Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:47

'Analoqsuz inkişaf'dan 'qənaət ili'nə…


İlham Əliyev Ağdamda
İlham Əliyev Ağdamda

Dövlət başçısının cəbhə bölgəsinə səfəri, Tarif Şurasının enerjidaşıyıcıların qiymətinin artırılması ilə bağlı qərarı ətrafında müzakirələr, iqtisadi böhran və mənzil bazarında durum bu gün medianın aparıcı mövzusudur…

CƏBHƏ BÖLGƏSİNƏ SƏFƏR- VƏTƏNDAŞA QAYĞI

«Azərbaycan» qəzetində «Cəbhə bölgəsində yaşayan əhali ölkə başçısının güclü dəstəyini və qayğısını daim hiss edir» sərlövhəli məqalədə prezident İlham Əliyevin Ağdam, Tərtər rayonlarına bu günlərdəki səfərindən bəhs edilir.

Müəllif yazır ki, bu səfər həm cəbhə bölgəsində insanların əhval-ruhiyyəsini yüksəldir, həm də dövlət başçısının liderlik xüsusiyyətlərini üzə çıxarır.

Məqalədə deyilir ki, bu ilin aprelində cəbhədə baş verən döyüşlər nəticəsində Ağdam və Tərtər rayonları sakinlərinin şəxsi əmlaklarına, təsərrüfatlarına böyük ziyan dəyib. Həmin ziyanın aradan qaldırılmasından ötrü dövlət başçısı İlham Əliyev bu rayonların hər birinə 3 milyon manat vəsait ayırıb.

Müəllif qeyd edir ki, dövlət başçısı budəfəki səfərində təmir-bərpa işlərinin gedişi ilə maraqlanıb: «O vaxt burada evlər dağılmışdı, mənzərə çox acınacaqlı idi. Bu gün isə 7 ay keçəndən sonra artıq yeni tikilmiş evə baxırıq. Azərbaycan dövləti qısa müddət ərzində lazım olan bütün tədbirləri görüb. Təkcə Ağdam rayonunda 700-dən çox ev yenidən tikilib, əsaslı bərpa edilib və cari təmir işləri aparılıb».

Məqalədə vurğulanır ki, Ağdam, Tərtər rayonlarında Ermənistan silahlı qüvvələrinin dağıtdığı evlərin yerində cəmi yeddi ay ərzində yeni evlərin inşası, ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ölkə vətəndaşlarına göstərilən diqqətin daha bir nümunəsidir.

Büdcəni doldurmağın yolu. Karikatura
Büdcəni doldurmağın yolu. Karikatura

BÖHRAN- HÖKUMƏTİN YARITMAZLIĞI

Azadliq.info-da dərc edilən «Bahalığa vəkillik edənlər» sərlövhəli məqalədə Tarif Şurasının enerjidaşıyıcıların və dərmanların qiymətinin qaldırılması ilə bağlı qərarı ətrafında gedən müzakirələr dəyərləndirilir.

Müəllif yazır ki, bu qərar bir növ hökumətin vətəndaşa tərs silləsi oldu: «Həm də budəfəki artım 5-10 faizlə yekunlaşmadı. Qazın qiymətinin 100, işığın qiymətinin 57 faiz artırılması yaralı vəziyyətdə olan vətəndaşa ölüm gülləsinin vurulması idi».

Yazıda qeyd edilir ki, ölkə böhran içindədir. Böhranın başlıca səbəbi də hökumətin yarıtmazlığıdır.

Müəllifin fikrincə, hökumət yarıtmazlığını etiraf etmək əvəzinə, bu bahalığı vətəndaşın boynuna minnət kimi qoyur. Yazıda qeyd edilir ki, rəsmi KİV-lərdə Tarif Şurasının qərarı hökumətin əhalinin aztəminatlı hissəsinə sosial qayğısı kimi dəyərləndirilir: «Bu qədər absurd açıqlamalar verilirsə, deməli, vətəndaşı dəyərsiz əşya hesab edirlər, onun susqunluğunu görüb, hücuma keçiblər».

Yazıda vurğulanır ki, 2.5 milyon insan kredit borcu ödəyir, on minlərlə insan Avropa ölkələrinə mühacirət edir, hər gün 2-3 nəfər canına qıyır: «Bu qədər zəngin ölkə vətəndaşına «yoxsulluğa öyrəşin» mesajı verən hökumət dərhal istefaya getməlidir. Çünki, Azərbaycanda yaşananlar təbii fəlakət deyil, hökumət komandasının yaratdığı fəlakətdir».

Müəllif yazır ki, deputatlar əhalini qənaət rejiminə öyrəşməyə çağırır. Başqa tərəfdən isə gələn il keçiriləcək idman yarışlarına 100 milyonlarla pul ayrılır. Yazıda vurğulanır ki, bu, ən böyük israfçılıqdır: «23 il gecə-gündüz «dünya bizə paxıllıq edir», «bizim öz yolumuz var», «böhran bizə təsir edə bilməz», «analoqsuz inkişaf edirik» dedilər. İndi isə «vəziyyət pis olacaq», «hökumətdən heç nə istəməyin», «yoxsul yaşamağa öyrəşin» deyirlər. Yəqin ki, 2017-ci ilə də «Qənaət ili» adı verəcəklər. Bunu da hökumətin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirəcəklər».

Əkrəm Həsənov
Əkrəm Həsənov

İNKİŞAF NAĞILININ SONU

«Exo» qəzetində dərc edilən «Göstərmək istəyirdilər ki, bütün dünya tənəzzül edir, Azərbaycan isə tərəqqi» sərlövhəli məqalədə ölkədə sosial - iqtisadi vəziyyət ekspert Əkrəm Həsənovla dəyərləndirilir:

«2017-ci il Azərbaycan üçün çətin il olacaq, manat dəyərdən düşməkdə davam edəcək, valyuta ehtiyatları isə daha da azalacaq», -deyə Ə.Həsənov qəzetə bildirib.

Ekspertə görə, ölkənin böhrana düşməsinin səbəbi heç də yalnız neftin ucuzlaşması deyil. O, ölkənin son illərdəki durumunu gözlənilmədən xəzinə tapan insanın durumu ilə müqayisə edir: «Uzun müddət ancaq bu xəzinə hesabına dolanır, amma inkişaf barədə düşünmür. Təhsil almağa və ya iş qurmağa cəhd etmir, çünki əlindəki vəsait yetərlidir. Amma günlərin birində bu kapital yetərsiz hala gəldi».

Ə.Həsənovun fikrincə Azərbaycan hökumətinin rəsmiləri öz səhvlərini görmək əvəzinə bütün dünyanı ittiham edir: «Azərbaycan məmurları, hökuməti məhz belə mövqe bildirirlər. Əgər neft dəyərdən düşməsəydi, bütün dünya Rusiyadan üz döndərməsəydi, yəni qlobal böhran baş verməsəydi, Azərbaycan dəbdəbəli həyatını sürəcəkdi. Amma hər şeyin bir sonu var, bu, sadəcə bir zaman məsələsi idi».

Ə.Həsənov deyib ki, hökumətin indiki ağır durumdan çıxmasından ötrü heç dəqiq planı da yoxdur. Hələ ki, atılan addımlar isə müsbət nəticələr vermir.

Mənzil
Mənzil

KİRAYƏ EVLƏR BAHALAŞACAQ

Musavat.com-da «Mənzil bazarında bahalaşma gözlənilmir» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif ölkənin mənzil bazarındakı durumu Tarif Şurasının noyabrın 28-də qazın və elektrikin bahalaşması qərarı fonunda araşdırır. Bu qərarın mənzil bazarında qiymətlərə təsirini öyrənir.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Həsənov qəzetə mövcud vəziyyəti belə izah edib: «Daşınmaz əmlak bazarında qiymətlər azalan istiqamətdədir və bu tendensiya bundan sonra da davam edəcək».

R.Həsənov deyib ki, hazırda daşınmaz əmlak bazarında aktivlik kəskin surətdə azalıb. Bu isə qiymətlərin artımına imkan vermir.

R.Həsənova görə, Mənzil İnşası Dövlət Agentliyinin sosial mənzillərin inşasına başlamasının bazara öz təsiri olacaq: «Hazırkı şərtlər daxilində kommunal xidmətlərin və digər sahələrdə bahalaşmadan asılı olmayaraq hesab edirəm ki, 2017-ci ildə də mənzillərin qiymətləri düşməkdə davam edəcək».

Ekspert bununla belə, kirayə və icarə qiymətlərinin artmasını istisna etmir. O qeyd edir ki, Azərbaycanda kirayə evlərdə kommunal xərcləri, əsasən, ev sahibləri ödəyir. Kommunal xərclərin artması kirayə evlərinin bahalaşmasına səbəb ola bilər.

XS
SM
MD
LG