Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:52

Çin dollar milyarderlərinin sayına görə ABŞ-ı ötüb


Prezident Barack Obama və Alibaba şirkətinin banisi Jack Ma APEC təşkilatının sammitində
Prezident Barack Obama və Alibaba şirkətinin banisi Jack Ma APEC təşkilatının sammitində

Şanxaydakı Hurun araşdırma firmasının dərc etdiyi reytinqə görə indi Çində Amerika Birləşmiş Ştatlarında olduğundan daha çox dollar milyarderi yaşayır. Üstəlik reytinqdən görünür ki, iki ölkə arasında bu sahədə fərq artmaqda davam edir.

Çində şəxsi sərvəti 1 milyard dollardan artıq olanların sayı 594 nəfərdir, ABŞ-da isə hazırda 535 milyarder var.

Hurun reytinqi 18 ildir ki, hər il açıqlanır və jurnalistlərin diqqətini çəkir.

Onu bəzən Amerika jurnalı Forbes-un Çin analoqu hesab edirlər.

Çin superzənginlərinin siyahısında birinci yeri daşınmaz mülkiyyət biznesi və kino prokatı ilə məşğul olan Dalian Wanda şirkətlər qrupunun rəhbəri Van Tsyanlin tutur. Onun şəxsi sərvəti 32, 1 milyard dollar olaraq göstərilib.

Dalian Wanda dünyada ən iri kinoteatr operatorlarından biri sayılır. Şirkət təkcə Çin filmlərinin prokatı ilə məşğul olmur, o həm də Avstraliya və ABŞ-da geniş biznes əlaqələrinə malikdir.

Bu ilin əvvəllərində Dalian Wanda Amerikanın Legendary Entertainment kinostudiyasını 3, 5 milyard dollara alıb.

Siyahının ikinci pilləsində internet ticarəti ilə məşğul olan Alibaba şirkətinin yaradıcısı Jack Ma-dır. Onun 30, 6 milyard dolları var.

Hurun saytında qeyd olunur ki, Ma-nın kapitalı ötən il ərzində 41 faiz artıb.

Üçüncü yeri Tencent telekommunikasiya holdinqinin başçısı Pony Ma tutur. Onun sərvəti 24, 6 milyard dollardır.

Baoneng investisiya qrupunun dördüncü yeri tutan rəhbəri Yao Çenxua 17, 2 milyard dollara sahibdir. Həm də onun sərvəti bir il ərzində 820 faiz artıb.

Çin milyarderlərinin əksəriyyəti Pekində yaşayır, lakin Şencen, Şanxay və Xancouda yaşayanları da var.

Bu ilin əvvəllərində Hurun planetin ən zəngin adamlarının siyahısını dərc etmişdi. Bu reytinqdə ilk dəfə olaraq Çin milyarderlərinin sayı ABŞ milyarderlərindən çox olmuşdu, lakin onlardan heç biri superzənginlərin ilk iyirmiliyinə daxil ola bilməmişdi.

Forbes jurnalının siyahısına görə planetin ən zəngin insanı Microsoft şirkətinin banisi Bill Gates-dir. Onun 75 milyard dolları var.

İkinci yerdə gələn Zara Amancio Ortega 67 milyard dollara sahibdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG