Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:24

“Avtoritarlığın qlobal tüğyanı” haqqında kitab


“Avtoritarlıq Qloballaşır: Demokratiyaya meydan oxunur” adlı bu kitabda deyilir ki, despotizm 2000-ci illərdən bəri yürüşdədir

Avtoritarlığın bütün dünya boyunca tüğyanından bəhs edən yeni kitabda Çin, Rusiya, İran, Səudiyyə Ərəbistanı və Venesuela kimi ölkələrdəki rejimlərin fərqli səslərin susdurulması və yerli mediaların manipulyasiyası üçün əl atdıqları incə metodlar barədə xəbərdarlıq edilir.

Aprelin 14-də Milli Demokratiya Fondu (National Endowment for Democracy) tərəfindən nəşr olunmuş və bir neçə tanınmış alim tərəfindən yazılmış bu kitabda “Böyük Beşlik” adlandırılan bu ölkələrin, Rusiyanın RT, Çinin CCTV və İranın ingilisdilli Press TV kimi medialar vasitəsilə öz nüfuzunu sərhədlərinin xaricində təlqin etdikləri söylənir.

"Böyük Beşlik"dən ikisi
"Böyük Beşlik"dən ikisi

“Avtoritarlıq Qloballaşır: Demokratiyaya meydan oxunur” (Authoritarianism Goes Global: The Challenge to Democracy ) adlı bu kitabda deyilir ki, sözü gedən ölkələrdən hər biri mesajlarını qlobal miqyasda yaymaq imkanından, Qərbi və ABŞ-ı gözdən salmaqla demokratiya barədə təhrif olunmuş düşüncə formalaşdırmağa çalışır.

Kitabda qeyd olunur ki, bu ölkələr və onların əlaltıları nüfuz əldə etmək məqsədilə demokratik siyasi fəzaya soxulmaqla, açıq və dolayısı ilə dünyanın regionlarını bir-birinin ardınca təsirləndirmək istəyir.

Rejimlərin də QHT-ləri var

Kitabın redaktorlarından və müəlliflərindən biri - Christopher Walker AzadlıqRadiosuna deyib ki, belə bir meyl 2000-ci illərin sonlarından formalaşmağa başlayıb, demokratiyalarda “özünəinamın yoxluğundan” istifadə edən rejimləri “cəsarətləndirib”.

Bu ölkələr əhəmiyyətli media qurumlarını inkişaf etdirirlər. Onlar dünya boyunca ayrıca təşkilatlar kimi fəaliyyət göstərən əlaltılarını yaradırlar…

Fondun tədqiqat və təhlil üzrə vise-prezidenti olan Walker deyib ki, demokratiyalar, “gongo”lar və ya hökumətin qeyri-hökumət təşkilatları da daxil, bu meyllə mübarizə aparmaq üçün öz yanaşmalarına təzə ruh verməlidirlər.

“Bu ölkələr əhəmiyyətli media qurumlarını inkişaf etdirirlər. Onlar dünya boyunca ayrıca təşkilatlar kimi fəaliyyət göstərən əlaltılarını yaradırlar…Odur ki, demokratiyalar da bütün bunlar barədə açıq beyinlə düşünməli və öz dəyərlərini qorumağı öyrənməlidirlər” – deyir Walker.

Walker bu qənaətdədir ki, bu mübarizəyə vətəndaş cəmiyyətlərinin, müstəqil medianın və heç şübhəsiz təhiqat jurnalizminin daha mənalı dəstəklənməsi daxildir.

Kitabın aprelin 14-də keçirilmiş təqdimat mətbuat konfransında “Journal of Democracy” məcmuəsinin təsisçi redaktoru Mark Plattner deyib ki, “Böyük Beşlik” “demokratiyanın qlobal yürüşünü cilovlamaq əzmi ilə birləşib”.

Plattner deyib ki, sözü gedən bu ölkələr həm də tamamilə real olaraq nüfuzlarını qlobal səhnədə yürütmək iqtidarında olan kifayət qədər böyük və zəngin dövlətlərdir.

“Zombie” müşahidəçilər

ABŞ-ın NPR radio və media təşkilatının baş beynəlxalq redaktoru və “Diktator qıvrılmağı öyrənir” (The Dictator’s Learning Curve) kitabının müəllifi William Dobson vətəndaş cəmiyyəti qruplarını əzmək üçün istifadə edilən bəzi tədbirləri sadalayıb.

2012-ci ildə 60-dan çox ölkədə müstəqil QHT-ləri hədəfləyən 120-dən çox qanun təklif və ya qəbul edilib

O deyib ki, məsələn, 2012-ci ildə 60-dan çox ölkədə müstəqil QHT-ləri hədəfləyən 120-dən çox qanun təklif və ya qəbul edilib.

“Bunlardan ən təhlükəliləri və səmərəliləri yerli QHT-lərlə beynəlxalq maliyyələşmə arasındakı əlaqələri hədəfləyib” – deyib Dobson.

O deyib ki, bundan məqsəd “sözü gedən QHT-ləri təcrid etmək, zəiflətmək və bəzi hallarda məhv etmək məqsədilə demokratiyaları diktaturalarla birləşdirən körpüləri yığışdırmaq olub”.

Bu kitabda həmçinin diktatura rejimlərinin öz hakimiyyətlərini möhkəmlətmək məqsədilə “zombie” seçki müşahidəçilərindən faydalanmasından bəhs edilir. Bu elə bir üsuldur ki, nominal baxımdan başqa ölkələrin müstəqil seçki müşahidəçilərinin mərkəzi hökumət tərəfindən idarə edilməsinə imkan yaradır.

Milli Demokratiya Fondu Amerika hökumətindən və habelə özəl fondlardan maliyyələşən və Vaşinqtonda mənzillənən müstəqil QHT-dir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG