Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:51

Əgər kimsə yazısında səni təhqir etsə, cəzası nə olmalıdır?


Karikatura
Karikatura

►"Diffamasiya haqda" qanun ətrafında mübahisə

“Hökumət demək istəyir ki, buna hazır deyil."

Mayın 31-də Bakıda diffamasiya və ifadə azadlığı ilə bağlı konfrans keçirilib. Həmin konfransda prezidentin köməkçisi Əli Həsənov deyib ki, ictimai müzakirələr diffamasiya qanununun qəbulunun məsələni daha da mürəkkəbləşdirə biləcəyini göstərir.

İllərdir bu qanunun qəbulu ilə bağlı müzakirələr gedir. İndi prezidentin köməkçisi vasitəsilə hökumət nə demək istəyir? Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli bu haqda AzadlıqRadiosuna danışır:

Ələsgər Məmmədli: "Hökumət demək istəyir ki, hələ hazır deyil"
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

– Bununla hökumət demək istəyir ki, buna hazır deyil. Amma hazır olmamasının səbəbi kimi ictimai müzakirə adı altında cəmiyyətə istinad etməyə çalışır. Əslində isə cəmiyyət buna hazırdır və bundan əziyyət çəkir. Mən düşünürəm ki, xüsusilə media diffamasiya ilə bağlı aydın, hüquqi sənədin mövcudluğunu istəyir. Qaldı ki, cəmiyyətə, bu günə qədər məhkəmə qərarlarının kateqoriyasına baxdığımızda görürük ki, jurnalistləri daha çox məmurlar məhkəməyə verib – 84 faiz. Bu o deməkdir ki, hazır olmayan məmur cəmiyyətidir. Onlar ictimai debatlılıqdan, hesabat verməkdən qaçırlar. Azərbaycan Avropa Şurasına qoşulmaqla bu dəyərləri qəbul edib və ona inteqrasiya öhdəliyi götürüb. Bu öhdəlik həmin bu hökumətin öhdəliyidir. Bu öhdəlik ondan ibarətdir ki, Konvensiyanın 10-cu maddəsinə – böhtana və təhqirə görə hər hansı bir formada məhdudiyyət gətirilməsi mümkün deyil. Əksinə, “Yaşar Ağazadə Azərbaycana qarşı” və “Eynulla Fətullayev Azərbaycana qarşı” işlərində Avropa Məhkəməsi çox aydın şəkildə Aərbaycan hökumətinə tövsiyə edib ki, qanunvericiliyi dəyişsin. Bu baxımdan, deyilən ifadələr cəmiyyətin yox, hökumətin mövqeyidir. 2011-ci ildə insan hüquq və azadlıqları ilə bağlı fəaliyyət proqramı qəbul olundu. Ordakı müddəalardan biri də Azərbaycanda diffamasiyanın dekriminallaşması məsələsi idi. Parlamentdə belə bir qanunun qəbul olunmasına vaxt da qoyulmuşdu. Amma təəssüf ki, bu, müzakirəyə çıxarılmadı. Daha doğrusu, bir qanun layihəsi hazırlandı. Orda nəzərdə tutuldu ki, Cinayət Məcəlləsində müddəa qalsın. Bu isə Venesiya Komissiyası tərəfindən qəbul olunmadı. Beləliklə də məsələ arxivə getdi.

____________________________________________________________

Bunlara da bax:
Ali Məhkəmənin ikili standartı
Zaqatalada vəzifəli şəxslərin saxlanıldığı bildirilir

____________________________________________________________

– Hökumət rəsmiləri tez-tez deyir ki, 2009-cu ildən 147-ci və 148-ci maddələrin (böhtan və təhqir) tətbiqinə moratorium qoyulub. Jurnalistlərə qarşı qaldırılmış cinayət işləri isə ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb. Ancaq məhkəmə işlərinə də rast gəlirik. Bu haqda nə düşünürsünüz?

– Bəli, əslində bunun özü də birmənalı deyil. Çünki 2009-2016-cı illərdəki məhkəmə praktikasına baxılsa, 147-ci və 148, həm böhtan, həm də təhqirə görə, kifayət qədər çoxlu cinayət işinə baxıldığını görmək olar. Qərarlar da var. Məsələn, konkret facebook işinə görə Astara məhkəməsi “Access Bank”ın əməkdaşını mühakimə edib. Eyni zamanda, Elman Türkoğlunun jurnalist Xədicə İsmayıla qarşı işində 147-ci maddə tətbiq olunub. Yasamal məhkəməsi Gültəkin Hacıyevanın keçmiş əri və baldızı tərəfindən qaldırılan iddianı qəbul eləyib. Hal-hazırda, AzTV rəhbəri Arif Alışanovun jurnalist Qulu Məhərrəmliyə qarşı iddiasına Yasamal məhkəməsində baxılır. Buna görə də moratorium qoyulması ifadəsi gerçək deyil. Çünki məhkəmələr bu işlərə baxıb qərarlar qəbul edir.

– Konfransda parlamentin hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli diffamasiya haqqında qanunun qəbuluna, eyni zamanda CM-də “böhtan” və “təhqir” maddələrinin qüvvədə qalmasına tərəfdar oluğunu bildirib. Belə bir nəticəyə gəlmək olarmı ki, parlament qanunun qəbulunu arzulamır?

– Əli Hüseynli də parlamentin üzvü kimi öz mövqeyini bildirir. Parlamentdə olanların çoxu belə düşünə bilər. Bunun belə olmasının səbəbi cəmiyyətin daha demokratik və plüralist müzakirə imkanlarının mövcuduğunu istəyib-istəməməklə bağlıdır. Hökumətin və parlamentin çoxluğu belə bir prosesi arzulamır. Mediaya qarşı daha dözümlü olmaq, medianın daha çox tənqid etmək imkanlarının genişlənməsini istəmir. Ona görə də onlar belə düşünürlər. Amma “cəmiyyət hazır deyil” fikrini qəbul etmirəm. Çünki araşdırma göstərir ki, diffamasiya üzrə mediaya qarşı iddialar 85-90 faiz rəsmi şəxslər və ictimai fiqurlar tərəfindən qaldırılıb, vətəndaş cəmiyyəti, fərdlər tərəfindən deyil.

– Bu konfrans nəyi göstərdi, diffamasiya qanununun sonrakı taleyi bu konfransdan necə göründü?

– Doğrusu, mən bundan sonra yaxın vaxtlarda nəyinsə baş verəcəyini gözləmirəm. Əlbəttə, bunun təkrar gündəmə gəlməsi müsbət haldır ki, bu məsələ tam unudulmayıb. Amma eyni zamanda dərhal hər şeyin düzələcəyini və dərhal yeni bir layihənin ortaya çıxacağını düşünmək olmaz. Yəqin ki, bu, hələ çox zaman aparacaq. Bununla bağlı siyasi iradə aydın formalaşmadığı müddətdə bu qanunvericiliyin qəbulu gündəmə gəlməyəcək.

XS
SM
MD
LG