Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:52

Çernobıl ləğvediciləri indi haradadır?..


St.Petersburg-da Çernobıl faciəsinin xatirəsi anılır
St.Petersburg-da Çernobıl faciəsinin xatirəsi anılır

Bu vaxta qədər dünyada baş vermiş ən ağır nüvə qəzasının nəticələrinin ləğvi üçün Çernobıla atom elektrik stansiyasına göndərilmiş ləğvedicilərin sayı rəsmi statistikaya görə 600.000 nəfər olub. Onların arasında adi vətəndaşlar, ehtiyatda olan hərbçilər və hərbi heyət olub.

1986-cı ilin aprelində dörd nüvə reaktorundan birində baş vermiş partlayışdan sonra bu insanlar Sovet İttifaqının hər yerindən səfərbər olunaraq qəza zonasına göndərilmişdi.

Ləğvedicilərə demək olar heç bir avadanlıq verilməmişdi. Onların vəzifəsi qəzanın Ukrayna, Belarus və Rusiyanın geniş ərazilərinə yayılmış nəticələrinin aradan qaldırılması idi.

Həmin insanlar bu vəzifəni yerinə yetirmək üçün heç bir təlim görməmişdilər. Ancaq onlar radiasiyanın daha da yayılmasının qarşısının alınmasında habelə çox sayda insanın həyatının xilas edilməsində böyük rol oynamışdılar. Alovun söndürülməsində, kütləvi evakuasiyanın həyata keçirilməsində, yod həblərinin paylanmasında onların rolu əvəzsizdir. Ləğvedicilər aylarla qəza zonasında qalaraq dağılmış reaktorun üzərində beton sarkofaq tikdilər. Bu, qəza sonasının 30 metr diapazonunda yerləşən ərazini qorumaq üçün edilirdi.

Ukrayna, Çernobıl ləğvediciləri şərəfinə qoyulmuş çələng, 26Apr2016
Ukrayna, Çernobıl ləğvediciləri şərəfinə qoyulmuş çələng, 26Apr2016

633-cü briqadanın tərkibində əraziyə cəlb olunmuş Sergiy Melnik qəza zonasına hadisədən 12 həftə sonra gəlib və 48 gün burada qalıb. O deyir ki, dəstə üzvlərinin görüləcək işdən xəbəri yox imiş.

Onun sözlərinə görə yoldaşları arasında könüllü, borc hissindən gələnlər də olub. Ancaq onların hamısı öz həyatlarını riskə atıblar. Melnik deyir ki, sovetlərin dezinformasiyası da bu işdə mühüm rol oynayıb. Hətta qəzadan bir il sonra da təmizləmə işinə qoşulanlar arasında bunun nə dərəcədə təhlükəli bir iş olduğunu bilməyənlər var imiş.

Konstantin Qonçarov könüllü gələnlər arasında olub. O, 1987-ci ildə vətəni Simferopoldan Çernobıla gələndə özünü necə bir riskə atdığı barədə xəbərsiz imiş.

«Mən vəziyyətin nə qədər pis olacağın bilmirdim. Mən sadəcə olaraq necəsə kömək etmək istəyirdim. ...Bəli, mən indi kənardan sağlam görünürəm, ancaq içəridə çoxlu problemlər var», Qonçarov deyir. Onun dəstəsində olan ləğvedicilərin əksəriyyəti ya artıq dünyasını dəyişib, ya da xəstədir.

Bu insanların vəziyyətin ağırlığı barədə məlumatsız olması bilavasitə sovet hakim dairələrinin yaydığı dezinformasiyanın nəticəsidir.

Yaxın vaxtlara qədər Ukraynanın elm və təhsil naziri olmuş Sergiy Kvit deyir ki, sovet mətbuatı insanlara israrla hər şeyin normal olduğu və heç bir təhlükənin olmadığı mesajını verirdi.

Ancaq 49 yaşlı İrina Jukova deyir ki, xalq heç nə bilməsə də tezliklə şayiələr yayılmağa başlayıb, çünki ləğvedici olmaq üçün səfərbər edilən əsgərlərin sayından ciddi bir şeyin baş verdiyini bilmək olurdu.

«Biz radiasiyanın nə olduğunu bilmirdik və biz fəlakətin nəticələrini aradan qaldırmağa başlamış ilk dəstə idik», deyə o zaman əsgər olmuş 51 yaşlı Mixaylo Averşin xatırlayır.

Averşin deyir ki, bu insanlar baş verənlər barədə o dərəcədə məlumatsız idilər ki, hətta ərazidən bəzi əşyalar götürməyə çalışırdılar.

Kimi sonradan metal tullantısı kimi satmaq üçün maşın, kimi də tərkedilmiş evlərdən qızdırıcı batareyaları kəsib götürürmüş.

Ukrayna Prezidenti Petro Poroshenko Çernobıl faciəsi qurbanlarının anım tədbirində, April 26,
Ukrayna Prezidenti Petro Poroshenko Çernobıl faciəsi qurbanlarının anım tədbirində, April 26,

«Əslində isə onlar öz həyatlarının bir neçə on ilini kəsmişdilər», deyə Averşin əlavə edir.

Onların başçıları isə ya özləri kimi vəziyyət barədə məlumatsız idilər, ya da tabeliklərində olan insanların sağlamlığı onları maraqlandırmırdı.

633-cü batalyonun tərkibində olmuş Vasil Romanov bunları deyir: «Biz ora çatanda əlimizdə ancaq döşəməsi olmayan çadır var idi və biz yerdə yatırdıq. ...Komandirlər bizə dedilər ki, altımıza sərmək üçün bir az saman götürək. Bu gülməli idi».

Batalyonun başqa bir üzvünün gələrək göstərdiyi şəkildə əsgərin üzündə balaca tibbi maskaya oxşayan maska var. «Bax bu bizim müdafiəmiz idi», o deyir.

Rəsmi statistikaya görə qəza səbəbindən ölənlərin sayı onlarla ölçülür. Ancaq qəzanın törətdiyi onkoloji və başqa xəstəliklərdən ölənlərin sayı mübahisəlidir.

BMT-nin 2005-ci ildə dərc etdiyi hesabatda yalnız 50 nəfər qəza nəticəsində birbaşa radiasiyaya məruz qalaraq həyatını itirib. Ancaq ləğvedicilər, evakuasiyanı həyata keçirənlər və şüalanmaya məruz qalmış ərazilərin sakinləri arasında 4000-ə qədər ölüm halının olduğunu ehtimal etmək olar.

Greenpeace isə BMT-nin hesabatını sərt şəkildə tənqid edir və Çernobıl fəlakəti nəticəsində təkcə 1990 və 2004-cü illər arasında 200.000 nəfərin öldüyünü bildirir. Greenpeace bildirir ki, şüalanmanın digər çoxsaylı təsirləri arasında vaxtsız yaşlanma və psixoloji pozuntular da var.

Ukraynanın Səhiyyə Nazirliyi isə Çernobıl fəlakətindən qaynaqlanan xəstəliklər nəticəsində hər il 20.000 insanın öldüyünü iddia edir.

Rəqəmlər dəqiq olmasa da bir şey dəqiqdir ki, ləğvedicilər dövlətin onları tərk etdiyini hiss edirlər.

Ləğvedicilərin arasında hər hansı səbəbdən rəsmi statusunu itirmiş, sonradan bərpa etməyə çalışanlar və buna nail olanlar da var. Ancaq dövlətin ödədiyi kompensasiya nə itirilmiş həyatları, nə də itirilmiş sağlamlığı geri qaytara bilər.

XS
SM
MD
LG