Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:19

İxracına gömrük rüsumu tətbiq olunan məhsullar sırasına heyvan dərisi də əlavə edilib. Hökumətin sentyabrın 23-də verdiyi bu qərara görə, dəri ixracatçıları qarşıdakı beş ildə ölkədən çıxarılacaq malın hər tonuna 150 dollardan 500 dollaradək rüsum ödəməli olacaqlar.

İXRAC RÜSUMUNUN PİONERLƏRİ

Malların ixracına rüsum tətbiq etmək fikri hökumətin ağlına ilk dəfə 2001-ci ildə - Azərbaycanda ilk poladəritmə zavodu işə düşərkən gəlmişdi. Metal qırıntısına ehtiyacı ödəmək üçün Nazirlər Kabineti qara metal emalına tələb olunan bir çox ferroərintilərin, eləcə də çuqun və qara metal tullantılarının hər tonuna 6-7 ABŞ dolları məbləğində bu günün meyarları ilə rəmzi sayılacaq gömrük rüsumu tətbiq etmişdi. Həmin rüsumlar indiyədək qüvvədədir. Hazırda ixracın məhdudlaşdırılması sayəsində ucuz xammal bazası əldə edən bu zavod («Baku Steel Company» MMC) qara metal məmulatı bazarında inhisarçı mövqeyini qorumaqdadır.

Bu ilin avqustunda isə hökumət mis ixracına yüksək (hər tonuna 300 dollardan az olmamaqla) rüsum qoyub.

EKSPERT: «MƏNCƏ, MƏQSƏD BÜDCƏNİ DOLDURMAQ DEYİL»

Biznes məsləhətçisi çalışan Xəyal Məmmədxanlı düşünür ki, ixraca rüsum tətbiq etməklə onun qarşısına sədd çəkən hökumət böyük ehtimalla ixracdan gəlir qazanmağı, yerli istehsalı stimullaşdırmağı hədəfləyib.

«Dərinin ilkin emalını həyata keçirən müəssisələr var. Di gəl, iş adamlarımız, ayaqqabını çıxsaq, hələ ki, dəri məmulatı istehsalına girişməyiblər. Halbuki burada yaxşı qazanc yeri var. Mingəçevir Sənaye Parkında dəri ayaqqabı ilə yanaşı, digər dəri məmulatı, məsələn, əl və yol çantaları, kəmər, əlcək və s. istehsalının təşkili idxalı əvəzləməyə də yaxşı fürsət olardı», - X.Məmmədxanlı AzadlıqRadiosuna belə deyib.

MİNGƏÇEVİRDƏ AYAQQABI FABRİKİ OLACAQ

Bu yaxınlarda Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində bəyan edilib ki, burada tikilməsi nəzərdə tutulan 9 fabrikdən biri ildə 1.5 milyon cüt dəri ayaqqabı buraxacaq. Sözügedən fabriki hansı şirkətin tikəcəyi hələ açıqlanmayıb.

Dəri emalı zavodu

Dəri emalı zavodu

«GİLAN» ÖZ MƏHSULUNU XARİCƏ SATIR

Yevlax şəhərində 2007-ci ildə istifadəyə verilmiş «Gilan» dəri emalı zavodunun gündəlik istehsal gücünün 27 ton dəri (5 min gön) və 3 min kiçik gön parçaları olduğu elan edilmişdi. Amma müəssisənin indiki istehsal həcmi barədə hər hansı məlumat yoxdur. Müəssisənin özü Avropa texnologiyası ilə buraxdığı məhsulu xaricə satdığını bildirir.

DƏRİDƏ YAXŞI PUL VARMIŞ, AMMA...

Azərbaycanda dərinin sallaqxanalardan toplanıb emala ötürülməsi ilə ayrı-ayrı kiçik sahibkarların məşğul olduğu söylənilir. Ancaq qəbul məntəqələri olmadığından, heyvan dərisinin böyük bir hissəsi zay olub gedir.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, 2014-cü ildə Azərbaycandan 2 milyon 950 min, 2015-ci ildə isə 2 milyon 297 min ədəd iribuynuzlu heyvan gönü və qoyun-quzu dərisi ixrac olunub. 2014-2015-ci illərdə ixracın ümumi dəyəri 36 milyon dollar həcmində qiymətləndirilib. Bu ilin birinci yarısında ixrac 873 min ədəd (3.5 milyon dollar) olub.

Bu çeşid malların əsas alıcısı Çin, Hindistan və Türkiyədir. Əks istiqamətdənsə, bir qayda olaraq, hazır məhsul gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG