Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:27

İş yeri çimərlikdə olanlar - fotolarla güzəran söhbəti


Azerbaijan -- Baku beaches, 17Aug2016

Azerbaijan -- Baku beaches, 17Aug2016

“Yay kasıbın ayıdır. Dəniz də mənim iş yerim...” Əlindəki qaynadılmış qarğıdalı dolu vedrəni yerə qoyub alnının tərini silir. Novxanı çimərliyində dəniz sahilində o baş, bu başa getməkdən isti hava onu birtəhər edib. Ramiz deyir ki, ali təhsillidir, işi də var. Məzuniyyət götürüb burda keçirir.

Qarğıdalıları satıb qurtarandan sonra, ya görəndə ki, müştəri yoxdur, özü də çox yorulub, onda dənizə baş vurub sərinləyir:

Novxanı çimərliyində qarğıdalı satan Ramiz

Novxanı çimərliyində qarğıdalı satan Ramiz

“Dövlət işində işləyirəm, 300 manat maaş alıram. Ona görə burda qarğıdalı satıram. Bura ailəmi saxlamaq üçün gəlirəm. Qazancım gündəlik 5 manat, 10 manat olur. Bir də görürsən, heç alan olmur, qalır üstümdə. Onda aparıram evdə yeyirik, qonşudakı uşaqlara verirəm. Dənizdə ən çox həftəsonları adam çox olur. Ara günlər nisbətən azalır. Bu qarğıdalıları özüm alıb təmizləyirəm. Gigiyenik, təmizdir. Heç kim də narazı deyil. Qiyməti də ki, baxıram, imkanlı adama bir manata satıram, kasıblara 50 qəpiyə”.

Ramiz deyir, müştərilərin imkanlı, ya da kasıb olmasını gəldikləri nəqliyyat növü ilə müəyyəmləşdirir. Deyir, kasıblar dənizə avtobusla, imkanlılar maşınla gəlir.

Çimərlikdə pambıq satan Vüsal

Çimərlikdə pambıq satan Vüsal

***Bunlara da baxın:
- Rafiq Əliyev: 'Gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam'
- Nardaran işində: 'Cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər'

Şirin pambıqdan qalan 30 qəpik
Dəniz sahilində şirin pambıq satan Vüsal isə sahildə dincələnlərin arasında gəzib dolaşır. 35 yaşı var, illərdir işsizdir. Güzəranını şirin pambıq satmaqla təmin etməyə çalışır. Çünki başqa gəliri yoxdur:

“Bunları 70 qəpiyə alıb, 1 manata satıram. Mənə 30 qəpik qalır. Səhərdən axşama qədər burda otururam. 4-5 manat qazanc ola, olmaya”.

Elə söhbət eləyən vaxt da alıcısı yox idi. Ona görə də yorğun, kədərli gözlərini dənizə dikib sakit-sakit müştəri gözləyir.

Çimərlikdə qumla masaj

Çimərlikdə qumla masaj

Qumla masaj, sərin quyu suyu...
Suyun içində iki qadının şən səsi dalğaların səsinə qarışır. Qadınlar deyir ki, burda “doktor Tanya”nı tanımayan yoxdur. Tanya ixtisasça həkim olduğunu, işləmədiyini, dəniz sahilində massajla pul qazandığını deyir. Ancaq qadınları massaj edir:

“Olub ki, kişilər də istəyir. Ancaq mən qadınları massaj edirəm. İşim xoşuma gəlir, arada dənizə də girib çimirəm”.

“Sərin su” deyə səslənən məktəbli Əkbər isə yaxınlıqdakı Novxanı kəndində yaşayır. Su qabının boşalmasına az qalmış qardaşı gedib quyudan doldurub gətirir. Stəkanı 10 qəpiyə satır:

“Adam çox olanda qabım tez boşalır, ən çox 5 manat qazanıram”.

Əkbərin sözlərinə görə, onun müştəriləri bilir ki, satdığı təmiz quyu suyudur. Həm də qazancının bir hissəsinə birdəfəlik plastik stəkanlar alır. Ona görə gəlirini hər stəkandan 10 qəpik yox, 5 qəpikdən hesablayır. Qazancına isə məktəb ləvazimatları alacağını söyləyir.

Çimərlikdə xırdavat satan Bakı sakini

Çimərlikdə xırdavat satan Bakı sakini

Balqılar küsüb, tora gəlmirlər...
Dənizdə çimməkdən ötrü xüsusi şarlar satan Əlinin isə başı qarışıqdır. Deyir danışmağa vaxtı yoxdur, çünki kürəyində satılası çox mal var.

Kiçik atla uşaqları gəzdirən yaşlı kişi də iş başındadır, o da danışmaqdan yayınır. Çimərlikdən kənarda tilov atıb balıq gözləyənlər də var. Sabir kişi deyir ki, balıq da onlardan küsüb, tora gəlmir:

“Dünəndən bu yana balıq yoxdur. Olanda da tək-tük. O qabaq idi, indi balıq da bizdən qaçır”.

Ancaq Sabir kişi deyir ki, 2-3 kilo balıq tutduğu vaxt da olur.

Novxanı çimərliyi

Novxanı çimərliyi

***Bunlara da baxın:
- Türkiyədə və Azərbaycanda istirahət yerlərinin əsas fərqləri (Fotolar)​
- Şıx və Antalya çimərliyinin fərqi (Fotolar)​

“Lodkə” dartan, qocaların “xilaskarı”
Dənizdə balıqçılara kömək üçün qayıq dartan da var. Onun da qazancı bundan çıxır:

“Kasıbçılıqdır, “lodkə” dartıram. Mənim də işim budur”, deyib gülümsünür.

Peşəkar üzgücü olduğunu deyən başqa bir gənc işinin maraqlı tərəflərindən danışır. Deyir, şəhərdə tanıyanlar yaşlı valideynlərini ona qoşur. O da dənizdə onlara nəzarət edir, batmaqlarına imkan vermir:

“Mənim işimə çox ehtiyac var. Hər şey yaxşıdır, işimi yaxşı görürəm. Olur ki, qocalar az qalır batsınlar, onları qoruyuram”.

“Xilaskar” gənc gündəlik gəlirinin ona bəs etdiyini deyir.

Yay bitincə, iş də olmayacaq
“Güzəran” Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Qadir İbrahimli, adətən, dənizdə bu cür mövsümi işlərlə məşğul olan işsizlərin çox qazanmadığını vurğulayır:

“Gəliri dolanışığına yetməyən adamlar daima alternativlər axtarır. Bunlar mövsümü işlərdir, böyük gəlirlərdən söhbət gedə bilməz. Sadəcə, adamlar minimal dolanışıq xərclərini çıxartmaq istəyirlər. Bu işlər yay mövsümi ilə bağlıdır, yay bitəndən sonra həmin işlər də olmayacaq. Həmin adamlar da yenə işsiz olacaq”.

Xəzər isə, qarğıdalı satan Ramiz demişkən, onları işsiz qoymur, müvəqqəti də olsa...

Günün bütün mövzuları

XS
SM
MD
LG