Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:34

Azərbaycanda danışılmış oyunlar- 22 futbolçu kənarlaşdırıldı


Foto illüstrasiya
Foto illüstrasiya

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) danışılmış oyunlarda iştirak etdikləri güman olunan 22 futbolçunu yarışlardan kənarlaşdırıb.

Bu haqda AFFA-nın saytı xəbər verir.

Xəbərdə bildirilir ki, sözügedən futbolçuların danışılmış oyunlarda iştirak etməsi barədə bilgilər UEFA-dan və digər mənbələrdən daxil olub.

Həmin bilgiləri AFFA və Professional Futbol Liqası araşdırır. Araşdırma hələ tam yekunlaşmayıb.

AFFA-nın intizam komissiyası araşdırma yekunlaşanadək şübhəli futbolçuları assosiasiyanın bayrağı altında keçirilən bütün oyunlardan uzaqlaşdırıb.

Danışılmış oyunlarda iştirak etdiyi güman olunan futbolçulardan 7-si «Rəvan», 5-i isə «Şahdağ» klubunu təmsil edib. «Göyəzən», «Energetik» klublarının 3, «Şərurspor» və «Bakılı» klubunun isə 2 oyunçusu şübhəlilər sırasındadır.

Bundan başqa, bir hakim və bir inzibatçı da də danışılmış oyunlarda şübhəli bilinir.

AFFA danışılmış oyunlarda iştirakda günahlandırılan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara ciddi sanksiyaların tətbiq olunacağını bildirir.

Məsələyə, hələlik, danışılmış oyunlarda ittiham edilən futbolçu, klub rəsmisi və hakimdən münasibət almaq mümkün olmayıb.

Danışılmış oyunlarda şübhəli bilinən klublar Premyer Liqada yox, 1-ci Divizionda təmsil olunurlar.

Klublar nə deyir

1-ci Divizionda çıxış edən «Rəvan» klubunun rəsmiləri bu haqda məlumatlı olmadıqlarını bildiriblər.

Qusarın «Şahdağ» klubundan da AFFA-nın qərarı haqda detallı bilgilərinin olmadığını deyiblər. Klubun rəhbərlərindən olan Rüstəm Əzizov «söhbətin nədən getməsi haqda ətraflı xəbərimiz yoxdur» deyib.

«AFFA-nın qərarından yenicə xəbər tutmuşuq. Bundan əvvəl hər hansı xəbərimiz olmayıb», - deyən klub rəsmisi məsələnin «Şahdağ» klubunda araşdırılacağını, ondan sonra bilgi verə biləcəklərini bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG