Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 21:11

►Palata AzadlıqRadiosunun informasiya sorğusunu cavablandırmayıb

«Bizim Yol» qəzeti iddia edir ki, «Dekabank» ASC də, ölkənin bir çox bankı kimi, ailə bankıdır və Azərbaycan Respublikası prezidentinin köməkçisi Tariyel Ağayevin ailə üzvlərinə məxsusdur.

Yaxın vaxtlarda Bakı Fond Birjasında (BFB) «Dekabank» ASC-nin 22 min 700 ədəd yeni səhminin yerləşdirilməsinə başlanacaq.

Bankın idarəçiləri bu yolla səhmdarlardan 25 milyon manatadək vəsait cəlb edə biləcəklərini düşünürlər.

BFB bu gün – iyulun 13-də açıqlayıb ki...

«Dekabank» ASC-nin səhmləri alternativ bazar seqmentində listinqə daxil edilib (“Listinq” – ingiliscədən çevirəndə, “siyahı” anlamına gəlir. Alınıb-satıla bilən qiymətli kağızlar birjanın kotirovka vərəqəsinə daxil edilir və birjanın təşkil etdiyi bazarlardan birində satışa buraxılır – red.).

Azərbaycanda qiymətli kağızların dövlət qeydiyyatını Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) gerçəkləşdirir.

Qurum bu ilin martından səlahiyyətlərinin icrasına başlasa da, indiyədək qeydiyyata alınan və qeydiyyatdan çıxarılan qiymətli kağızlar barədə məlumat verməyib. AzadlıqRadiosu bankın səhm buraxılışına dair məlumatın təfərrüatlarını Palatada dəqiqləşdirə bilməyib. MBNP informasiya sorğusunu cavablandırmayıb.

İndiki səhmdarlar alacaqlar?

İnvestorlar son zamanlar yeni səhm buraxılışları haqqında məlumatı, bir qayda olaraq, BFB-dən və ya Məlumatların Elektron Açıqlanması Sistemindən öyrənirlər.

«Dekabank» ASC-də isə AzadlıqRadiosuna deyiblər ki, yeni səhm buraxılışı haqqında qərar səhmdarların iyun ayında keçirilmiş ümumi yığıncağında qəbul edilib. Yeni səhmlər kütləvi təklif olunsa da, onları indiki səhmdarların alacağı gözlənilir.

Əlavə pul ödəyərək...

Sonuncu dəfə bankın kapitalı 2014-cü ilin oktyabrında - səhmlərin nominal qiymətini 500 manatdan 1100 manata yüksəltməklə artırılıb. Nəticədə, bankın nizamnamə kapitalı 52 milyon 676 min manata çatıb.

Bank buna qədər də vəsaiti elə həmin yolla cəlb edirdi: mövcud səhmdarlar aşağı qiymətə alınan səhmləri əlavə pul ödəyərək, baha nominallı səhmlərə dəyişirdilər.

İndi, ilk dəfə olaraq, «Dekabank» ASC pulu birja vasitəsilə cəlb edəcək. Səhmlərin yerləşdirilməsi müddəti barədə bilgi verilmir.

«Dekabank»ın saytında bildirilir ki...

Bankın korporativ saytında göstərilir ki, onun Müşahidə Şurasının sədri Sürəyya Taryel qızı Ağayevadır (saytın orfoqrafiyasına toxunulmayıb – red.) Onun bacısı Lalə Ağazadə də MŞ-də təmsil olunur.

Bank Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatını açıqlamasa da (bu standart banka nəzarət edən son tərəfin adının açıqlanmasını tələb edir), yerli KİV səhm sahibləri arasında bu iki bacıdan başqa, Vəfa Tariyel qızı Əlizadənin də adını çəkir. Bacıların hər birinə bankın səhmlərinin 9,99 faizi məxsusdur.

Qəzet də iddia edir ki...

«Bizim Yol» qəzeti iddia edir ki, «Dekabank» ASC də, ölkənin bir çox bankı kimi, ailə bankıdır və Azərbaycan Respublikası prezidentinin köməkçisi Tariyel Ağayevin ailə üzvlərinə məxsusdur.

«Dekabank» ASC 1992-ci ildən bank lisenziyası ilə fəaliyyət göstərir. Bakıda və ölkənin regionlarında 7 filialı var. Tariyel Ağayev isə mərhum prezident Heydər Əliyevin əvvəlcə Milli Məclisdə, daha sonra Prezident Administrasiyasında köməkçisi çalışıb. O, indi də bu vəzifəni daşıyır.

Məlumat saytdan çıxarılıb

Bir fakt da diqqət çəkir ki, BFB səhər saatlarında Listinq Komitəsinin «Dekabank» ASC-nin səhlərinin listinqə qəbul edilməsi barədə qərarını açıqlasa da, axşama yaxın məlumat saytdan çıxarılıb.

Şərhləri göstər

XS
SM
MD
LG