Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:16

Maşın Füzulini tərcümə edə bilməz


Klassik şairlərin sinxron tərcüməsindən danışmaq tezdir

Klassik şairlərin sinxron tərcüməsindən danışmaq tezdir

«Dilmanc» maşın tərcüməsi sisteminin qüsurdan xali olmadığını aprelin 13-dəki təqdimat mərasimində layihə müəlliflərinin özləri də dönə-dönə etiraf etdilər

Onlar bunu «Dilmanc»ın Azərbaycanda ilk və hələlik tək maşın tərcümə sistemi olması, ilk addımı atanların səhvlərinin də çox olması ilə izah etdilər. Amma müəlliflər hesab edirlər ki, böyük əmək və külli miqdarda pul xərclənən layihənin bütün nöqsanlarını istifadəçilərin sayı artdıqca, daha dəqiq görəcəklər. Onun nə qədər yararlı olub-olmadığını prosesdə müəyyənləşdirəcəklər.


Ona görə də layihənin müəlliflərindən biri olan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov da, mütəxəssislər də öz çıxışlarında kompüter istifadəçilərinə müraciət edərək onları «Dilmanc» maşın sistemindən yararlanmağa çağırdılar. Və üzə çıxan bütün yanlışlar, nöqsanlar haqda dərhal onlara məlumat verməyi, tövsiyələrini göndərməyi rica edirdilər. Onların sözlərinə görə, zamanla bütün qüsurlar aradan qaldırılacaq və daha da təkmilləşdiriləcək. Layihənin direktoru Əbülfət Fətullayev deyir ki, proses dayanmayıb: «Hər gün nöqsanları aradan qaldırırıq, söz bazasını genişləndiririk. Bunun nəticəsində də tərcümə sistemi əvvəlki günə nisbətən daha təkmil olur».

Mütəxəssislər isə «Dilmanc»ın ən böyük nöqsanı kimi, onun böyük mətnləri tərcümə edə bilməməsini, bundan başqa, yalnız birtərəfli şəkildə – Azərbaycan dilindən ingiliscəyə tərcümə etdiyini önə çəkdilər.


«İnternet nyus» qəzetinin Azərbaycan versiyasının redaktoru Zaur Zeynalov: «Bu sistemdə yalnız bir istiqamətdə tərcümə həyata keçirilir. Mən istərdim ki, gələcəkdə ingilis dilindən Azərbaycan dilinə tərcümə də həyata keçirilsin. Bundan başqa, bu sistemdə yalnız qısa mətnlər tərcümə olunur». Zaur Zeynalov şriftlə bağlı yaranmış bir iradını da çatdırır. O deyir ki, kompüter istifadəçiləri müxtəlif şriftlərdən istifadə etsələr də, «Dilmanc» proqramında işləmək üçün mətnləri vahid şriftə çevirməlidirlər. Bu da istifadəçilərin sayını müəyyən mənada məhdudlaşdıra bilər".

«Dilmanc»ın tərcüməçi keyfiyyətlərinə gəlincə, layihənin təqdimat mərasimində prezident İlham Əliyevin çıxışından kiçik bir parça tərcüməyə verildi. Həmin mətnin əvvəli belə başlayırdı: «Əziz balakənlilər!» Amma «Dilmanc» bu müraciəti «Dear, Balakan!» kimi, yəni «əziz Balakən» kimi tərcümə etdi.

«Xəzər» Universitetinin rektoru Hamlet İsaxanlı deyir ki, bu dillər arasındakı köklü fərqlərlə bağlıdır. Məhz buna görə də, başqa dillərdə indiyədək belə bir neçə proqram yaransa da, Azərbaycan dilində yaratmaq müşkülə çevrilib.


Ancaq mütəxəssislər maşın tərcümə sistemindən dəqiq tərcümə tələb olunmadığını da vurğulayırlar. Onların sözlərinə görə, istənilən dildəki belə proqramlarda yanlışlar ola bilər. Amma həmin dillərdə bu yanlış bir sözün bir neçə sinonimi, oxşar mənalı sözləri təqdim etməsi ilə kompensasiya olunur. Mütəxəssislər «Dilmanc»ın da zamanla söz və şəkilçi bazasının genişlənəcəyini, mətnin məğzini tərcümə etməyə nail olacağını düşünürlər.


Layihənin direktoru Əbülfət Fətullayevsə nöqsanları böyütməməyi, obyektiv yanaşmağı vacib bilir. O deyir ki, bütün maşın tərcümə sisteminə xas nöqsanlar «Dilmanc»da da var: «Biz mətnlərin ilkin tərcüməsini verə bilirik. Bunu qaralama tərcümə də adlandırmaq olar. Sonradan bunu redaktə etmək olar».


Amma sonda insaflı tərpənib çatışmazlıqlarla yanaşı, «Dilmanc» haqda yaxşı fikirləri də deməliyəm. Əvvəla, indiyədək bu sistem Azərbaycanda yaradılmış ilk maşın tərcüməsi sistemidir. Bir neçə il əvvəl "Linqvo" adlı sözbəsöz tərcümə proqramı yaradılmışdı. İkincisi, hələ iyirmi il öncə Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev maşın tərcümə sistemi haqda ideyanı gerçəkləşdirməyə çalışsa da, təşəbbüs uğursuzluqla nəticələnib.


Bundan başqa, hələlik layihə müəllifləri ilin sonunadək ingiliscədən azərbaycancaya tərcümənin də mümkün olacağını deyirlər. Bütün qüsurlara baxmayaraq bu sistemdən son yeddi ayda 7 minədək istifadəçi və bir neçə təşkilat yararlanıb. Mütəxəssislər sistemin 12 milyon söz ehtiyatına, 3 minədək şəkilçiyə malik olduğunu deyirlər. Bir də bu sadəcə, maşın tərcümə sistemidir. Ondan xariqələr gözləmək də olmaz. Hərçənd gözləyənlər var. Təqdimat mərasimində iştirakçılardan «Dilmanc»ın Füzulinin, Nəsiminin də ingiliscəyə çevirə bilməsi tələbilə çıxış edənlər də tapıldı. Amma tədbirdə iştirak edən filoloq Nərgiz Paşayeva bildirdi ki, klassik şairlərin sinxron tərcüməsindən danışmaq mümkün deyil. O, Füzulinin deyimlərinin birmənalı olmadığını, Şərq ədəbiyyatının mətnaltı mənalarla yüklü olmasını söylədi. Mətnaltı mənanı tərcümə etmək üçün təkcə dili bilmək yetərli deyil. Filoloqun qənaətincə, Füzulini maşın tərcümə sisteminin ixtiyarına vermək doğru olmazdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG