Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:06

Çernobıl əlili 30 il əvvəli necə xatırlayır?..


Minskdə Çernobıl faciəsinə həsr olunmuş anım tədbiri, 26Apr2016

Minskdə Çernobıl faciəsinə həsr olunmuş anım tədbiri, 26Apr2016

«Onda hərbi xidmətdəydim. Bizi yığıb aparanda hara gedəcəyimizi deməmişdilər. Çünki o vaxtı bu haqda heç kimə məlumat vermirdilər».

Azərbaycanlı Çernobıl əlili Vüqar Xəlilov 1986-cı ilin aprelin 26-da Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanı 30 il sonra belə xatırlayır.

Vüqar Xəlilov Çernobılda 6 ay qalıb. Bakıya qayıdanda ona şüalandığını deyiblər.

Bundan sonra birinci qrup əlillik dərəcəsi alıb. İndi o ayda 160 manat əlilliyə görə təqaüd, 142 manat da prezident təqaüdü alır. 302 manata yaşamaq ağır olduğundan işləmək istəyir. Ancaq ona iş yoxdur:

«İşləmək istəyərdim, ancaq harda? Mənim kimilərə iş yoxdur».

«Kurorta göndərilirlər, onlara ev, maşın verilir»

1993-cü ildə Azərbaycanda «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Qanun qəbul edilib.

Qanuna görə, Çernobıl AES-də hərbi xidmətlə bağlı əlil olan 2 min 864 nəfər Azərbaycanda müharibə əlillərinə bərabər tutulan şəxslər hesab edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyir ki, Çernobıl əlillərinə əlilliyə görə sosial müavinət və əmək pensiyası ilə yanaşı, prezidentin aylıq təqaüdü də ödənilir:

«Həmin qəzanın ləğvi zamanı əlil olan 1730 nəfər aylıq sosial müavinət və əlilliyə görə əmək pensiyası, bu kateqoriyadan olan və əmək pensiyası almaq hüququ olmayan 1-ci qrup əlillərə isə əlilliyə görə sosial müavinətlə bərabər prezident təqaüdü də verilir».

Nazirlik mətbuat xidməti bildirir ki, Çernobıl əlillərinin müalicəsinə ildə bir dəfə birdəfəlik müavinət verilir, onlardan 1 və 2-ci qrup əlillərin 16 yaşına qədər 878 nəfər övladının aylıq sosial müavinətlə təminatı da həyata keçirilir.

«Ötən dövrdə 200 nəfərə yaxın Çernobıl əlilinə mənzil, 2014-cü ilin yanvarın 1-ə qədər növbədə olan bütün Çernobıl əlillərinə isə maşın verilib. Onların kurort putyovkaları, tibbi-sosial realbitasiya xidmətləri təminatı sahəsində işlər görülür».

Çernobıl əlili Vüqar Xəlilov deyir, ona maşın verilməyib, dərmanlarını isə özü alır.

«Dərmanlar ağrılardan asılıdır. Elə olur, ayda 50, elə də olur 100 manatlıq dərman alıram. Nə güzəşt edən var, nə də dərman verən. Pulsuz dərman vermirlər».

Çernobıl əlilinin övladına 12 manat müavinət

Vüqarın bir övladı da var. Deyir radiasiya izləri uşaqda da özünü göstərib, əsəb xəstəsidir. Çernobıl əlilinin övladı kimi isə dövlət uşağına ayda 12 manat verir.

Kurortda dincəlməyə gəldikdə, Vüqar bu 30 ildə cəmi bir dəfə istirahətə gedə bilib:

«Cəmi bir dəfə kurorta göndərdilər. Onu da nə qədər şikayətdən sonra. Nabrana istirahət mərkəzinə göndərdilər. Bundan sonra kurort görməmişəm».

2 min 500-dən çox Çernobıl əlili vəfat edib

«Asif Bayramov 1968-ci ildə anadan olub, 2006-cı ildə qaraciyər serozundan vəfat edib. Vüqar Əsədov 1967-ci ildə anadan olub, 1993-cü ildə ağciyər serozundan vəfat edib. İqbal Cabbarov 2004-cü ildə ürək mərkəzinin iflicindən vəfat edib...»

Çernobıl Əlillər Cəmiyyətindən AzadlıqRadiosu-na verilən məlumata görə, 30 il ərzində azərbaycanlı çernobılçılardan 2 min 500-dən çoxu, onların 2 mindən çox övladı vəfat edib. Qalan uşaqlara isə müxtəlif dərəcələrdə əlillik dərəcələri verilib. Yaşayanların çoxu yataq xəstələridir. Çernobılçıların hamısı 1 və 2-ci dərəcəli əlillərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG