Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 00:22

-

“2 MİN MANAT İSTƏDİ”

Qazax rayon sakini Rəşad Ələkbərov AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, İmam Zaman Dini İcmasını qeydiyyatdan keçirməkdən ötrü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həmin bölgə üzrə əlaqələndiricisi 2 min manat pul verib. O, deyir ki, əlaqələndirici Eldəniz Vəliyev məsələnin çözümünə əvvəl boyun olsa da, sonradan sözünü tutmayıb:

“Rayonda bir “Cümə” məscidi var, ora da vəhabilər toplaşır, bizə məscidə yaxın düşməyə imkan vermirlər. Ona görə də qərara aldıq ki, biz də rayondakı İmam Zaman məscidində ibadətimizlə məşğul olaq. Qafqaz Müsəlmanları İdarəsindən dedilər ki, “dini icmanızı yaradın, qeydiyyatdan keçirin”. Eldəniz müəllimə bu barədə bildirəndə bizə canla-başla kömək edə biləcəyini dedi. Buna görə 2 min manat istədi.

Deməsinə görə, həmin pul sənədləşmə, notariat təsdiqlər və sair işlərə xərclənəcəkdi. Bu ayın əvvəli pulu Eldəniz müəllimə verdim. Ondan sonra bir dəfə danışdıq, dedi ki, “məsələ heç cür alınmır. O məsciddə otura bilərsiz, ancaq namaz qılmaq, azan vermək olmayacaq”. Pulu geri istəyəndə isə dedi, “mənə pul-filan verməmisiz””.

BUNA DA BAXIN: Bəzi dini icmalara pul ayrıldı

Rəşad Ələkbərov iddia edir ki, dini icmanın qeydiyyat məsələsini “həll etmək” üçün əlaqələndiriciyə üstəlik bir qonaqlıq süfrəsi açıb və hələ maşınına benzin də töküb. Əlaqələndirici onu hədələyir ki, əgər şikayətçi düşsə, məscidin azanını kəsəcək, namaz qılınmasını qadağan edəcək.

Onun sözlərinə görə, neçə gündür ki, əlaqələndiriciyə zəng vururlar, ancaq cavab vermir.

Eldəniz Vəliyev Dini Qurumlarla iş üzrə dövlət komitəsinin Tovuz bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edir. O, AzadlıqRadiosuna bildirib ki, ona böhtan atılır:

“Onun dedikləri tamam şər-böhtandır. Dini icmanı qeydiyyatdan keçirməkdən ötrü sənədlərini toplayıb Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etməlidilər. Dini ayinlərin keçirilməsinə gəlincə, gərək dini icma qeydiyyata alına ki, ondan sonra orada dini ayinlər həyata keçirilə. Dini ayinlərin icra edilməsi ilə bağlı razılığı icma qeydiyyatdan keçdikdən sonra Qafqaz Müsəlmanları İdarəsi verir. Hazırda onlar orada dini ayinlərlə qeyri-qanuni məşğul olurlar”.

BUNA DA BAXIN: Azərbaycanda irqçilik və dözümsüzlük - Avropdan tərif və tənqid gəldi

Eldəniz Vəliyevlə telefon əlaqəsi kəsildikdən sonra AzadlıqRadiosunun əməkdaşı onunla söhbəti davam etdirməyə zəng vursa da, o, telefona cavab verməyib.

Rəşad Ələkbərov əlaqələndiricini polisə verib. O, avqustun 12-də Qazax polisinə gedərək kurator tərəfindən aldadılması barədə ərizə yazdığını deyir. Amma hələlik polisin bu mübahisə ilə bağılı qərarı məlum deyil.

XS
SM
MD
LG