Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:12

REAL hərəkatı İdarə Heyətinin üzvü. iqtisadçı Natiq Cəfərli «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanovun iqtisadi göstəricilərlə bağlı açıqlamasına Facebook səhifəsindən mövqe bildirib.

«Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov bu günlər verdiyi müsahibələrin birində qeyd edib ki, yaxın zamanda Azərbaycan tək dəmiryolu ilə yükdaşımalardan ildə 2.5 milyard dollar pul qazanacaq. İqtisadçı isə qatarlarla ildə 50 milyon ton yük daşınacağını ciddiyə almır: «Bu ilin yanvar-iyul aylarında ölkə üzərindən yükdaşımaların statistikası açıqlanıb. Deməli, dəmir yolları ilə yükdaşımalar bu aylar ərzində keçən ilin eyni dövrünə görə 18.5 faiz azalıb. Cəmi 700 min ton yük daşınıb. Tutalım ildə olsun 1.5 mln. ton, Şimal-Cənub yolu və Bakı-Axalkalaki-Qars açılandan sonra bu rəqəm 8-10 dəfə artsın (bu mümkün görünmür, çünki bu yolların ciddi alternativləri var). Bu da 10-15 mln. ton edəcək, amma heç bir hesablama 50 mln. tona çatmır».

N.Cəfərli C.Qurbanovun tranzit olaraq Azərbaycanın hər ton yükdən 50 dollar qazanacağı haqda fikirlərini də ciddi saymır: «Elə hesablama aparırlar ki, sanki yükü vaqonla yox, «Mazeratti» ilə daşıyacaqlar. Tonu 50 dollara da vaqona tranzit xərci olar?! Bir vaqon (70-75 ton) mal Çindən Avropaya indi 5-6 minə gedir, bizimkilər isə cəmi 500 km ərazimizdən keçən vaqona 3500 dollar pul almaq istəyirlər? Bunlar kimi aldadır axı?».

N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

N.Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla N.Cəfərli əmlakı müsadirə olunmaqla, 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş saymışdı.

Sentyabrın 10-da prokurorluğun təqdimatı əsasında N.Cəfərli barəsində həbs-qətimkan tədbiri ləğv edilərək, azadlığa buraxılıb. Ancaq N.Cəfərli istintaqın razılığı olmadan Bakıdan kənara çıxa bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG