Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:26

Çinli məktəblilərin «ölüm yolu»


Kəndirlə qalxıb-düşərkən bircə səhv belə etməyə haqqın yoxdur...

Kəndirlə qalxıb-düşərkən bircə səhv belə etməyə haqqın yoxdur...

-

Çinin cənub-qərbində Atulir adlı ucqar, kiçik bir dağ kəndi var. İndi bu kənd bütün dünyada məşhurdur. Kəndi məşhur edən isə onun təhlükəli yollarıdır. Bu kəndin uşaqlarını məktəbə aparan yol sıldırım qayalardan keçir. Özü də necə sıldırım qayalardan?

Yaşları 6-15 arasında olan 10-dan artıq uşaq hər iki həftədən bir sıldırım qayalı yollardan keçirlər. Onlar təhsil aldıqları internat məktəbinə gedib çatmaq üçün 800 metr hündürlüyündə sərt qayaya dırmaşmalı olurlar. Bunun üçün qayanın səthinə bərkidilmiş, hər biri onlarla pillədən ibarət olan 17 müxtəlif bambuk nərdivandan istifadə edirlər. Kürəklərində məktəb çantası olan şagirdlər dağların arasında yerləşən kəndlərinə çatmaq üçün hər gün 800 metrlik sərt qayalığa dırmaşırlar. Bu uşaqlar əsl alpinistləri xatırladır. Ancaq onlar alpinist yox, şagirddir. Onları alpinist eləyən isə məktəb yoludur. Olmayan məktəb yolu.

Bu kənd Siçuan əyalətinin Lyanşan Yi muxtar prefekturasında yerləşir. Kəndə getmək üçün olduqca təhlükəli yollardan keçmək lazım gəlir. Kənd sakinləri deyirlər ki, gözlərini açandan bir yerə getmək üçün həmişə bu kəndir nərdivanlardan istifadə ediblər. Bambuk kəndirlərdən hansısa işlənib yeyiləndə isə, onu yenisi ilə əvəz edirlər.

KƏNDİRİN YERİNƏ DƏMİR PİLLƏLƏR SÖZ VERİBLƏR

Ancaq rəsmilər yaxın vaxtlarda bu kəndir pillələri nisbətən az təhlükəli olan dəmir pillələrlə əvəzləyəcəklərinə söz veriblər. Onda vaxtdan-vaxta öz yetişdirdikləri məhsulları yaxınlıqdakı bazarda satmağa aparan kəndlilər üçün bu, göydəndüşmə olacaq. Ancaq verilən sözə əməl olunsa.

Kommunist Partiyasının qəsəbə təşkilatının rəhbəri Jikejingsong deyir ki, kənd üçün ən vacib məsələ yoldur: «Yol məsələsi həll olunsa, kənd üçün yeni iqtisadi və turizm imkanları açılar».

Amma dəmir pillələr də məsələnin müvəqqəti həllidir. Regional hökumətin nəqliyyat, təhsil və ətraf mühit idarələrinin nümayəndələrindən ibarət 50 nəfərlik heyət ötən həftə kəndə baş çəkib. Ərazi üçün çox müşkül məsələ olsa da, yeni yol çəkmək planından da danışıblar.

Atulir kəndinin sakinləri Yi milli azlığına mənsubdurlar. Onlar palçıq, qamış və taxtadan tikilmiş daxmalarda yaşayırlar. Əslində, Çində milli azlıqların çoxu bu cür həyat şəraitində yaşayırlar.

KƏNDİR NƏRDİVANLARLA QAYAYA 2 SAATA DIRMAŞIRLAR

Sözügedən kəndin sakinlərinin «China Daily» qəzetinə dediklərinə görə, kəndir nərdivanlarla qayaya 2 saata dırmaşa bilirlər. Aşağı enmək nisbətən az vaxt aparır – saat yarım.

Kimsə əldən düşüb yolunu davam etmək üçün heyi qalmayanda, onu başqa birisi belinə bağlayır. Həmin adamı daha iki həmkəndlinin yardımı ilə aşağı düşürürlər.

Kənd başçısı Api Jiti-nin dediyinə görə, indiyədək bu yolu qalxıb-düşərkən 7-8 adam yıxılıb ölüb. Xeyli adam isə bu ölüm saçan yolda xəsarət alıb.

Fotoqraf Chen Jie üç gün kəndlilərlə yaşayıb. Onların «ölüm yolu» ilə gediş-gəlişini lentə alıb. Onun «The Guardian» qəzetinə söylədiyinə görə, kəndirlə qalxıb-düşərkən bircə səhv belə etməyə haqqın yoxdur. Çünki kiçik bir səhv sonu görünməyən dərəyə yuvarlanmağınla nəticələnər.

Chen Jie deyir ki, Atulir kəndində yaşayan uşaqlarla ilk dəfə qarşılaşanda şoka düşübmüş. Kəndlilərlə 3 gün keçirən fotoqraf deyir ki, onların yaşayışı acı həqiqətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG