Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:39

Cruz Trump-a qarşı: “Zərif cinsin qüdrəti”


Ted Cruz və xanımı Heidi
Ted Cruz və xanımı Heidi

Jurnalist Holly Baily yazır ki, Trump qadınlar barədə dediklərinin altını çəkdiyi bir vaxtda Cruz köməyə anasını çağırır

Holly Baily yazır ki, indiyədək etdiyi kampaniya çıxışlarında respublikaçı namizəd Ted Cruz atası Rafaeli “qəhrəmana” çevirmişdi.

Texas senatoru atasının Kubanın azadlığı uğrunda vuruşmasından, daha sonra Amerika arzusuna qovuşmaq üçün Kubadan qaçaq düşməsindən məhəbbətlə söz açırdı.

Lakin Ted Cruz-un Nyu York və Viskonsin nitqlərində ata Rafael öz yerini ana Eleanor Darragh-a verib.

Senator yeni çıxışlarında anasını “güclü qadınların” təcəssümü kimi təqdim edir, onun həyat çətinliklərinin, qadınların təhsil almasına tərəfdar olmayan əyyaş atasının öhdəsindən necə gəldiyindən söz açır. Bu qadın bütün bu məşəqqətlərdən sonra kollec təhsili alıb, cinsi ayrı-seçkiliyə üstün gələrək uğurlu kompüter proqramçısı olub.

Ted Cruz Madisonda etdiyi çıxışında, tamaşaçıların arasında olan Eleanor Darragh-ı “karyera pioneri”, “bütün həyatında ən yaxşı dost” adlandırıb.

Qadınların təntənəsi

Sonra söz ananın özünə verilib. Mitinq tribunasında Darragh Ted Cruzu müşayiət edən yeganə qadın olmayıb. Onun xanımı Heidi, Hewlett-Packard şirkətinin keçmiş rəhbəri Carly Fiorina da burada idilər.

Onların hamısı Cruz-u qadın seçicilər üçün ən yaxşı namizəd adlandırırdılar, çünki o özünü güclü qadınlarla əhatələmişdi.

Ted Cruz-un Nyu York və Viskonsin nitqlərində ata Rafael öz yerini ana Eleanor Darragh-a verib

Media təmsilçiləri Cruz-un “qadınların təntənəsi” adını qazanmış yeni kampaniyasını onun seçki startegiyasına düzəliş verməsi kimi qiymətləndiriblər.

Baily yazır ki, qadınlar Cruz-un yeni silahıdır və bir çoxları respublikaçı Donald Trump-ın yürüşünə heç olmasa bu silahla son qoyulacağına inanırlar.

Məqalədə deyilir ki, Cruz yeni taktikaya Trump-ın büdrədiyi nöqtədən başlayıb.

Özünü qatı mühafizəkar kimi təqdim edən milyarder qadınlara sərt münasibətilə özünün kişi obrazını yaratmağa çalışırdı. Çoxlarında təəccüb doğuran bu idi ki, Trump-ın qadınları tənqid etməsi və hətta bəzi hallarda aşağılaması onun populyarlıq reytinqinə təsir göstərmirdi.

Heç abortun yeriydimi?

Lakin ötən çərşənbə günü Trump öz çıxışında, deyəsən bir xeyli “ağ edib”.

O deyib ki, əgər abort proseduru qanunsuz elan edilərsə, aborta yol vermiş qadınlara cinayət məcəlləsi ilə cəza tətbiq edilməlidir.

Trump ailəsi
Trump ailəsi

Bu çıxışın ardınca, dediklərini nə qədər malalamağa çalışsa da, Trump əksəriyyəti inandıra bilməyib. Tərs kimi bu arada Trump öz seçki kampaniyasının meneceri Corey Lewandowski-nin müdafiəsinə qalxıb.

Məsələ burasındadır ki, Lewandowski-nin barəsində cinayət işi açılıb. Buna səbəb onun Breitbart News şəbəkəsinin keçmiş müxbiri Michelle Fields-ə qarşı fiziki zorakılığa əl atması olub. Donald Trump bu məsələdə öz kampaniya direktorunu müdafiə edərək deyib ki, qadın jurnalist insidenti qərəzli şəkildə şişirdib.

Media diqqəti həm də belə bir məqama yönəldir ki, bu hadisələrdən az əvvəl Trump və Cruz arasında öz arvadları ilə bağlı xoşagəlməz söz müharibəsi başlanmışdı.

National Enquirer-də dərc edilmiş bir məqalədə Cruz-un xanımı Heidi-nin nikahdankənar əlaqədə olduğu iddia edilmişdi.

Cruz xanımının ona sədaqətsiz olması barədə söz-söhbəti zir-zibil yığını adlandırmışdı.

O bu məqalənin arxasında respublikaçı rəqibi Trump-ın dayandığını bəyan etmişdi.

Baily yazır ki, məhz belə bir məqamda Cruz Trump-ın qadınlarla bağlı səhvlərini onun özünə qarşı silaha çevirməyi qərara alıb.

Viskonsin qadınları

O gələn həftə Viskonsində keçiriləcək praymeri ərəfəsində ümid edir ki, başlatdığı #NeverTrump hərəkatı mülkiyyət maqnatının müzəffər yürüşünü dayandıracaq.

Cruz öz çıxışlarında Trump-ın qadınlarla bağlı bütün xoşagəlməz mülahizələrini yada salır. Bunların arasında Trump-ın şəxsən dəfələrlə təhqir etdiyi Fox News müxbiri Megyn Kelly ilə bağlı qalmaqal da var.

Viskonsin qubernatoru Scott Walker də Ted Cruzu dəstəkləyir
Viskonsin qubernatoru Scott Walker də Ted Cruzu dəstəkləyir

“Bizə ortalığa çirkab gətirən prezident lazım deyil” – deyir Cruz son çıxışlarında.

Media xəbərlərində deyilir ki, qadın məsələsinin Trump kampaniyasında ən zəif yer olduğunu onun prezidentliyinə qarşı olan başqa nüfuzlu respublikaçılar da bilirlər.

Onların fikrincə, ABŞ seçkilərində qadın elektoratı həlledici rol oynaya bilər.

2012-ci ildə qadınlar bütün elektoratın yarısını təşkil edirdilər və onların çoxu Mitt Romney-ə qarşı yarışan Obama-nı dəstəkləyirdi.

Son rəy sorğuları Trump-ın vəziyyətinin düşünüldüyü qədər də yaxşı olmadığını söyləməyə əsas verir.

Sənin anan varmı?

Milyarder namizədin reytinqi, xüsusilə də qadın seçicilər arasında aşağı düşməyə başlayıb. Reytinq daha da düşməkdə davam edir.

Bəli, o indi özünü “güclü qadın” obrazları ilə əhatələyib. Qoy Trump-ın cavabını onlar versinlər.

CNN-nin martın 24 açıqladığı rəy sorğusunun nəticələrinə görə, qadınların 73 faizi Trump-a mənfi yanaşdığını bildirib. Halbuki, hələ martın 17-də açıqlanmış rəy sorğusu nəticələrində qadınların 50 faizi Trump-a son dərəcə mənfi münasibət bəslədiyini bildirmişdi.

Növbəti və müəyyən mənada həlledici praymerinin keçirləcəyi Viskonsin ştatında qadın seçicilərin 76 faizi Trump-ın namizədliyi əleyhinə olduğunu bildirib.

Buna görədir ki, Cruz hazırda qadın seçicilər arasında Trump-ı 39 – 24 faiz hesabı ilə qabaqlayır.

Ümumilikdə isə, Ted Cruz Trump-dan 10 bal irəlidədir.

Üstəlik əvvəllər qadın elektorat arasında çox da xoşlanmayan Cruz taktikasını dəyişib. O anasını kampaniya mitinqinə gətirməsinin səbəbini də çox bədii bir şəkildə təsvir edib.

Deyib ki, başı seçkiyə qarışdığından anasının xətrinə dəyib. Onunla danışmağa belə vaxtı olmurmuş və günlərin bir günü anasından eşidib: “A bala sənin anan varmı? Yoxsa səni canavarlar böyüdüblər?”

Onun bu çıxışı mitinqdə sürəkli gülüşlə qarşılanıb.

Bəli, o indi özünü “güclü qadın” obrazları ilə əhatələyib. Qoy Trump-ın cavabını onlar versinlər. Axı zərif cins qüdrətli qüvvədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG