «dünyada böhrandır» nağılları deyil, bacarıqsız idarəetmədir. Ölkə iqtisadiyyatını neftdən və neft məhsullarından asılı hala salmaqdadır. Əgər dünyada böhrandırsa, Ukrayna qısa zamanda bu qədər artıma nail ola bilərdimi? Əlbəttə ki, xeyr. Bu artımın təməlini xalq və xalqın seçdiyi hökumətin uğurlu inkişaf planı təşkil edir».

Maşın satıcısı: Dollar tapa bilmirik
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

DOLLAR «QITLIĞI»

«Novoye Vremya» qəzetində «Dollar qıtlığı hansı təxribatlara səbəb ola bilər?» sualına cavab axtarılır.

Müəllif qeyd edir ki, həm manat dollara nisbətdə tədricən dəyər itirir, həm də dollar qıtlığı yaşanır. Yazıda vurğulanır ki, açıq etiraf edilməsə də, bankların dollar tələbatı tam ödənmir: «Maliyyə bazarında sabitlik görünmür. Bunun sübutu dollara münasibətdə manatın dəyişkənliyidir. Dünən isə məlum olub ki, Bakıda dollar qıtlığı müşahidə edilir. İqtisadiyyatın bir çox sahələrində və eləcə də ictimai həyatda xarici valyuta manatın funksiyalarını əvəz edir. Bu fonda da manata etimad enir».

Müəllifin fikrincə, dollarla götürülmüş kreditlərdə yaranan problemləri həll etmədən manatın uçot dərəcəsinin qaldırması heç bir effekt verməyəcək. Yazıda vurğulanır ki, hadisələr bu fonda davam edərsə, ilin sonuna kimi 1 dollar 2 manata çata bilər.

Müəllif yazır ki, dollar bahalaşdıqca dollar qıtlığı yaranacaq. Bundan da həm bank sistemi, həm də ölkə iqtisadiyyatı ziyan görəcək.

Buğda
Buğda

TAXIL AZALIR, ÇÖRƏK BAHALAŞIR...

«Exo» qəzetində dərc edilən «Dənli bitkilərdə məhsuldarlıq gözlənilən proqnozlardan azdır» sərlövhəli məqalədə ekspertlərlə ölkədə buğda əkininin vəziyyəti dəyərləndirilir.

Ekspert N.Ağayev deyir ki, son 7 ildə ölkədə ildə 3 milyon ton buğda yetişdirildiyi haqda söz-söhbətlər gedir. Amma rəsmi açıqlamalar həqiqətdən çox-çox uzaqdır.

Ekspert qeyd edir ki, rəsmi rəqəmlər görə, bu il 2 milyon 747 min 224 ton dənli bitki yığılıb. Halbuki, keçən il bu rəqəm 2 milyon 801 min 449 ton göstərilirdi. Artıq rəsmi rəqəmlərdə də azalmanın olduğu etiraf edilir.

Ancaq başqa bir ekspert Vahid Məhərrəmov çörəyin bahalaşmasını heç də taxıl istehsalının azalması ilə izah etmir: «İlk növbədə idxal üzərindəki faktiki inhisar aradan qaldırılmalıdır», –deyə o qeyd edir.

V.Məhərrəmli deyir ki, iş adamlarına xaricdən ucuz və keyfiyyətli taxıl gətirməyə imkan verilsəydi, çörək bahalaşmazdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG