Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:54

Çıxış qadağası olanların siyahısı yeniləndi


Azərbaycan manatı
Azərbaycan manatı

Vergilər Nazirliyi vergi borcunu ödəmədiyinə görə ölkədən çıxışına məhdudiyyət qoyulmuş fiziki şəxslərin, eləcə də şirkət və QHT rəhbərlərinin yenilənmiş siyahısını açıqlayıb. Siyahıda 309 nəfərin adı keçir.

Nazirliyin məlumatına görə, vergi borcu ucbatından 114 şirkət direktorunun ölkədən çıxışı yasaqlanıb. Bunların arasında 4 əcnəbi də var.

Borclular arasında tanınmış şirkət rəhbərləri var

Hərəkət azadlığı məhdudlaşdırılan bəzi şəxslər tanınmış şirkətlərə rəhbərlik edirlər. Bunlardan biri Sergey Utkindir. O, «Mars Tech» texnologiyalar şirkətinin başçısıdır. Üç pambıqtəmizləmə zavodunu özündə birləşdirən «Azərcot» MMC-nin direktoru Ramil Əsədov, tibbi avadanlıq və xəstəxanalara yataq məmulatı istehsalı ilə məşğul «Kenmak-Medikal» şirkətinin rəhbəri Elkin Həsənov da ölkədən çıxa bilməzlər.

Rəhbərlik etdiyi müəssisənin dövlətə vergi borcunu ödəyə bilmədiyindən xarici ölkələrə gedə bilməyənlər arasında Gəncədəki bir neçə açıq səhmdar cəmiyyəti («Gəncə Ət-Süd», «Gəncə Tekstil», «Gəncə Quraşdırma», «Gəncə Mebel», «Gəncə Dəyirman» və «Gəncə Sənaye Cihaz») idarə heyətinin sədrləri də var.

Vergi borcunun məbləği açıqlanmır

Qanunvericiliyə görə, gizli məlumat sayılmasa da, nazirlik xaricə çıxışı yasaqlanan şəxslərin vergi borcunun məbləğini açıqlamır.

Vergi Məcəlləsinin 30.2.5-ci maddəsinə əsasən, vergi ödənişləri üzrə borclar vergi ödəyicisinin kommersiya sirri sayılmır və onların ictimailəşdirilməsi hüquqi məsuliyyət doğurmur.

Maraqlı, amma daha çox suallı qalan bir fakt

Hesablama Palatasının 2015-ci il üçün hesabatında göstərilir ki, 14 saylı Ərazi Vergilər İdarəsi (Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayonları) 17 vergi ödəyicisinin 469,5 min manat məbləğində vergi borcunu məhkəmə hökmü olmadan silib. Palatanın auditorları müəyyənləşdiriblər ki, bu vergi ödəyicilərindən bir çoxunun vergi borcunu ödətdirməyə imkan verən əmlakı olub, amma borc silinərkən buna əhəmiyyət verilməyib.

XS
SM
MD
LG