Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

'Oğlumun cənazəsini qonşunun evindən götürməli olduq'


Kürün daşması zamanı yaranan vəziyyət. 05May2010

Kürün daşması zamanı yaranan vəziyyət. 05May2010

“Bu ilin mayında başımıza gələn faciənin 6 ili tamam oldu. 6 ildir ki, evsiz-eşiksiz, sərgərdan həyat sürürük. Bir deyən yoxdur, “ay vətəndaş, evin selin-suyun altında qaldı, aqibətin necə oldu?””

2010-cu ilin mayında Şirvan şəhərinin Umpamxor qəsəbəsində Kürün qəzəbinə tuş gələnlərdən biri də Bəkir Şahbazovun ailəsi olub. Sel suları Şahbazovların evini yaşamağa yararsız hala salıb.

Bəkir Şahbazov qəsəbədəki 4 saylı ünvanda yaşayır. 6 il əvvələdək bu ünvanda göz oxşayan, təmirli, geniş ev-eşiyi varmış. Qəfil təbii fəlakət nəticəsində ev su ilə dolub, güclü axın divarlarını yuyub aparıb. İndi Bəkir bəyin ailəsi elə həmin ünvandaca – həyətin bir küncündəki darısqal, şəraitsiz daxmaya sığınıb.

Buna da bax:​ Evləri su altında qalanlar maşında gecələyir

DAXMA DADIMIZA ÇATDI

“Yəqin ki, yadınızdadır, Kür daşdı, bu tərəflər su altında qaldı. Hamı kimi biz də canımızı götürüb çıxa bildik. O vaxt icra hakimiyyətinə çoxlu müraciətlərimiz oldu. Hərdən bir qrup adam gəldi, baxdı, yazdı, pozdu, getdi. Özümüz də sakit oturmadıq, nasoslar quraşdırdıq, quyular qazdıq, ancaq sel sularını dayandıra bilmədik. Bir müddət qəsəbədən kənarda onun-bunun evində qaldıq. Su çəkiləndən sonra qayıtdıq. Ancaq daha bu evdə yaşanası deyildi. Həyətdəki daxma dadımıza çatdı”.

Bəkir Şahbazovun sözlərinə görə, böyük bir ailənin şəraitsiz, darısqal daxmada keçirdiyi hər gün cəhənnəm əzabına bərabərdir:

“Ailənin bir hissəsi orda-burda qalır. Bir hissəsi isə bu rütubətli daxmada cəhənnəm əzabı çəkməkdədir. Və bu əzab nə vaxt bitəcək, heç kəs demir. İşsizlik, xəstəlik bütün ailəni çarəsiz duruma salıb. Əlaqədar qurumlara məktub göndərməkdən yorulmuşuq. Hər dəfə İcra Hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən (FHN) gəlib yalançı vədlər verib gedirlər. Hər gələndə deyirlər, “sizə yeni ev tikiləcək”. Qəsəbədə 3-5 ev tikməklə kifayətləndilər”.

Buna da bax:​ Badamdar sakinləri: 'Deyirlər, pul ver, asfaltı qapına qədər tökək'

EVƏ TABUT DA YERLƏŞMƏYİB

Şahbazovlar ailəsinin qurumlara yazdığı məktublara hər dəfə eyni cavab gəlir: “… Eviniz Kür-Araz çaylarının daşqını zamanı yararsız hala düşüb, Şirvan şəhərində 20 mənzilli bina tikiləcək, sizə də mənzil veriləcək”. Bəkir Şahbazovun ailəsi hər dəfə onlara cavab məktubu kimi göndərilən növbəti “xatırlatmaları” oxumaqdan bezib.

“Bu ilin əvvəli gənc oğlum dünyasını dəyişdi. Həm ölümə ağlayırdım, həm də başsağlığına gələnlərdən yaşayışıma görə xəcalət çəkirdim. Evimiz o qədər darısqaldır ki, heç tabut da yerləşmir. Oğlumun cənazəsini qonşunun evindən götürməli olduq. Məclisləri də qonşularda verdik”.

“BÜDCƏDƏ PUL YOXDUR”

Sonuncu dəfə 2013-cü ildə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Şahbazovlar ailəsinə göndərilən sonuncu məktubda da ailəyə gözləmək təklif olunur. Sonuncu məktubun üstündən 3 il keçir və Şahbazovlar hələ də gözləyir.

Umpamxor qəsəbəsində gözləməkdə olan daha bir neçə ailə də var. Məsələn, Səfiyyə Ağayeva da 6 ildir ki, eyni qurumlardan eyni cavabı alır. Deyir, rəsmi məktubda tezliklə ev tikiləcəyini yazsalar da, şifahi söhbətlərdə büdcədə pul olmadığından işlərin yarımçıq qaldığını bildirirlər. Deməsinə görə, ailə üzvləri şəraitsiz, susuz, havasız daxmada müxtəlif xəstəliklərə yoluxublar.

“Kür” Vətəndaş Cəmiyyətinin 2014-cü ildə yaydığı hesabatda qeyd olunur ki, 2010-cu ilin daşqınından sonra Kür çayı boyunca bəndin hər kilometrinin bərkidilməsinə büdcədən 110 min manat xərclənib. Ancaq görülən işlərin hesabatlılığı yoxdur. Daşqından sonra yararsız hala düşmüş evlərin təmirinə, sökülərək yenidən tikilməsinə büdcədən 460 milyon manat ayrılıb. Ancaq “Kür” Vətəndaş Cəmiyyəti hesab edir ki, ötən müddət ərzində görülən işlər ayrılan vəsaitə adekvat deyil. Kür daşqınları ilə bağlı 119 nəfərin şikayəti məhkəməyə qədər gedib çıxıb. FHN Kür daşqınlarından əziyyət çəkənlərə 3150-yə yaxın ev tikildiyini bildirir.

Buna da bax:​ Türkan sakini: 'Bu evimi söksələr, dəli olaram...'

“HESABAT TƏLƏB ETSİNLƏR”

Şirvan şəhər İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Kür daşqınından zərər çəkən xeyli vətəndaşa zərər ödənilib: “Siyahıdakı zərərçəkənlərə evlər tikilib, proses davam edir. Demək olar ki, evsiz çox az vətəndaş qalıb. Tezliklə onların da problemləri həll olunacaq”.

Hüquqşünas Vaqif Alıyevsə evləri daşqına məruz qalmış vətəndaşların dövlət qurumlarını məhkəməyə verməsini məqsədəuyğun hesab edir:

“Vətəndaş məhkəməyə müraciət edib daşqına görə ayrılmış pulların hara xərclənməsi ilə bağlı hesabat tələb edə bilər. Çünki bu pullar dövlət büdcəsindən ayrılıb və istənilən vətəndaşın hesabat sormaq hüququ var. Həmin pullar devalvasiyalardan əvvəl – manatın sabit vaxtında ayrılıb. Devalvasiyalara qədər isə həmin zərərçəkmiş vətəndaşların problemləri çoxdan həllini tapmalı idi”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG