Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:32

'Soruşanda 'anam üçün, bacım üçün eləyirəm' deyirəm'


Yun çırpmaqla ailə dolandıran qadınlar (sent.2016)

Yun çırpmaqla ailə dolandıran qadınlar (sent.2016)

Çörəyi yundan çıxan qadınlar

Nar çubuğunu səliqəylə düzdükləri yunlara çırpdıqca çıxan səsdən sanki ləzzət alırlar. Çubuq yuna toxunduqca bürüşmüş yunlar açılır, yumşalır. Çubuqla açılmayan yunları barmaqlarıyla didirlər...

Bakıda yun çırpıb ailəsini dolandıran qadınlar da var.

Küləksiz havada yunları binaların həyətində süfrə kimi açırlar, işləri rahat gedir. Vay o gündən ki, külək qalxa...

Yel baba, yel baba, əlçimimi ver baba...

Bakıda yun çırpıb ailəsini dolandıran qadınlar da var.

Qabaqlar yay girəndən havalar soyuyanacan Bakıdakı həyət evlərində qadınlar günəşli havanı fürsət bilib yorğan- döşəyi açar, yununu yuyub təmizləyər, təzədən sırıyardılar. Son vaxtlar şəhərin köhnə məhəllələri bir-birinin ardınca sökülüb yoxa çıxdığından, həm də adamların çoxu içi yundan olmayan hazır yorğan-döşək aldığından bu ənənə də get-gedə itirdi. Ancaq yenə də yun çırpan, yun didən, yorğan-döşək “salan”, bundan pul qazanan qadınlar varmış.

Olub ki, anidən külək qalxıb, yunu aparıb. Alıb, üstünə qoyub.

Bu qadınlardan biri, Gülzar yun çırpıb yorğan- döşək hazırlamağa həyat yoldaşı vəfat edəndən sonra başlayıb. Deyir ki, 20 ilə yaxındır, çörəyi yundan çıxır. Səhər tezdən durub işə başlayır:

“Qədimi nənələr yaxşı bilir, yun işi ən çətin işdir. Ancaq bu sənəti sevirəm. Çünki çörəyimiz bundan çıxır. Yuyuruq, çırpırıq, sırıyırıq. Qazancımız bəzən qane eləyir, bəzən də yox. İş olanda olur, olmayanda olmur. Maydan başlayırıq, oktyabrın 15-dək işləyirik. Çörəkpulumuzu axtarmağa qışda da ayrı işin dalınca gedirik”.

Övladlarını da evləndirib

Buna da bax:​ Bakıda kənd görüntüləri- [Fotolar]

«Bu işlə zavod-fabrik bağlanandan sonra məşğul olmağa başlamışam. Kişi işləmədi...»

Gülzar deyir ki, zorən sevdiyi bu sənəti ona dolanışıq qazandırdığından, o da hər kiçik yunun qiymətini bilir. Müştərinin yorğan-döşəyi hansı çəkidə olubsa, o çəkidə də qaytarıb. Olub ki, anidən külək qalxıb, yunu aparıb. Alıb, üstünə qoyub.

Çörəyi yundan çıxan başqa bir qadın, Nurcahan da bu işə güzəranını qurmaqdan ötrü başlayıb. Yun çırpmaqla uşaqlarını da evləndirib. İndi də artıq ona doğma olan bu mövsümü işi atmaq fikrində deyil:

«Yun çırpmaqla uşaqlrımı evləndirmişəm»

“Bu işlə zavod-fabrik bağlanandan sonra məşğul olmağa başlamışam. Kişi işləmədi, 4 uşaqlı ailəyə iş tapmaq lazım idi. Mənim də əlimdən bu gəldiyindən işə başladım. Əvvəl az-az, 1994-cü ildən isə tamamilə özümü işə verdim. Uşaqlarım da böyüdü, qız da köçürtmüşəm, oğul da evləndirmişəm, nəvələrim də var. Buna da şükür”.

Günəşli havadan ötrü dua edirlər

Gecə-gündüz havanın günəşli olmasından ötrü dua edirlər.

Qadınlar böyük döşəyi 20 manata, tək döşəyi 15 manata yuyub təmizləyib təzədən sırıyırlar. Yağışlı, küləkli havada işləmirlər. Gecə-gündüz havanın günəşli olmasından ötrü dua edirlər. Deyirlər ki, bir də görürsən, bir gündə 3 yorğan, 3 döşək gəlir, bir də görürsən, heç iş olmur.

Buna da bax:​ Əsnaf etiraz edir...

Bu işə yeni başlayanlar isə müştəri toplamaq niyyətiylə “həmkarlarından” 2-3 manat aşağı qiymət qoyurlar. İki ildir, yun çırpıb pul qazanmaqla məşğul olan Validə Məmmədova deyir ki, işinə çox diqqətli yanaşmağa çalışır:

“İşimi qarajda görürəm. Ancaq hava günəşli olan kimi küçəyə çıxıram. İmkansızlıqdan bu işə başlamışam. Özüm 5-ci mərtəbədə qalıram. Gündə azı 10-15 dəfə qalxıb düşürəm. 13 nəfərlik ailəni saxlamaq elə də asan deyil. Zəmanə çətindir, fikirləşdim ki, bu işi bacarıramsa, görməliyəm. Əvvəl-əvvəl qonşulardan çox utanırdım. Soruşanda “anam üçün, bacım üçün eləyirəm” deyirdim. Sonra daha utanmadım...”

«Özüm 5-ci mərtəbədə qalıram. Gündə azı 10-15 dəfə qalxıb düşürəm».

Validə yuduğu yunları göstərib deyir ki, günəş çıxsa, iki saata quruyacaq: “Onda işi başlayıb tez də qurtararam, bu bayram günləri əlimə pul da gələr”.

...Külək əsməyə başlayanda qadınlar tez-tələsik yunları toplayır. “Allah kərimdir, sabah hava yaxşı olar” deyib ümidlə sabahın günəşli olmasını gözləyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG